• şənbə, 20 Aprel, 03:43
  • Baku Bakı 15°C

Ödənişli yollarda məbləği Tarif Şurası müəyyənləşdirəcək

03.07.13 14:22 1649
Ödənişli yollarda məbləği Tarif Şurası müəyyənləşdirəcək
Ölkə prezidenti İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman verib.
Lent.az-ın verdiyi məlumata görə, fərmana əsasən, Nazirlər Kabineti 3 ay ərzində “Avtomobil yolları haqqında” qanunun pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş məsuliyyətin təkmilləşdirilməsi və avtomobil yollarına vahid dövlət reyestrindən çıxarış verilməsi üçün dövlət rüsumunun məbləğinin müəyyən edilməsi ilə bağlı təkliflərini hazırlayıb ölkə prezidentinə təqdim etməlidir.
3 ay ərzində şəhər avtomobil yollarının təsnifatının, avtomobil yollarının təhkim zolağının ölçülərinin, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin, avtomobil yollarının ehtiyat zonalarının yeri və hüdudları, habelə orada bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi qaydalarının müəyyən edilməsi də Nazirlər Kabinetinə tapşırılıb. “Avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, dayanacaqlar, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir.
Nazirlər Kabineti 3 ay ərzində həmçinin “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun əlavə mədaxil mənbələrinin müəyyənləşdirilməsinə dair təkliflərini və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin tərkibində (tabeliyində) olan qurumların siyahısını müəyyən edərək ölkə prezidentinə məlumat verməlidir. Avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işlərinin uzlaşdırılması qaydalarını, avtomobil yolunun adı, indeksi və uzunluğunu da Nazirlər Kabineti müəyyənləşdirməlidir. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə də Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əsasən verilmiş xüsusi icazənin olduğu hallarda yol verilir. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı da avtomobil yollarına dair Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaların müddəalarına riayət olunmalıdır.
Fərmanla Nəqliyyat Nazirliyinə də bir sıra səlahiyyətlər verilib. Nəqliyyat Nazirliyi iki ay ərzində avtomobillərin karxana avtomobillərinə aid edilməsinə dair tələbləri müəyyən etməlilir. Bələdiyyə və özəl avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri də Nəqliyyat Nazirliyi ilə razılaşdırılmaqla həmin yolların mülkiyyətçiləri tərəfindən müəyyən olunacaq. Avtomobil yollarının vahid dövlət reyestri mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır. Reyestr avtomobil yollarının qeydiyyatı və uçotu əsasında Nəqliyyat Nazirliyi tərəfindən yaradılacaq və aparılacaq. Avtomobil yolunun istismara verilməsi və ya avtomobil yolu haqqında bu maddədə göstərilən məlumatlarda dəyişiklik baş verdikdə, avtomobil yolunun sahibi 30 gün müddətində yeni məlumatların reyestrə daxil olunması üçün Nəqliyyat Nazirliyinə təqdim etməlidir. Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olunmaqla, reyestrə daxil edilmiş məlumatlar Nəqliyyat Nazirliyi tərəfindən reyestrdən çıxarış şəklində “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməklə hər bir maraqlı şəxsə verilir. Nəqliyyat Nazirliyi tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsi də qadağandır.
Avtomobil yollarının təhkim zolağı hüdudlarında yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi də qadağan olunub. Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır.
Dövlət mülkiyyətində olan hər bir ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği isə avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, “Avtomobil yolları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna əsasən, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsinin, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər. Ödənişin, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiqinə yol verilir.
banner

Oxşar Xəbərlər