“Dəli yığıncağı”nın dəlisovları

“Dəli yığıncağı”nın dəlisovları

10 Oktyabr 2019, 14:00 211
Yeni mövsümdə izlədiyim ilk premyera Akademik Milli Dram Teatrında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda hazırlanan "Dəli yığıncağı” tamaşası oldu. Sözə ilk olaraq ondan başlayım ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunub.

Mədəniyyət naziri yeni mövsümün açılışında teatrlarda Cəlil Məmmədquluzadənin yubileyi ilə bağlı onun əsərləri əsasında yeni tamaşalar hazırlanacağını, silsilə şəklində maraqlı layihələr olacağını vəd etmişdi. Bu silsilə proqramların Azərbaycan teatrında yeni düşüncəyə, yanaşma tərzinə, yeni yaradıcılıq tapıntılarına yol açaraq, tamaşaçıların qarşısına keyfiyyətli məhsulla çıxmağa imkan verəcəyini söyləmişdi. "Baxmayaraq ki, teatrlarımızda bu vəsilə ilə klassik əsərlər səhnələşdiriləcək, onları müasir tərzdə, müasir təqdimatda bu günün tamaşaçılarına təqdim etmək olduqca vacibdir” deyərək fikrini əsaslandırmışdı. 

Bu gün biz o klassik əsərə yeni baxışı görə bildik. Amma və lakin... 

Qeyd edim ki, "Dəli yığıncağı” sonuncu dəfə Akademik Milli Dram Teatrında 1978-ci ildə Mehdi Məmmədovun quruluşunda hazırlanıb. 41 il sonra yenidən səhnə həyatı görən tamaşanın məşqləri ötən mövsümdən başlamışdı. Bu tamaşaya böyük ümidlər bəslənirdi. Əvvəla, ona görə ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov idi.

Onun Azərbaycan teatr səhnəsində biri-birindən maraqlı yenilikçi tamaşalarına şahid olmuşuq. Mənim üçün Bəhram Osmanov "Müharibə” tamaşası ilə yaradıcılığının ən pik nöqtəsinə qalxan yenilikçi bir rejissordur. "Dəli yığıncağı” tamaşası, onun yaradıcılığında ana teatrın səhnəsində "klassik əsərə yeni baxış” prizması isə, açığı, daha maraqlı idi. Kollektiv hamımızın, haradasa, əzbər bildiyimiz bir əsəri hansı şəkildə qarşımıza çıxaracaq, deyə düşünürdüm. Açığı, gözlədiklərim qədər olmasa da, rejissor əsərə fərqli baxım bucağından yanaşmağı bacarmışdı. 

Tamaşanın müəyyən səhnələrində sıxıcılıq, monotonluq hiss edilsə də, tamaşaçı ilə səhnə arasında müəyyən mübadilə baş verdi.

Tamaşa təyyarənin yerə enişi və xaricdən gələn psixoterapevtin, el dilində desək, dəli həkimi Lalbyuzun gəlişi ilə başlayır. Və budur, xaricdə təhsil almış, böyük məktəb keçmiş, ancaq bizim dilimizdən anlamayan, dərdimizə dərman ola bilməyən oxumuş əcnəbi həkim vətənimizdədir. Lalbyuz obrazının kişi olmasını gözlədiyimiz halda, bu həkim qadın obrazında görünür. Özü də rahibə geyimində. 

Rejissor tamaşanın hər səhnəsində tamaşaçıya müəyyən mesajlar ötürməyə çalışır, ölkəyə yeni gələn həkimə ağsaqqalların tamah salması, "xaricidir” deyərək başlarına çıxarması kimi məqamlara xüsusi önəm verir. Rejissor deməyə çalışır ki, əslində, heç də hər xarici mütəxəssis dərdimizə dərman ola bilmir.  Onların gəlişi, sadəcə, pul tələsindən savayı bir şey deyil.

Xalqın dilini bilməyən həkim, əslində, içində gördüklərinə gülür, sözdə dəlilərlə cəmiyyət arasındakı yaşanan bu sindromu anlasa da, özünü anlamazlığa vurur. 

Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, növbətçi rejissoru Mehman Fətullayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənova idi. Səhnə dekorasiyası tamaşanın ümumi ideyasını qoruyur və ona xüsusi bir rəng qatırdı. 

Tamaşadakı aktyor heyəti ifa etdikləri obrazlarla, həqiqi mənada, seçilirdilər. Belə ki, hər bir aktyor öz potensialını maksimum dərəcədə realizə edərək, öhdələrinə düşən  rolu mükəmməl şəkildə canlandırırdı. 

Səhnənin bu başından o biri başına var-gəl edən, qıvrım, rəngli saçları, əynindəki nimdaş paltarı ilə özünə diqqət çəkən Pırpız Sonanın səhnə yozumu maraqlı idi. Bu obrazı teatrın istedadlı aktrisası Əməkdar artist Vəfa Rzayeva canlandırırdı. Onun səhnə plastikası da hər zamankı kimi yerində və göz oxşayan idi. Səhnə də gözəllik istəyir, təbii ki, bu gözəllik peşəkarlıqla qovuşanda ifa daha baxımlı və rəngarəng görünür. Vəfa Rzayevanın ifasında biz o peşəkarlığı və rəngarəngliyi duya bildik. 

Xalq artisti Nurəddin Mehdixanlının canlandırdığı Fazil Küleyni obrazı aktyorun əyninə biçilmişdi. O ifası ilə din pərdəsinin altında gizlənən iyrənc dolu şəhvət hissini açıq şəkildə canlandıra bilmişdi. Hətta az qala, bizi də inandırmağa çalışırdı ki, şəriətdəki qanunlar bunu tələb edir. Öz qardaşı arvadına göz dikən Fazil istəyinə nail ola bilmir. Çünki cəmiyyətdə dəli kimi təqdim edilən Pırpız Sona axıra  qədər ona təslim olmur. 

Bəhram Osmanovun obrazlara uyğun aktyor seçimi, sözün əsl mənasında, yerində və dəqiq hesablanmış bir taktika idi. Rejissor tamaşa ərzində əsas ştrixləri və tamaşaçıya ötürdüyü mesajları daha çox özünü dəliliyə vuran həyat yoldaşı Pırpız Sonanı dəlilərin içində tək qoymayan Molla Abbasın vasitəsilə çatdırırdı. Rolun ifaçısı Elşən Rüstəmovun səhnə plastikası, ifa tərzi yenə də cəlbedici idi. Onun son səhnələrindən olan Lalbyuzla söhbətində cəmiyyətdə baş verənlər çılpaqlığı ilə göstərilirdi.

Tamaşada rol alan teatrın yaşlı sənətkarları cəmiyyətdəki varlı, nüfuzlu mollalar qismində təqdim edilmişdi. Bu dəyərli sənətkarları səhnədə bir arada görmək imkanı isə ayrıca bir zövq idi. Fərqli tamaşalarda, filmlərdə canlandırdıqları obrazları, rolları ilə tanısaq da, sanki qəhrəmanlar ordan qopub bir yığıncağa düşmüşdülər - dəli yığıncağına. Çoxdandır ki, onları bir arada, komanda şəklində görməmişdik. İndi isə əfsanələr bir yerdə, eyni səhnədə bir amal uğrunda çalışırdılar. Adına "dinimiz bunu tələb edir” deyərək min hoqqadan çıxan ziyalılarımız deyək. 
 
Tamaşanın sonunda Lalbyuzun gəldiyi təyyarə ilə geri dönəcəyini gözləsək də, gözlənilən nəticə hasil olmur. Belə ki, kəndin mollaları dəli olmuş qardaşların arvadlarını özlərinə arvad edərək şəhəri tərk edir, təkcə Pırpız Sonadan başqa. Pırpız Sona öz ərini qoyub gedə bilmir.  Əslində, Lalbyuz özü də sonda Molla ilə söhbətində dəlilərin heç də dəli olmadığını bildirir, onları bu hala gətirən cəmiyyəti qınayır. Lalbyuzun susqunluğu və daima səhnədə bir müşahidəçi olaraq görünməsi, hadisələri kənardan izləməsi özü ayrıca bir mesaj idi. 

Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakterlidir. Əsas ideya dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır. Məgər bu gün o xurafata, mövhumata uyanlar azdırmı? Məsələ burasındadır ki, onlara ünvanlanan mesajlara cavab axtarmalı tamaşaçı kütləsi bu gün teatra tərəf yön alırmı? Xurafatın ən qatı nümayəndəsinə çevrilən insanın yolu teatrdan düşürmü? Axı, bu tamaşa məhz onun üçün hesablanıb. Xurafata uymayan tamaşaçı üçün bu tamaşanın nə qədər tərbiyəvi əhəmiyyətə malik olması isə, hələ sual altındadır. 

Bir tamaşanın ərsəyə gəlməsi üçün aylarla, bəlkə də illərlə əmək sərf olunur. Əməyi qiymətləndirmək, onu dəyərləndirməmək isə günah olar. Tamaşanın səhnə hərəkəti və plastikası Ceyhun Dadaşova məxsusdur. Teatrın yeni yaradıcılıq əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Kazım Abdullayev (Hacı Nayib), Elşən Cəbrayılov və aktyor Elnur Qədirov (Formasyon Rüstəm), Vüsal Mustafayev (Sərsəm Salman), əməkdar artist Aslan Şirin və aktyor Rəşad Bəxtiyarov (Həmzat Qurban), əməkdar artist Rövşən Kərimduxt və aktyor İlyas Əhmədov (Cinni Mustafa), aktyor Mətləb Abdullayev (Şimrəli, Çavuş), əməkdar artist Əlvida Cəfərov (Hacı Məmmədəli), aktyor Rüstəm Rüstəmov (Hacı Xudaverdi), əməkdar artistlər Mirzə Ağabəyli (Hacı Cəfər), Elxan Quliyev (Hacı İslam), Kazım Həsənquliyev (Məşədi Hacı), Xalq artistləri Cəfər Namiq Kamal (Hacı Mədinə), Hacı İsmayılov (Hacı Əbdül Əzim), Rafiq Əzimov (Nəcəfül Əşrəf), əməkdar artistlər Məzahir Cəlilov (Hacı Bağdad), Əli Nurzadə (Kərbəlayi Türbət), Xalq artisti Əjdər Həmidov (Məkkə Məhəmməd), əməkdar artistlər Mətanət Atakişiyeva və İradə Həsənova (Məşədi Zeynəb), aktrisalar Firuzə Balayeva (Səkinə), Ləman İmanova, Dilarə Nəzərova, Fəridə Şahbazova çıxış edirlər.

"Dəli yığıncağı” nın Akademik Milli Dram Teatrının səhnəsində və repertuarında hələ çox görəcəyik. Zamanla özünüz də buna şahidlik edəcəksiniz. Yeni premyeralarda görüşmək ümidi ilə. 
 
Xəyalə Rəis