• şənbə, 20 Aprel, 03:47
  • Baku Bakı 15°C

Dərsə gedən yox, dərsdən qaçan jurnalistlər

14.09.19 11:30 1191
Dərsə gedən yox, dərsdən qaçan jurnalistlər
Artıq yeni tədris ili başlamaq üzrədir. Məktəb illəri hər kəsin həyatında unudulmaz xatirələrlə doludur. Bəlkə də insanın ən şıltaq, dəcəl olduğu vaxtlardır.Zaman keçdikcə, həmin dövrdə etdiklərimizi xatırlayanda, üzümüzdə azda olsa, təbəssüm yaranırsa, demək ki, həminillər elə də sakit keçməyib. Sinif yoldaşlarımızla etdiyimiz zarafatlar, müəllimlərimizin bizə verdiyi cəzalar hamısı şirin bir xatirə olaraq yaddaşımıza həkk olunur.Həmkarlarımızla söhbət edib onların məktəb xatirələrini dinlədik.
"Bütün sinfin qarşısında bizi ağacla döydü ki...”
İlk həmsöhbətimiz Axar.az saytının jurnalisti Billurə Yunusdur. Billurə 2002-ci ildə Şəki rayon Qoxmuq kənd tam orta məktəbində birinci sinfə başlayıb, uşaqlığı ilə bağlı çox az şey xatırlasa da, təbii ki, ilk dərs gününü unutmayıb: "Həmin gün məni məktəbə anam aparmışdı. Dərsdən çıxanda isə bacım məni götürməyə gələcəkdi. Dərsdən çıxanda sinif yoldaşlarıma qoşulub getdim. Elə bildim düz gedirəm. Amma həmin küçənin gəldiyimiz yol olmadığını xatırlayanda, artıq itmişdim. Küçənin ortasında hönkür-hönkür ağlamağa başladım. Halbuki, kənd yerində hamı bir-birini tanıdığı üçün itmə ehtimalım yox idi. Sonra bacım məni tapdı və evə qayıtdıq. Ümumilikdə, məktəb illərində çox sakit, sözəbaxan, dərslərimi yaxşı oxuyan biri olmuşam. Məktəbi əla qiymətlərlə bitirmişəm”.
"Təbii ki, məktəb illəri həm də bəzi müəllimlərlə yadda qalır” deyən həmkarım, ən çox sevdiyi fənnin fizika, ən sevdiyi müəllimin isə ədəbiyyat müəllimi olduğunu bildirir: "Bizə ədəbiyyatdan dərs deyən Həvva xanım məktəbdəki anamız idi. Şagirdləri heç vaxt sıxmayıb. Hələ də əlaqəm olan yeganə müəlliməmdir”.
Billurə məktəb illərindən yadda qalan xatirəsini bizimlə bölüşür: "Bu 11 il ərzində ən yadımda qalan hadisə dərsdən qaçmaqla bağlı olub. 8-ci sinifdə oxuyanda bir dəfə bütün sinif coğrafiya dərsindən qaçdı. Mən də sinif nümayəndəsi, məsuliyyətli bir şagird olduğum üçün dərsdən qaçmadım. Məndən başqa bir nəfər də həmin gün dərsdən qaçmadı. Coğrafiya müəlliməmiz növbəti dərsdə bizi lövhəyə çıxarıb bütün sinfin qarşısında ağacla döydü ki, qaçırdınızsa, hamınız bir yerdə qaçardınız, siz niyə satqınlıq eləyibsiniz? Həmin gün dərsdən qaçmadığım üçün çox peşman olmuşdum.
"Əlacım olsaydı, o qızdan da bərk hönkürərdim”
1989-cu ildə, 6 yaşında atası, əlindən tutaraq adını Ucarın 1 nömrəli orta məktəbinə yazdırmağa aparan həmkarımız isə "Palitra” qəzetinin müxbiri Tural Tağıyevdir. Turalın yaşı az olduğu üçün məktəbə qəbul etməyiblər. Ona görə də, atası rayonun "maarif şöbəsi” adlanan idarəyə gedərək inadkarlıq göstərib və çətinliklə də olsa, oğlunun ibtidai sinfə qəbul olmasını rəsmiləşdirib: "Yadımdadır, ilk gün yanımda oturan qız dayanmadan ağlayırdı. Ulduzə adlı ilk müəlliməm isə onu sakitləşdirmək üçün məni nümunə göstərirdi ki, gör, heç o göygöz oğlan ağlayırmı? Amma daha bilmirdi ki, əlacım olsaydı, özüm o qızdan da bərk hönkürərdim. Doğrudan da, ilk dəfə valideynlərdən ayrı qalıb nizam-intizamlı şəkildə, sərbəstlikdən uzaq bir mühitdə oturmaq bizi vahimələndirir, sıxırdı. Amma ilk dərs günüm, əsasən xoş xatirələrlə yadımda qalıb. O bəmbəyaz məktəbli köynəyinin qoxusu, tünd göy rəngli təzə pencəyimin cılız çiyinlərimdə necə şux dayanması yəqin ki, ömrü boyu yadımda çıxmaz. Mən hələ o vaxtı az tapılan bəzi məktəbli ləvazimatlarımı necə həvəslə açıb stolun üstünə tökməyimi demirəm”.
Tural məktəb illərində pis oxuyan şagird olmadığını deyir: "Amma bütün fənlərdən əlaçı kimi tanınan şagird də olmamışam. 8-ci sinfə kimi əlaçı idim. Həqiqətən də indikindən fərqli olaraq, fenomenal yaddaşım və məntiqim olub. Bundan başqa, artıq 5-ci sinifdən etibarən sinif guşələrini mən çəkirdim. Rəsm çəkməyi yaxşı bacardığım üçün əksər müəllimlər guşələri çəkməyi mənə tapşırırdılar. Bədən tərbiyəsi müəllimim Məmməd müəllim isə atama da zamanında dərs dediyi üçün arada çaşıb mənə Rasim deyirdi. Yeri gəlmişkən, biz iki əlifba öyrənən şagirdlərdən olduq. Məktəbə kirillə başladıq, amma çox keçmədi ki, müstəqillik əldə etdik və latın qrafikasına keçildi. Qısa zamanda yenidən yeni əlifbanı bizə öyrətdilər. Ən çox sevdiyim fənn tarix və təsviri incəsənət, dil-ədəbiyyat fənni idi. Tarix daim mənə maraqlı gəldiyi üçün sevirdim. Dil-ədəbiyyat isə yaradıcılıqla bağlı fənn olduğu üçün xoşlayırdım. Hətta 7-ci sinifdə oxuyanda Drayzerin "Dahi” əsərini oxuduğumu Həyat müəlliməmə deyəndə, mənim yalan danışdığımı düşünmüşdü. Çünki o yaş üçün elə böyük kitabların oxunması qeyri-real görünürdü. Təsviri incəsənət fənnini isə tam səmimi deyim ki, çox nəzakətli olan və mənə həddindən artıq qayğı göstərən Mətanət müəlliməmə görə sevirdim”.
Məktəb xatirələrindən danışan Turalın da, dərsdən qaçarkən tutulan şagirdlərdən olduğu anlaşılır: "Xatirələr hamı kimi məndə də çoxdur. Məktəb illərində bəlkə cəmi 3 dəfə dərsdən qaçmışam. Bunun birində yuxarı sinifdə oxuyarkən hazırlığa tələsdiyim üçün əmək təlimi dərsinə girməyib, məktəbdən uzaqlaşmışdım ki, əmək təlimi müəllimimlə bazarın qarşısında rastlaşdıq. Məni tənbeh edə-edə dərsə qaytardı. Sən demə, müəllim də məktəbdən uzaqlaşıb yas yerinə gedibmiş, onu kimsə 5-10 dəqiqəlik əvəzləyib”.
"Saçımdan tutub necə yoldusa...”
Növbəti müsahibimiz isə Modern.az saytının müxbiri Aysel Aslandır. Aysel birinci sinfə 2002-ci ildə Qazax rayon Daş Salahlı kəndində gedib: "Yadımdadır ki, həmin dövrdə vahid məktəbli forması tətbiq edilmirdi, amma bütün birincilər kimi, mən də ağ kofta, qara yubka geyinib, saçımı qoşa hörüb, ağ bant bağlamışdım. Düzünü desəm, o zamanlar hörükdən və ağ bantdan xoşum gəlmirdi. Amma ibtidai sinfi bitirənə kimi hörüklü, ağ bantlı məktəbli olmuşam. İlk gün digər birincilər kimi ağlamamışam. Nə də məktəbdə olanda ev üçün darıxmışam. O vaxt indiki kimi təbii gül deyil, süni gül almaq dəb idi. Hərənin əlində süni düzəldilmiş bir gül buketi, sıralanıb, sinfə daxil olacağımız anı gözləyirdik. Məktəb illərində nadinc olmuşam. Amma eyni zamanda həm də yaxşı oxuyurdum. Üsyankar olduğuma görə, müəllimlər də, sinif yoldaşlarım da məni sevmirdilər. Amma hamının mənə işi düşürdü. Sinif yoldaşlarım köçürməyə adam axtaranda, müəllimlər isə tədbirlərdə şer demək üçün mənim adımı çəkirdilər”.
Aysel bizimlə məktəb illərindən qalan xatirəsini bölüşür: "Bir riyaziyyat müəllimimiz var idi, Şamyan deyirdilər. Vallah həqiqi adını indiyə qədər də bilmirəm. Bir neçə ay bizə əvəzləyici kimi dərs demişdi. Bir misalı 45 dəqiqə ərzində izah edirdi deyə, həmişə onun dərsini pozmaq üçün sual verirdik, zəng vurulana qədər eyni şeyi izah edirdi. Bir dəfə dərsində gülürdüm deyə, cəza olaraq, məni lövhəyə çıxartdı, misalı həll etməyimi istədi. Bir-bir izah edirdi, mən də yazırdım. Sonda misal həll olundu, cavabı aldıq. Elə həmin anda saçımdan tutub necə yoldusa, hələ də yadımdan çıxmayıb. Mən elə bildim, səhv cavab almışam, amma sən demə müəllim, sadəcə, qisasını alırmış”.
"Şəklim 11 il məktəbin şərəf lövhəsindən asılıb”
"Sputnik Azərbaycan”ın radio bölməsinin əməkdaşı Elvin Səlimov isə müəlliminə aşiq olan şagirdlərdən olub: "1999-cu ildə Mingəçevir şəhər 17 nömrəli orta məktəbin birinci sinfinə getmişəm. İlk dərs günü uşaqların ağlaması ilə yadımda qalıb. Amma biz bacımla eyni sinfə getdiyimiz üçün ağlamırdıq. Daha sonra birinci sinfin sonlarına yaxın Səməd Vurğun adına 16 nömrəli məktəbə keçdik. Məktəb illəri keçid dövrünə düşdüyü üçün ilk illər kitabları almalı olurduq. Bəzən qohumlarımızın yuxarı siniflərdə oxuyan uşaqlarının istifadə olunmuş kitablarından yararlanırdıq. O kitabların bəzisi kiril əlifbasında idi. Daha sonra məktəb bütün kitabları pulsuz verməyə başladı. Məktəb dövrünün sonuna qədər həmişə sinfin 3-5 ən yaxşı oxuyan şagirdləri arasında olmuşam. Şəklim 11 il məktəbin şərəf lövhəsindən asılmışdı. Məktəbi bitirəndə özümə qaytardılar. Ən sevdiyim fənn tarix idi. Hər gün dərs danışmaq istəyirdim. Bir müddət sonra bunun da yolunu tapdım. Hər dərsdə sonrakı mövzunu da öyrənirdim ki, müəllim məni lövhəyə çağırsın. Bu, həmdə gündəlikdə qiymət sayını artırmaq üçün idi. Həftənin sonunda ən yaxşı oxuyan uşaqlar olaraq kimin ən çox "5” aldığıını sayırdıq. 5-ci sinifdə oxuyanda bizə gənc xanım biologiya müəllimi gəldi. Bütün sinif oğlanları kimi, mən də ona aşiq oldum. Dərsdən çıxanda müəllimi evə qədər ötürürdük. O dövr üçün məktəbimizdə yenilik etmişdi. Davamlı olaraq, siniflər arası yarışlar keçirib, uşaqların fənnə marağını artırırdı”.
Elvin yaxşı oxuyan şagird olsa da, dəcəllik etdiyi vaxtlar da olub: "Kimya dərsini sevmədiyim üçün dərsdən qaçıb Kürün sahilinə gedirdik. Bir gün yenə pəncərədən tullanıb dərsdən qaçanda kimya müəllimimizin qarşısına düşdüm. Yadda qalan günlərimiz çox olub. Hər dəfə sinif yoldaşlarımızla görüşəndə təkrar-təkrar o günlərdən danışırıq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər