• cümə axşamı, 28 mart, 13:08
  • Baku Bakı 16°C

Daxili, yoxsa xarici gözəllik? - Polemika

29.10.16 10:07 16496
Daxili, yoxsa xarici gözəllik? - Polemika
Deyirlər ki, "üzü gözəl olandan qırx günə doyarsan, könlü gözəl olandan qırx il də doymarsan”. Bir də bunun tamamilə əksi olaraq, "gözələ baxmağın savab olduğunu” deyirlər. Əlbəttə, gözəllik anlayışı nisbi olduğuna görə, hər kəs üçün fərqli anlamlar daşıyır. Bəziləri insanın daxili, digərləri əksinə, xarici gözəlliyinin mühüm olduğunu düşünür. Təbii ki, bu iki cəhətin birgə cəmləndiyi insanların sayı çox azdır. Ona görə də bəzən ikisindən birini seçməliyik. Bəs görəsən ailə həyatı qurarkən bunlardan hansına daha çox önəm verməliyik? İnsanda önəmli olan daxili gözəllikdirmi? Təkcə xasiyyəti gözəl olan, amma baxımsız, çirkin biri ilə ailə həyatı qura bilərikmi? Yaxud əksinə, özü gözəl, xarakteri pis olan insanı həyatımıza daxil edə bilərikmi? Bu suallarımızla gənclərimizə müraciət etdik.


"Həyatımda çirkin qadına yer yoxdur”
Rövşən Əsədov, müxbir

Rövşən deyir ki, onun üçün xarici gözəllik əsas meyardır: "Təbii ki, zövqlər fərqlidir. Mənim üçün yaxşı, gözəl olan, digəri üçün çirkin və kifir sayıla bilər. Xarici gözəlliyin əsas meyarım olmasının əsas səbəbi isə mənim çirkin olan hər şeydən uzaq dayanmağımdadır. Başqa insanlarla eyni bir mənzərəyə, əşyaya, insana baxarkən baxışlarımız, fikirlərimiz, mənzərədən dərk etdiklərimiz eyni olmaya bilər. Baxdığımız mənzərə çox çirkin və iyrənc olsa da, mən orada hansısa bir zahiri gözəllik axtaran insanam. Yəni mənim üçün gözəllik sırf gözlə görünəndir. Ümumiyyətlə, mən özümə müəyyən qadağalar qoymuşam. Bu qadağalardan biri də çirkinliklərə baxmaqdır. Ona görə də gözəllik mənim üçün əsas meyardır. Əgər mən ailə quracağım qadının göz oxşayan füsunkar gözəlliyindən heyran olmayacağamsa, o, lap acı sözlərimə can desə də, qəbuledilməzdir. Ona görə də seçəcəyim xanımın daxili aləmini ikinci planda görürəm”.
Həmsöhbətimiz deyir ki, ailə qurduqdan sonra xarakter məsələsi həll oluna bilər: "Belə bir məsəl var ki, atı atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olur. Ailə qurduqdan sonra nə qədər acı xasiyyətli biri olsa da, öz psixologiyama və iradəmlə müəyyən məqamlarda onun səhvlərini və yanlışlarını düzəldə biləcəyimə əminəm. Eyni zamanda, əgər səhv məndədirsə, yanlışlığı etiraf edib səhvimi düzəltməkdən də heç zaman utanmaram. Bu kriteriyamın mənim nə ailə həyatımda, nə də iş həyatımda problem yaradacağını düşünmürəm. Özümdən və ailəmdən başqa kimsənin barəmdə nə isə söyləməsi, yaxud haqqımda nələrsə düşünməsi məni qətiyyən qıcıqlandırmır və maraqlandırmır. Onların sözlərini belə kəsmək istərdim ki, həyat mənimdir və bu həyatda çirkinliyə, çirkin qadına yer yoxdur”.

Hər ikisi olmalıdır...
Hicranə İsmayılova, tələbə


Hicranə məsələyə bir qədər fərqli aspektdən yanaşır. O deyir ki, xarici gözəllik önəmlidir. Lakin insanı evliliyə həmin şəxsin daxili gözəlliyi aparır: "Düzdür, heç birimiz xarici gözəlliyini bəyənmədiyimiz birinə, daxili gözəlliyini tanımaq üçün şans vermirik. Ona görə xarici gözəllik daxili gözəllikdən daha vacibdir. Çünki hətta bazardan meyvə alarkən belə, onun ilk olaraq görünüşünə fikir veririk. Çünki insanın gözünü oxşamayan, zövq verməyən hər şey istər-istəməz onda qıcıq yaradır. Amma bəzən heç də hər şey istədiyimiz kimi olmur. Üzü gözəl olanın sonradan xarakterinə bələd olduqca yanlış seçim etdiyimizin fərqinə varırıq. Xarici gözəllik evlilik üçün kifayət edirmi? Əlbəttə ki, yox. Bir çox evliliklərdəki problemlər məhz elə buradan başlayır. Mənim fikrimcə, insanın xarici gözəlliyi ilkin tanışlıq üçün önəmlidir. Evlilik üçün isə bu iki cəhətin hər ikisi mühüm şərtdir”.
Həmsöhbətimiz deyir ki, bəzən istisnalar olur. Çünki insanın bir tərəfi digərini unutdurur: "İstisnalar o zaman yaranar ki, qarşındakı insanla tanış olarkən məqsəd onunla hansısa münasibətyaratmaq olmasın. Yəni kiminləsə sadəcə tanış ola, yaxud dost kimi tanıya, onunla söhbətləşə bilərsən. Lakin sonradan onu tanıdıqca, daxili aləminə bələd olduqca, ondakı müsbət cəhətlər aşiq olman, hətta evlənmək üçün zəmin rolu oynayır. Qarşındakı insanın xarakterini, xasiyyətini, müxtəlif mövzularda həmfikir olmanızı, sizə, ətrafdakılara olan münasibətinizi və s. müsbət tərəflərini görüb məhz daxili gözəlliyinə görə xarici gözəlliyin üstündən rahatca xətt çəkmək olar”.

Daxili gözəllik olmazsa olmaz...
Xəyalə Bünyatova, jurnalist


Xəyalə isə deyir ki, insanda mühüm olan daxili gözəllikdir. Onun fikrincə, insanın daxili gözəl deyilsə, onunla ailə qurmaq düzgün deyil: "Etiraf etmək lazımdır ki, bu gün heç kəs xarici görünüşünü bəyənmədiyi birinə özünü tanıtmaq üçün şans vermir. İlkin mərhələ üçün xarici görünüş önəmlidir. Lakin qeyd etdiyim kimi, bu, ilkin mərhələdə önəm kəsb edir. Bundan sonra münasibətlər ciddiləşdikdə isə təbii ki, xasiyyətlərin uyğunlaşması rol oynayır ki, burada da yenə daxili gözəllik vacib olur ”.
Həmsöhbətimiz deyir ki, ailə quran insanları bir-birinə xarakter uyğunluğu və səmimiyyət bağlayır: "Zənnimcə, bir insanın gözəl xasiyyəti, zəngin daxili aləmi onun bütün xarici qüsurlarını kölgədə qoya bilər. Amma xarici gözəllik tamamilə əks mövqedə olduğumuz, daxili keyfiyyətləri ilə heç də müsbət insan kimi formalaşmayan şəxsi bizə qəbul etdirə bilməz. Düşünürəm ki, insanları bir-birinə bağlayan xarici gözəllik yox, daxili mənəvi keyfiyyətlər olmalıdır. Uzunmüddətli münasibətlər də məhz qarşılıqlı anlaşma və hörmətə söykənir. Belə olduğu halda xarici gözəllik artıq əhəmiyyətini itirir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər