• şənbə, 20 Aprel, 12:32
  • Baku Bakı 23°C

Dərslər sentyabrın 15-i başlayacaq?

16.07.20 10:45 2491
Dərslər sentyabrın 15-i başlayacaq?
Təhsil çox önəmlidir, amma...
Hazırda ölkədə xüsusi karantin rejimi davam edir. Epidemioloji vəziyyət hələ ki, qənaətbəxş deyil. Bu da yeni tədris ilinin sentyabr ayında başlanması məsələsini sual altında qoyur.Məlumdur ki, mart ayından etibarən məktəbdən ayrı düşən şagirdlərimiz distant təhsillə tədris ilini başa vurublar. Təbii, onlayn təhsil ənənəvi təhsil qədər effektiv deyil. Bu səbəbdən, əksər valideynləri düşündürən əsas məsələ dərslərin sentyabrda başlayıb-başlamaycağıdır. Biz də bu mövzu ətrafında təhsil ekspertləri ilə söhbətləşdik.
Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov bizimlə söhbətində bildirdi ki, dərslərin sentyabrın 15-də başlanmasını hazırda yalnız arzu edə bilərik: "Sentyabrın 15-də dərslərin başlanması, məktəblərin açılması nəinki valideynlər, bütövlükdə hamını maraqlandıran məsələlərdən biridir. Covid-19 pandemiyası ilə bağlı bizi hansı nəticələrin gözlədiyini demək, hələ ki, mümkünsüzdür. İndiki vəziyyətdə sentyabrın 15-də dərslərin başlamasını biz yalnız arzu edə bilərik. Bununla bağlı proqnoz vermək çətindir. Sözügedən tarixə qədər, pandemiya ilə bağlı stabilləşmə olacaqsa, ümumi vəziyyət yaxşıya doğru dəyişəcəksə, əlbəttə ki, dərslərin başlanması istisna deyil. Lakin görünən budur ki, koronavirusun vaksini hələ ki, tapılmayıb və bu təhlükə sovuşmayıb. Birmənalı olaraq, ehtiyatlı davranmalıyıq. Ölkə başçısı da qeyd edir ki, Azərbaycan əhalisinin sağlamlığı bizim üçün prioritet məsələdir. Təhsil də daxil olmaqla, bütün digər sahələr, insan sağlamlığından sonrakı yerlərdə durur. Biz də Təhsil Nazirliyi yanında İctimai Şura olaraq, məsələni gündəmdə saxlayır, mütəmadi olaraq müzakirələr aparır, vəziyyəti analiz edirik. Bəzən də tez-tez müəyyən qərarların qəbul olunmasına nail ola bilirik. Tətbiq olunan heç bir yeni metod ənənəvi dərsləri əvəz edə bilmir və əvəz edə biləcək digər metodlar da yoxdur. Amma bütün bunlara baxmayaraq, biz boş durmamalıyıq. Həm tele-dərslər, həm də online platformalar üzərindən təhsil alanların və təhsil verənlərin kommunikasiyasının təşkil olunması yalnız ona hesablanıb ki, bizim uşaqlarımız boş dayanmasın. Bütün mümkün nüanslardan istifadə edərək, təhsilin məzmununu alanlara çatdırılmalıdır”.
Ekspert vurğuladı ki, vəziyyət stabilləşdikdən sonra dərslərin başlanmasına start verilə bilər: "Azərbaycanda təhsillə bağlı koronavirus dövründə qəbul olunan bütün qərarlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçımız "Microsoft" şirkətinin vitse-prezidenti Filip Roq ilə görüşündə xüsusilə qeyd etdi ki, biz ən çətin dönəmlərə hazır olmalı, vəziyyəti bütövlükdə nəzarətdə saxlamalıyıq. Bu, eyni zamanda təhsillə bağlı qəbul olunan qərarlarda da öz əksini tapır. Biz düşünürük ki, sentyabr ayında dərslər başlamasa, yenə online, distant yolla təhsili çatdırmağa çalışacağıq. Çünki başqa yolumuz yoxdur. Təhsil çox önəmlidir, amma sağlamlıq ondan da önəmlidir. Ümid edirik ki, vəziyyət yaxşı olduqdan sonra dərslərin başlanmasına start verilər bilər. Almaniyada, bir çox Avropa ölkələrində, qardaş ölkədə dərslərin başlaması ilə bağlı artıq qərar qəbul olunub. Bizim üçün nə qədər çətin olsa da, vəziyyət stabilləşməsə, dərslərin başlamasıdan söhbət gedə bilməz. Biz koronavirusla bağlı qəbul edilən qərarlara düzgün riayət etsək, bu çətinlikdən daha tez çıxa bilərik”.
Təhsil eksperti Kamran Əsədovdeyir ki, sentyabrda ənənəvi tədris prosesi başlasa belə, dərslər hər gün keçirilməməlidir: "İlk növbədə qeyd edim ki, pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmadı. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladılar. Artıq yeni tədris ilinin başlamasına 2 ay qalıb. Bir sıra ölkələr isə yeni tədris ilinin başlaması barədə proqnozlar veriblər. İnanıram ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaq. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə həftənin 1-3-5-ci, digərləri isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır”.
Ekspert hesab edir ki, dərslər sentyabrın 1-dən başlamalıdır: "Amma dərs müddətləri də dəyişməlidir. Belə ki, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqəyə müəyyən edilməlidir. Yaxın fənləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir. Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Belə ki, məktəb 3 növbə fəaliyyət göstərməlidir. I növbə saat 08-00-dan 10-00-dək ibtidai siniflər üçün, II növbədə saat 10-30-dan 13-30-dək V-VIII siniflər, III növbədə saat 14-00-dan 17-00-dək IX-XI siniflər məktəbdə dərslərdə iştirak etməlidirlər”.
Həmsöhbətimizin sözlərinə görə, məktəblərdə tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir: "Bütün hallarda isə sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz. Bütün bunlarla yanaşı isə zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir. Baş nazirin məktəblərdə şagird sıxlığı ilə bağlı qərarından və təhsil nazirliyi tərəfindən yeni tədris ilində istifadə olunacaq dərsliklərin çapına başlanmasından sonra sentyabr ayında dərslərin başlayacağına inanıram”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər