AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Dedim ki, sağsınızsa, 5 manatımı qaytarın” – Məktəb illəri

“Dedim ki, sağsınızsa, 5 manatımı qaytarın” – Məktəb illəri

Gənclik qəzeti
22 Fevral 2020, 12:00 4606
 
Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə, o illər yada düşəndə hər kəsin danışmağa sözü, xatirəsi çox olur. "OYUQ" teatr-studiyasının rəhbəri Səidə Haqverdiyevanın da o illərdən xatirəsi çoxdur, bu dəfə onlardan birini bizimlə bölüşdü:

"Bizim bir sinif rəhbərimiz var idi. 1-ci sinifdən o müəllim bizə dərs keçmişdi. O, məni çox istəyirdi, mən də onu. Həyat yoldaşı 1941-45 müharibəsində ölmüşdü və ikinci dəfə ailə həyatı qurmamışdı. Övladı yox idi, ona görə, məni özünə övlad bilirdi. Valideynlərimi də yaxşı tanıyırdı, bizə gəlib-gedirdi. Sonra elə oldu ki, valideynlərim məni evə yaxın bir məktəbə yazdırdılar. Bir-iki ay keçmişdi ki, yeni məktəbdə dedilər ki, sizin keçmiş sinif rəhbəriniz ölüb. Bu səbəbdən bizdən 1 manatdan pul yığıldığını bildirdilər. Mən də evdə dedim ki, Rəqibə müəllim ölüb, ona görə 1 manatdan pul yığırlar. Atam da dedi ki, sən 5 manat ver. Mən də 5 manat apardım. Üstündən 4-5 ay keçdi, ümumi bir hamama getmişdik. Bu zaman bir qadın gördüm, baxdım ki, həmin müəllimə çox oxşayır. Yavaş-yavaş yanına getdim. Məni görəndə, məhəbbətlə qucaqlayıb dedi ki, Səidə, qızım. Dedim ki, siz sağsınız? Dedi ki, əlbəttə. Dedim ki, sağsınızsa, 5 manatımı qaytarın. Həm güldü, həm də pərt oldu. Xəbəri var idi ki, onun ölüm xəbəri yayılanda, məktəbdə pul yığılıb. Üstündə pul az idi, 3 manat verdi, dedi 2 manatı da sonra verərəm. Anam məni o hərəkətimə görə döydü. Amma sonra bu hadisəni məktəbdə inşa kimi yazdım və çox müsbət rəylər aldım”. 
 
Aygün