• cümə axşamı, 28 mart, 22:23
  • Baku Bakı 13°C

Dərmanların vahid qiyməti olacaq

14.09.13 09:09 2026
Dərmanların vahid qiyməti olacaq
“Həkim resept yazanda əvvəlcə bir-bir aptekləri gəzib qiymətləri öyrənirəm. Sonra isə hansı dərman harada ucuzdursa, oradan alıram. Bir aptekdən alacağım təqdirdə 150 manata başa gələcək resepti müxtəlif apteklərdən 130 manata alıram”.
Bu sözləri bizimlə söhbətində Bakı sakini Məryəm Rüstəmova bildirdi. O, eyni dərmanın hətta yanaşı apteklərdə belə müxtəlif qiymətlərə satılmasını başa düşmədiyini dedi: “Qiymətlərin fərqli olması insanlara əziyyət verməkdir. Çünki dərman almaq istəyən gərək bütün aptekləri gəzib qiymətləri öyrənib müqayisə etsin, sonra alsın”.
Qeyd edək ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev mətbuata verdiyi açıqlamada bildirib ki, Səhiyyə Nazirliyi apteklərdə eyni dərmanların vahid qiymətlə satılması məqsədilə İqtisadi İnkişaf Nazirliyi ilə birgə hazırladığı təklifləri Nazirlər Kabinetinə təqdim edib: “Bu təklifləri hazırlamaq üçün Türkiyə, Avstriya, Avropa ölkələrinin təcrübələri öyrənilib. Yəqin ki, yaxın zamanlarda bu istiqamətdə müvafiq işlərə başlanacaq, ölkənin bütün apteklərində eyni dərmanların qiyməti vahid olacaq və onların üzərində qiymətləri göstəriləcək”.
Müsahibimiz Məryəm Rüstəmovanın da dediyi kimi, hazırda eyni dərman müxtəlif apteklərdə fərqli qiymətə satılır. Elə bu səbəbdən də həkim resept yazarkən xəstə və xəstə yiyələri əvvəlcə bir-bir apteklərə düşüb dərmanların neçəyə olduğunu öyrənirlər. Sonda alıcı dərmanların daha ucuz qiymətə başa gəldiyi aptek, daha doğrusu, apteklərdən bazarlığını edir.
Millət vəkili Musa Quliyev bizimlə söhbətində apteklərdə vahid qiymət siyasətinin tərəfdarı olduğunu dedi və bu siyasətin həyata keçirilmə mexanizmlərindən danışdı: “Orta qiymət çıxarılacaq və bütün apteklərdə tətbiq ediləcək. Bir çox dərman şirkətləri var ki, müəyyən reklam və həkimlərlə əməkdaşlıq nəticəsində dərmanlarını daha çox satırlar. Vahid qiymət tətbiq ediləndən sonra bu zərurət azalacaq. Çünki Azərbaycana dərmanların 90 faizi kənardan gətirilir. Vahid qiymətin tətbiqi həm də ölkə daxilində dərman istehsalının stimullaşdırılmasına gətirib çıxara bilər. Bu zaman vergidənyayınma halları da aradan qalxacaq, dərman siyasəti sağlamlaşacaq”.
M.Quliyevin vahid qiymət siyasətinin mənfi tərəfini yalnız bəzi dərman şirkətlərinin qazancının azalmasında görür: “Yalnız sahibkarların bəzisi narazı qala bilər. Çünki vahid qiymət siyasəti sahibkarın deyil, daha çox əhalinin marağına, milli maraqlara uyğundur. Bu cür qaydaların tətbiqi gələcəkdə Azərbaycan dərman bazarını stimullaşdıran tədbirlərdən biri ola bilər”.
İqtisadçı Vüqar Bayramlı isə hesab edir ki, apteklərdə dərmanın qiymətləri arasında fərqi azaltmaq üçün dərman bazarında liberallaşdırılma aparılmalıdır: “Düşünürəm ki, liberallaşdırma siyasəti birmənalı şəkildə dərmanların qiymətinin aşağı düşməsinə gətirib çıxarar”.
V.Bayramlının fikrincə, bütün apteklərdə eyni qiymətin tətbiqi bazar iqtisadiyyatında qəbuledilməz olsa da, İqtisadi İnkişaf Nazirliyi süni qiymət müəyyənləşdirən sahibkarlara qarşı cəzalar tətbiq edə bilər: “İqtisadi İnkişaf Nazirliyinin qiymətlərin müəyyənləşməsinə təsir etmək imkanları və bazara müdaxilə etmək hüququ var. Yəni İİN qiymətlərin aşağı salınmasını tələb edə bilər”.
İqtisadçının sözlərinə görə, vahid qiymət siyasətindən sonra apteklərdə qiymətlər aşağı olacaqsa, bu, vətəndaşların onu almaq imkanları baxımından məqsədəuyğundur: “Əslində bu, cəlbedici görünür. Amma bu, bazar iqtisadiyyatı prinsiplərinin pozulmaması şəraitində olmalıdır. Ümumiyyətlə, dövlətin bəzi hallarda qiymət tavanı müəyyənləşdirmək imkanları var. Düşünürəm ki, sözügedən vahid qiymət siyasəti aparılarsa, bu, heç də apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq. Bəzi apteklərin gəliri azalacaq, bəzilərininki isə hətta artacaq. Bütün hallarda vahid qiymətlərin müəyyənləşdirilməsi apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq”.
Lalə
banner

Oxşar Xəbərlər