AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir

Deputat: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir

Cəmiyyət
06 Aprel 2020, 20:46 198
Prezident İlham Əliyevin dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq imzaladığı əfv Sərəncamı bir daha sübut edir ki, dövlət humanizm prinsiplərinə və dəyərlərinə böyük önəm verir.
Bunu AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib: "Əminəm ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam böyük sevinclə qarşılanıb. Dövlətimizin başçısının bu humanist addımı bir çox ailələrə xoşbəxtlik və sevinc bəxş edib”.
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamın böyük sosial mahiyyət kəsb etdiyini vurğulayan Sədaqət Vəliyeva qeyd edib ki, dövlətimizin başçısının bu qərarı məhkumların kimliyinə, törətdiyi cinayətə görə ayrı-seçkilik olmadan yaşı 65-i keçmiş insanların sağlamlığının qorunması üçün verilib: "Prezident İlham Əliyev əfv olunan insanların sağlamlığını qorumaq, onları virusa yoluxmaqdan uzaq tutmaq, onlara ev şəraitində xidmətlərin göstərilməsini təmin etmək üçün belə bir addım atdı. Bu, təkcə cinayət törətmiş şəxslərə qarşı humanizm addımı deyildi, həm də insanlığa verilən dəyər idi. Bu Sərəncam bir daha onu göstərir ki, dövlət siyasətinin mərkəzində insan amili durur və Prezident İlham Əliyevin üçün insanların sağlamlığı, təhlükəsiz həyatı bütün məsələlərdən öndə durur”.