Dərman vasitələri istehsalı stimullaşdırılacaq
Prezident İlham Əliyev "Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanına dəyişiklik
edilməsi və dərman vasitələri istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər
haqqında Fərman imzalayıb.
Trend-in məlumatına görə, fərmana əsasən, istehsal
prosesinin qablaşdırma mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata
keçirilən dərman vasitələri 2020-ci il iyunun 1-dən 5 il müddətinə "Dövlət
satınalmaları haqqında” qanuna uyğun olaraq güzəştli düzəlişin tətbiqi məqsədilə
yerli mal hesab ediləcək.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında”
qanuna edilən dəyişikliyə əsasən, güzəştli düzəliş qeyri-neft məhsullarının
istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan
istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata
keçirilən mallara da şamil edilir.