• şənbə, 20 Aprel, 13:46
  • Baku Bakı 23°C

"Demokratlar"ın “dözümsüzlük” yarışı

18.04.17 09:30 1441
"Demokratlar"ın “dözümsüzlük” yarışı
Azərbaycanda özünü demokrat sayanlar, Avropa dəyərlərinin təmsilçisi hesab edənlər Türkiyədəki son referendumla bağlı qəribə mövqe nümayiş etdirirlər. Demokratik cəmiyyətlərdə hər şey xalqın iradəsi, seçicilərin səsi həll edir. Türkiyədə keçirilən son seçkilərdə və ümumxalq səsverməsində bu kəsimin sevmədiyi Ədalət və İnkişaf Partiyası (AKP) qalib gəlir. Hər dəfə də nəticələr elan olunduqdan sonra bu dəstənin üzvləri tərəfindən AKP hakimiyyətini, bu siyasi qüvvənin liderlərini, hətta onlara səs verən Türkiyə seçiciləri ilə bağlı aşağılayıcı mövqelərə rast gəlirik. Bunların istəkləri baş tutmur deyə, Türkiyədəki seçkilərin nəticələrinə hər vasitə ilə qara yaxmağa çalışırlar. Sözdə demokrat olanlar faktiki demokratik seçkilərin nəticələrini qəbul edə bilmirlər. Belə çıxır ki, bunlar üçün demokratiya ancaq istədikləri reallaşanda lazım olur. Bu dəstənin təmsilçiləri aprelin 16-da Türkiyədə keçirilən referendumdan sonra da sosial şəbəkələrdə sözün əsl mənasında at oynadırlar. Türk xalqının seçiminə hörmətlə yanaşan, "bəli” kampaniyasının tərəfdarı kimi çıxış edənlər sosial şəbəkədə təhqirlərə məruz qalırlar.
Bu aqibəti hələ referendumdan öncə AKP hakimiyyətinin mövqeyini dəstəkləyən "Ağ” Partiyanın sədri Tural Abbaslı da yaşayıb. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlama verən "Ağ” Partiyanın sədri Tural Abbaslı bildirib ki, Türkiyədə keçirilən referendum bu ölkənin güclənməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, Türkiyənin indiki siyasi, iqtisadi vəziyyəti elədir ki, mərkəzləşmiş güclü hakimiyyətə ehtiyacı var: "Yəni, bu ölkədə PKK-nı, bəzi siyasi partiyaların terror təşkilatlarına verdiyi dəstəyi, xaricdən edilən təzyiqləri, o cümlədən FETÖ terror şəbəkəsinin dövlət strukturlarına sızmasını nəzərə alsaq görərik ki, bugünkü parlament üsul-idarəsi Türkiyəni gücsüz vəziyyətə salırdı. Faktiki olaraq, indiyədək Türkiyə müdafiəsiz halda idi. Qardaş ölkənin parlamentində 550 deputat var, onun da 80-ə yaxını PKK-ya simpatiya göstərir. Belə olan halda, idarəetmənin mərkəzləşdirilməsinə ehtiyac var idi. AKP hökuməti də bunu zamanında anladı və Türkiyədə kifayət qədər çəkisi olan Milliyyətçi Hərəkat Partiyası ilə razılığa gələrək referendum keçirdi. Təəssüflər olsun ki, Azərbaycanda bir çoxları buna birmənalı yanaşmadı. Halbuki, dünyanın bir çox ölkələrində prezident üsul-idarəsidir. O ölkələrə avtoritar demirlər, amma Türkiyə prezident üsul-idarəsinə keçməklə avtoritar rejim mövcud olacaq. Necə ola bilər ki, bu sistem ABŞ-da, Fransada mövcud ola bilir, ancaq Türkiyədə mənfi nəticələrə gətirib çıxarır? Təbii ki, burada hərbi çevriliş etməyə cəhd edən bəzi dövlətlərin marağı var”.

T.Abbaslı əlavə edib ki, referendumun nəticələrini Türkiyə müxalifəti belə şübhə altına almır: "Təbii ki, 80 milyona yaxın vətəndaşı olan Türkiyədə keçirilən seçkidə kiçik qüsurlar olacaq. Amma bu, xalqın seçkilərdəki iradəsinə təsir etmir. Azərbaycanda bu məsələyə qarşı çıxanların bir hissəsini araşdıranda görürük ki, həmin şəxslərin Avropanın hansısa institutları, təşkilatları ilə bu və ya digər formada əlaqəsi var. Özünü demokrat adlandıranların dözümsüzlük nümayişi bir yana, hətta etiketləri aşaraq təhqirlərə, söyüşlərə üstünlük verirlər. Hətta vəziyyət o yerə çatır ki, bu cür insanlar fərdləri deyil, bütövlükdə cəmiyyəti təhqir edir. Onu da təəssüflə qeyd edim ki, "Azadlıq” radiosu da Türkiyə xalqının iradəsinə hörmətlə yanaşmır, qərəz nümayiş etdirir. Eyni zamanda, özünü demokratik, alternativ media hesab edən internet resurslarında da obyektivlik görmədik. Demokratiya uğrunda mübarizə aparıb, başqa demokratik fikirləri, yanaşmaları bu qədər aşağılamaq onu göstərir ki, o insanların düşüncə tərzində problem var. Kim onların istədiyi kimi danışırsa, o yaxşıdır. Amma kim ki, onlara əks fikir söyləyir onu gözdən salmağa, linç edib cəmiyyətdən uzaqlaşdırmağa cəhd edirlər. Bu tip insanlarda demokratik düşüncə tərzi yoxdur”.

Partiya sədri qeyd edib ki, kimin nə deməsindən asılı olmayaraq, Türkiyədə xalqın iradəsi qələbə çaldı: "Azərbaycanda istər iqtidar, istər müxalifət və ya başqaları olsun, fərq etməz, Türkiyə xalqının bu iradəsinə hörmətlə yanaşmalıdır. Artıq Türkiyədə yeni sistem olan prezident üsul-idarəsi ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikirləşmək lazımdır. Unutmaq lazım deyil ki, Türkiyə bizim üçün sıradan dövlət deyil. İran Cənubi Azərbaycan məsələsində ölkəmiz üçün əhəmiyyətlidir. Türkiyə isə Azərbaycana qardaş ölkədir. Bizim münasibətlərimizin keçmişə söykənən tarixi var. Birinci Qarabağ müharibəsində, eləcə də sonrakı dövrdə beynəlxalq aləmdə qardaş ölkənin bizimlə birgə mövqe nümayiş etdirməsi hər kəsə bəllidir. Müasir tariximizdə - 2001-ci ildə İran təyyarələri Azərbaycanın hava sərhədlərini pozmasından sonra Türkiyənin hərbi hava qüvvələrinin Bakı səmasındakı güc nümayiş göstərməklə ölkəmizin müstəqilliyinin qarantı kimi çıxış etdi. Ona görə də bu münasibətləri qorumaq lazımdır”.

T.Abbaslı söyləyib ki, bəzi insanlar Türkiyənin siyasi-ictimai vəziyyəti haqqında yazanda Azərbaycan-Türkiyə münasibətlərini nəzərə alsınlar: "Unutmasınlar ki, Türkiyə bizə qonşu dövlətdən daha yaxındır. İnanın ki, hətta referendumda "xeyir” tərəfdarları çoxluq qazansaydı belə, biz partiya olaraq, Türkiyə xalqının iradəsinə hörmətlə yanaşacaqdıq. Özlərinə demokratik deyən kəsim isə qərəzli mövqeyi ilə əslində Azərbaycan xalqının gözündən düşmüş olur”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər