• çərşənbə axşamı, 19 mart, 12:59
  • Baku Bakı 8°C

“Demokratik azadlıqlar Qərb siyasətçilərinin silahına çevrilib”

04.10.17 11:00 4192
“Demokratik azadlıqlar Qərb siyasətçilərinin silahına çevrilib”
Son illər bəzi xarici ölkələrdə baş verən proseslər Qərbin demokratik dəyərlərə "Avropa standartları”ndan deyil, ikili standartlardan yanaşdığını bir daha nümayiş etdirir. Buna misal kimi 2010-cu ildə Almaniyanın ən böyük şəhərlərindən biri sayılan Ştutqartda 400 nəfər nümayişçinin vəhşicəsinə döyülməsini, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda insanlara qarşı zorakılıq edilməsini, eləcə də 2014-cü ildə Fransada su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən birinin döyülərək öldürülməsini göstərmək olar. Digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı da belə hadisələr dəfələrlə baş verib. Bu günlərdə İspaniyadan ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vilayətində polislə toqquşmalar zamanı isə xəsarət alanların sayı 850 nəfərə çatıb. İspan polisi səsverməyə gedən Kataloniya sakinlərini rezin güllələrə "qonaq” edib, onları dəyənəklə, atlarla, su şırnaqları ilə dağıdıb. Bu mənzərə göstərir ki, Avropa ölkələrində və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır. Lakin söhbət digər ölkələrdən gedəndə, "Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir. Mövzu barədə "Kaspi”nin suallarını millət vəkili, politoloq Hikmət Məmmədov cavablandırır.
- Hikmət müəllim, son dövrlər bəzi Qərb dövlətlərində baş verən proseslər bu ölkələrin demokratik prinsiplərə əsl reallıqda hansı münasibət sərgilədiyini ortaya qoyub. Bir politoloq, siyasətçi kimi bu mənzərəni necə dəyərləndirirsiniz?
- Qlobal dəyərlərlə, insan hüquqları, demokratik azadlıqlarla bağlı məsələlər Qərb siyasətçilərinin effektiv silahına çevrilib. Bu dəyərlər dünya siyasətini müəyyənləşdirən Qərbin bəlli güc mərkəzləri tərəfindən istismar edilir. İstismar prosesində də ikili, yaxud çoxlu standartlar yaranır. Bu standartlar yalnız Şərqi Avropa və digər ölkələrə münasibətdə tətbiq olunmur. Hətta mərkəzi Avropada müxtəlif proseslərlə, ayrı-ayrı məsələlərlə bağlı da buna meyllilik açıq-aşkar hiss olunur. Hazırkı çox mürəkkəb tarixi mərhələdə beynəlxalq münasibətlər sistemində çox eybəcər təzahürlər ortaya çıxır. Dünyanın, dövlətlərin qəbul etdiyi qlobal dəyərlər siyasi vasitəyə çevrilir və əslində ümumbəşəri mədəniyyətin, siyasi proseslərin tərəqqisinə deyil, ayrı-ayrı hegemon dövlətlərin maraqlarına xidmət etmiş olur. Bu, çox zərərli və qorxulu tendensiyadır. Hələ ötən əsrin ortalarında Uinston Çörçil deyirdi ki, demokratiya bizim uzaqvuran silahımızdır, biz bununla Avropadan kənarda istənilən hədəfi dəqiq vura bilərik. Müasir dövrümüzdə müsəlman Şərqində, postsovet məkanında, Şərqi Avropanın bəzi ölkələrində tətbiq edilən belə ikili standartlar siyasəti bir sıra hallarda bumeranq effekti yaradır. Avropada baş verən son proseslər zamanı biz bunun şahidi oluruq. Halbuki, demokratik prinsiplərə xidmət edən hər hansı bir dəyər beynəlxalq hüquq normaları, müqavilələrlə təsbit olunub, sanksiyalaşdırılıbsa, ona mütləq riayət etmək lazımdır. Çox təəssüf ki, bəzi hallarda buna əməl edilmədiyindən son nəticədə bizim qeyd etdiyimiz ikili standartlar siyasəti yaranır.
- Azərbaycan uzun illərdir separatizmdən, terrorizmdən əziyyət çəkən, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılan bir ölkədir. Lakin təəssüf ki, böyük dövlətlər Dağlıq Qarabağdakı separatçıları, işğalçı Ermənistanı öz adı ilə çağırmaq istəmir, əksinə, separatçılara maliyyə yardımları edilir. Ancaq Ukrayna və Gürcüstandakı separatçılara münasibətdə biz bunları müşahidə etmirik. İkili standartların daha bir nümunəsi sayılan bu mənzərə, xüsusən də separatizmə bəzi hallarda dəstək verilməsi nədən qaynaqlanır?
- Separatizm və terrorizm bir-birini tamamlayan radikal komponentdir. Lakin bu, heç də məsələnin hamısı deyil. Separatizm və terrorizmin bu səviyyədə qloballaşması imperializm və kapitalizmin onu dəstəkləməsindən irəli gəlir. Bu gün dünya siyasətini müəyyənləşdirən böyük güc mərkəzləri terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırmağı bacardılar. Onlar terror vasitəsilə milli dövlətlərə hücum etdilər. Həmin güc mərkəzləri qlobal terror şəbəkələri yarada bildilər. Eyni zamanda, təzyiq və ayrı-ayrı dövlətləri parçalamaq üçün separatizmi də silaha çeviriblər. Əslində normal şərtlərdə baş verməyəcək bir milli etnik qarşıdurmanı süni şəkildə yetişdirərək dövlətin probleminə çevirdilər. Bu proseslər 90-cı illərin sonlarından başlayıb. Azərbaycanda erməni separatçıları ölkənin ərazi bütövlüyünü təhdid edən separatizmə yol verən zaman dünya siyasətini müəyyənləşdirən, bizə yaxın və uzaq olan güc mərkəzləri baş verənləri üzdə qınasalar da, arxada dəstəklədilər. Nəticədə separatizmin yeni dalğası başladı. Bu, hazırda Avropaya da yayılmaqdadır. Əgər bəşəriyyət separatizm və terrordan qurtulmaq istəyirsə, ilk növbədə dünya siyasətini müəyyənləşdirən ölkələr bundan bir təzyiq, müharibə vasitəsi kimi istifadə etməkdən imtina etməlidirlər. Əks təqdirdə, onların dünyaya yaydıqları etnik separatizm və terrorizm özlərinə qarşı yönələcək. Biz artıq bunun şahidinə çevrilməkdəyik.
- Avropada əməl edilməyən "dəyərlər”dən Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunması, bunu edən ölkələrə qarşı etimadı azaltmırmı? Hətta BMT Təhlükəsizlik Şurasında təmsil olunan bəzi böyük dövlətlər buna yol verirlərsə, onlardan necə ədalətli mövqe gözləmək olar?
- BMT Təhlükəsizlik Şurasında təmsil olunan böyük beşlik bir sıra hallarda separatizmi və terrorizmi dəstəkləməklə yadda qalırlar. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, dünya siyasətini müəyyən edən də məhz həmin güclərdir. Maraqlı burasıdır ki, separatizm və terrorizm həmin dövlətlərin öz ərazilərində baş verdiyi halda buna qarşı çox kəskin və radikal addımlar atılır. Ancaq həmin dövlətlərin maraqlarına toxunmadığı, yaxud onların istədiyi halda terrorizm və separatizm bu dövlətlərin əlində effektiv silah olur. Bu silah vasitəsilə ölkələrin təbii sərvətləri istismar edilir, milli dövlətlər dağıdılır, intellektual sərvətləri talanır, tarixləri silinir. Hətta separatçı rejimlərin yaranmasına dəstək verir, onları silahlandırırlar. Ancaq unudulur ki, zaman keçdikcə bu prosesləri nəzarətdə saxlamaq qeyri-mümkün olur, separatizm getdikcə pis bir ənənəyə çevrilir. Hazırda Qərbdə bu proses baş verir. Biz bilirik ki, İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində, Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas, Provans və Korsika vilayətlərində də separatizm meylləri kifayət qədər yüksəkdir. Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominant etnosla eyni dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində, Belçikada da separatizm hərəkətləri baş verir. Hətta ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi ştatlarında, eləcə də tarixən konfederasiyaya daxil olmuş cənub ştatlarında da separatizm meylləri görünür. Son olaraq İspaniyada Kataloniyada eyni mənzərəni daha qabarıq formada müşahidə etdik. Avropanın mədəni və siyasi etnik mənzərəsi çox da sabit deyil, əksinə, xeyli mürəkkəbdir. Buradakı bəzi dövlətlərdə etnik separatçılığın sonrakı mərhələdə terrorizmlə əvəzlənməsi üçün çox əlverişli mühit var. Bunun üçün təbii əsaslar yetişib. Ona görə də neçə ki, gec deyil, dünya siyasətini formalaşdıran böyük güclər, böyük dövlətlər separatizmi, radikalizmi, terrorizmi rədd edən qətiyyətli siyasət yürütməlidirlər. Bunun üçün tək kriteriya, vahid standart müəyyən edilməlidir. Belə olarsa, bəlkə də bəşəriyyət gələcəkdə onu gözləyən bəlalardan sığortalana, geri dönə bilər. Lakin indiki mərhələdə aparıcı dövlətlərin belə bir addım atacağını proqnozlaşdırmaq sadəlövhlük olardı.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər