• cümə axşamı, 28 mart, 13:34
  • Baku Bakı 16°C

“Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir”

08.06.13 09:15 1606
“Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir”
“Azərbaycanın inkişafı artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi artıq ən müsbət təcrübə kimi öyrənilir. Sirr deyil ki, bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, bir istiqamətdir. Bu, öz növbəsində, bizim üzərimizə daha da böyük məsuliyyət qoyur”. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayındakı çıxışında bu ifadələri işlədib.
Prezident daha sonra Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlardan danışıb: “2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilib, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Bu, bizim diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin qələbəsidir, təntənəsidir. Dünyada bu qurumdan ali qurum yoxdur. Keçən ilin mayında Azərbaycan bu mötəbər quruma sədrlik edib.
Biz bu gün qlobal problemlərin həlli ilə məşğuluq. Bizim mövqeyimiz, səsimiz böyük əhəmiyyətə malikdir. Biz digər beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstəririk, mövqeyimizi müdafiə edirik. Biz üzv olduğumuz təşkilatlarda maraqlarımızı müdafiə edirik, eyni zamanda, həm siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən o təşkilatların inkişafına böyük töhfə veririk.
Bizim ikitərəfli formatda qurduğumuz xarici siyasət nümunə ola bilər. Bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulub. Bu, bizim yanaşmamızdır. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq. Hesab edirəm ki, əgər dünyada bütövlükdə bu meyllər üstünlük təşkil etsə, müharibələr də, qarşıdurmalar da azalar. Ümumiyyətlə, dünya daha da çox əməkdaşlıq istiqamətində inkişaf edər. Ona görə həm ikitərəfli formatda, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ümumi xarici siyasətlə bağlı konsepsiyamız təqdirəlayiqdir, dünyada böyük hörmətə malikdir və bizə imkan verir ki, daxildə də uğurlu siyasətimizi aparaq. Çünki hər bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında vəziyyət sabit, sülh, əmin-amanlıq olsun ki, ölkə daxilində proseslər daha da normal şəraitdə getsin”.
Dövlət başçısı çıxışında daxili siyasət məsələlərinə də toxunub: “Biz bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik. Söz azadlığı, vicdan azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı - bütün bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət göstərir, heç bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır.
Vəzifələr daha da çoxdur. Mən bu məsələlərlə bağlı vaxtaşırı vətəndaşlara müraciət edərək öz fikirlərimi bildirirəm. Yəni, bizim gələcək inkişafımızla bağlı heç bir tərəddüdümüz, heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla, uğurla irəliyə gedəcək. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir. Əminəm ki, biz buna nail olacağıq.
Mənim bir məqsədim, bir amalım var. Bu, güclü Azərbaycan dövlətidir. Ulu Öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir və son 10 il ərzində çalışmışam ki, bütün istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafını təmin edim”.
Prezident görülən işlərin təkcə onun fəaliyyəti ilə bağlı olmadığını bildirib: “Bu, müstəqilliyin təzahürüdür. Bu, bir daha onu göstərir ki, müstəqillik öz əlimizdə olan zaman, Azərbaycan xalqı öz taleyinin sahibi olduğu bir halda böyük işlər görmək mümkündür. Biz uzun illər – onilliklər, əsrlər boyu müstəqillikdən məhrum idik. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Xalqımız inkişaf edib. Baxmayaraq ki, müstəqil olmamışıq, Azərbaycan xalqı öz milli mənəvi dəyərlərini qoruyub saxlaya bilib, öz Azərbaycan dəyərlərini hər şeydən üstün tutub və bu dəyərlər üzərində bu gün müstəqil dövlət qurulub. Ancaq bu müstəqillik dövrü və ondan əvvəlki dövrlərlə müqayisə açıq-aydın göstərir ki, müstəqilliyin nə qədər böyük üstünlükləri var. Biz bunu real işlərdə, tikilən infrastruktur layihələrində, abadlaşan şəhərlərdə, artan imkanlarımızda hiss edirik, görürük. Bizim təbii sərvətlərimiz də nəhayət, Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Müstəqillik ən böyük sərvətdir, ən böyük dəyərdir və 20 il ərzində - 1993-cü ildən başlayaraq bu günə qədər müstəqilliyimiz möhkəmlənir. Ancaq 1993-cü ilə qədər müstəqillik şərti xarakter daşıyırdı, təhlükə altında idi və Ulu Öndərin xalq, millət, tarix qarşısında gördüyü işlər çox böyük qiymətə layiqdir.
Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edib ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövləti qura, müstəqilliyi qoruyub saxlaya bilər. Son 10 il ərzində biz bu yolda böyük uğurlara imza atmışıq. Bu yolda təzyiqlər də, təxribatlar da, təhdidlər də oldu. Azərbaycanın dostları çoxdur, Azərbaycan ilə dostluq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu da təbiidir. Çünki Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş kimi, ədalətli mövqeyinə görə dünya miqyasında böyük şöhrət qazana bilib. Ancaq buna baxmayaraq elə dairələr var ki, Azərbaycanın uğurlu inkişafını həzm edə, qəbul edə bilmirlər, uğurlarımıza qısqanclıqla, paxıllıqla yanaşırlar. Azərbaycanın hətta dünyanı bürümüş böhran illərində də uğurlu inkişafını qəbul edə bilmirlər. Biz onları tanıyırıq, bilirik.
Son 10 il ərzində bütün təxribatlara, təzyiqlərə, böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan dönməmişik və dönməyəcəyik. Əgər hər bir insan haqlı olduğunu bilirsə, buna əmindirsə, o yoldan dönməməlidir. Azərbaycan öz inkişafı, öz qətiyyəti ilə, bölgədə gedən proseslərə öz münasibətilə sübut edib ki, biz müstəqil dövlətik və biz öz maraqlarımızı qoruya bilərik. Ölkə daxilində və ölkəmizin xaricində bu bölgədə gedən proseslərə təsir imkanlarımız artır və biz öz milli maraqlarımızı istənilən yolla müdafiə edirik, bunu bacarırıq və bunu sübut etmişik. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bizim bütün ideologiyamız, bütün səylərimiz milli maraqların qorunmasına yönəldilib. Əlbəttə, gənc, müstəqil dövlət üçün bu, təbiidir. Çünki bu salonda əyləşənlərin böyük əksəriyyətinin ömrünün bir hissəsi, yarısı, yaxud da ki, böyük hissəsi sovet dövrünə təsadüf edir. Ancaq biz xoşbəxtik ki, müstəqil Azərbaycanı gördük. Bizdən əvvəlki, nəsillər müstəqillik arzuları ilə, müstəqillik eşqi ilə yaşayıblar. Ancaq müstəqilliyi görə bilməyiblər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil Azərbaycan dövlətində yaşayırıq. Bizim məsuliyyətimiz ondadır ki, biz – bax, burada toplaşan cəmiyyətimizin əsas siyasi fəalları bu müstəqilliyi möhkəmləndiririk, qoruyuruq, əbədi, dönməz edirik, uzunmüddətli inkişaf strategiyamızı müəyyən edirik, Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafını təmin edirik”.
Dövlət başçısı irəli sürülmüş layihələr və siyasi təşəbbüslərin ölkənin onilliklər bundan sonrakı uğurlu inkişafını da təmin edəcəyini bildirib: “Təki siyasi xətt dəyişməz olaraq qalsın və mən heç şübhə etmirəm ki, bundan sonrakı illərdə də, onilliklər bundan sonra da siyasi xəttimiz dəyişməz olaraq qalacaq. Çünki son 20 il ərzində görülən işlər və müstəqilliyimizin tarixi sübut edib ki, bu, yeganə düzgün siyasətdir, yeganə düzgün yoldur”.
banner

Oxşar Xəbərlər