• çərşənbə axşamı, 16 aprel, 14:31
  • Baku Bakı 19°C

Dərman bazarına nəzarət artırılır

20.10.17 12:00 3132
Dərman bazarına nəzarət artırılır
Azərbaycanda dərman bazarına nəzarəti daha da gücləndirmək, ölkəyə daha keyfiyyətli dərmanların gətirilməsini təmin etmək üçün yeni sənədlər hazırlanır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Bioloji aktiv əlavələrin ekspertizadan keçirilməsi qaydaları” artıq hazırlanaraq aidiyyəti qurumlara göndərilib. Hazırda isə "Dərman vasitələrinin idxalına icazənin verilməsi qaydaları” hazırlanır. Qeyd edək ki, hazırda Azərbaycanda dərman vasitələrinin idxalı və ixracı "Dərman vasitələri haqqında” qanun əsasında həyata keçirilir. "Lisenziyalar və icazələr haqqında” qanuna əsasən isə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında dərman vasitələrinin Azərbaycan ərazisinə idxalına icazə də öz əksini tapıb.

Bəs görəsən bu qaydaların hazırlanması dərman bazarına necə təsir göstərəcək? Ümumiyyətlə, qanuna edilən dəyişikliklər bazarı nizamlamağa kifayət edəcəkmi?
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Musa Quliyev bildirdi ki, belə bir qaydaların qəbul edilməsi qanuna edilən dəyişikliklə bağlıdır: "Dərman bazarına nəzarət güclü olmalıdır. Çünki demək olar ki, hər bir insan dərmandan istifadə edir. Dərman xəstə insanlar üçün əvəzolunmaz əlac vasitəsidir. Ona görə də dərmanların keyfiyyəti dozası və işləmə qaydaları nəzarət altına alınmalıdır. Düzdür, son illərdə bioloji aktiv əlavələr dünyada geniş yayılıb. Bir çox hallarda ondan dərman əvəzi kimi istifadə edirlər. Amma bioloji aktiv əlavələr dərman deyil və xəstəliyi müalicə etmir. Onlardan orqanizmin gücləndirilməsi üçün, daha çox köməkçi vasitə kimi istifadə olunur. Təəssüflər olsun ki, bəzi hallarda həkimlər xəstələrinə dərman əvəzinə bioloji aktiv əlavələr tövsiyə edirlər. Çünki onların qiyməti dərmanlarınkından baha olur. Ona görə də nəzarət gücləndirilməlidir”.

Millət vəkili bildirdi ki, "Dərman vasitələri haqqında” qanun layihəsinə edilən dəyişiklik mövcud reallıqlardan doğur: "Dəyişikliyə görə bioloji aktiv maddələrin üzərində «dərman vasitəsi deyildir» yazılmalıdır v ə əhəmin əlavələr dərmanlar üçün nəzərdə tutulan reseptlərə qeyd oluna bilməz. Bioloji aktiv vasitələr dərmanları əvəz edə bilməz. Onların satışı apteklərlə yanaşı marketlərdə də aparıla bilər. Yəni bu artıq dərman deyil, qida əlavəsidir. Son dövrlərdə Nazirlər Kabinetinin qəbul etdiyi qərar və Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydalar da həmçinin, qanuna edilən dəyişikliklərlə bağlıdır”.
Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, hazırda Azərbaycanın dərman bazarında vəziyyət qənaətbəxş deyil: "Dərmanların qiyməti gün-gündən artır. Ona görə də bu məsələyə ciddi müdaxilə vacibdir. İlk növbədə ölkə ərazisində istifadə edilən dərman maddələrinin hər biri Dövlət Reyestrinə daxil edilməlidir. Dövlət Farmakopeyası olmalıdır. Təəssüflər olsun ki, bu gün bazarda bir çox dərman preparatları aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunur. Bu, həm əhalinin şikayətlərindən, həm də həkimlərin təcrübəsindən bilinir. Ona görə də bu məsələləri qaydaya salmaq lazımdır. Bu məsələləri nizama salmaq üçün isə dünya təcrübəsinə müraciət etmək lazımdır. Ən başlıca məqam dərmanların qiyməti insanların gəlirlərinə uyğunlaşdırılmalıdır. Hesab edirəm ki, dərman bazarında qayda-qanun yaratmağın vaxtı çatıb”.

Ekspert bəzi məqamlara da aydınlıq gətirdi: "Bioloji aktiv əlavələr Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil deyil. Ümumiyyətlə, qida əlavələri və bəzi dərmanlar bu təşkilatın reyestrinə daxil deyil. Amma etibarlılığına güvən olan tanınmış firmaların dərman preparatları istifadə oluna bilər. Amma bu da mütləq qeydiyyatdan keçirilməlidir. Ən azından, bioloji aktiv əlavələr haqqında farmakopeya kitabında məlumat olmalıdır. Dünyada dərmanın kimyəvi tərkibi ilə bağlı konkret rəylər olmalı və müəyyən tədqiqatlar aparılmalıdır. Bəzən arıqlamaq və digər məqsədlər üçün qida əlavələrindən istifadə edilir. Bu vəziyyət isə narahatedicidir. Ona görə də belə bir qaydaların hazırlanması faydalıdır. Ancaq bu məsələnin təkcə sanksiyaları sərtləşdirməklə həll etmək olmaz. Çünki qanun yeganə həll yolu deyil. Bunun üçün işlək mexanizm lazımdır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər