AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Davos Bakıya gəlir

Davos Bakıya gəlir

İqtisadiyyat
30 Mart 2013, 11:32 1343
Bu il aprelin 7-8-də Davos Dünya İqtisadi Forumunun növbəti regional toplantısı Bakıda keçiriləcək. Artıq forumla bağlı hazırlıqlar başa çatdırılmaq üzrədir. Forumda dünyada tanınan biznes adamları, siyasi liderlər, görkəmli ziyalılar və aparıcı jurnalistlər dəvət edilib. Hələlik Bakı toplantısının gündəliyi açıqlanmasa da, ümumilikdə dünya iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitlik, beynəlxalq maliyyə sisteminin stabilliyinin əldə edilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və s diqqət çəkən problemlərin diqqət mərkəzində olacağı şübhə doğurmur. Bir sözlə, bir neçə gündən sonra bütün dünyanın diqqəti Azərbaycana yönələcək, dünyanın iqtisadi dairələrinin nəzərləri Bakıda olacaq.

Qeyd edək ki, forumun Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü zamanı əldə olunub. Həmin görüş zamanı tərəflər Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edib. Bu əlaqələrin son illərdə inkişaf edərək yeni mərhələyə daxil olduğu bildirilib. Qeyd edilib ki, bu Forum, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa müsbət təsir göstərir. Ümumi razılığa əsasən, Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçirilməsi qərara alınıb və bunun mühüm hadisə olacağı vurğulanıb.

Davos Dünya İqtisadi Forumunun növbəti toplantısının Bakıda keçirilməsi həqiqətən də böyük hadisədir. Bu tədbir ilk növbədə Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcək. Bundan əlavə, Davos Dünya İqtisadi Forumunun növbəti toplantısının Bakıda keçirilməsi haqqında qərar heç də təsadüfən qəbul edilməyib. Sirr deyil ki, Davos İqtisadi Forumu bir növ dünyada baş verən iqtisadi inteqrasiya və tendensiyaların müzakirə olunduğu və iqtisadi platformada əməkdaşlığın gələcək prespektivlərinin müəyyənləşdirildiyi iqtisadi platformadır. Eyni zamanda, Azərbaycanın son illərdəki iqtisadi inkişafı da diqqətlə izlənilməkdədir. Analoqu olmayan bu inkişaf, onun səbəbləri, region və dünya ölkələrinə təsiri ciddi şəkildə öyrənilməkdədir. Başqa sözlə desək, hazırda iqtisadi inkişafın Azərbaycan modeli bütün dünyanın diqqət mərkəzindədir. Bakıda keçiriləcək forum çərçivəsində də Azərbaycanın əldə etdiyi uğurlar bir daha nəzərdən keçiriləcək. Dünyanın iqtisadi nəhənglərini, iqtisadçılarını maraqlandıran məqamlardan biri də son illər dünyadakı maliyyə böhranının Azərbaycandan yan keçməsidir. Məlum olduğu kimi, dəhşətli iqtisadi böhran nəticəsində dünyanın əksər ölkələrinin, o cümlədən Avropanın inkişaf etmiş ölkələrinin, ABŞ-ın iqtisadiyyatında ciddi geriləmələr müşahidə edilmişdi. Bütün bunlara baxmayaraq, böhran Azərbaycan iqtisadiyyatına təsir göstərməmişdi. Azərbaycan hökumətinin verdiyi adekvat qərarlar, çevik reaksiyalar ölkəmizin bu böhrandan cüzi itki ilə çıxmasını təmin edib. Yəqin ki, Davos Dünya İqtisadi Forumunun Bakıdakı toplantısı zamanı Azərbaycanın bu uğura necə nail olması ilə bağlı da ətraflı müzakirələr keçiriləcək. Başqa sözlə desək, dünya, iqtisadiyyat nəhəngləri Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməyə çalışacaq. Bir sözlə, Davos İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın inkişaf edən iqtisadi qüdrətinə olan münasibətin nəticəsidir.

Forumun Bakıda keçirilməsi barədə qərarın verilməsi Azərbaycandakı iqtisadi proseslər və iqtisadi inkişaf tendensiyalarının neft və digər karbohidrogen ehtiyatları üzərində qurulmadığını da dünyaya sübut edir. Məlum olur ki, Azərbaycan ötən illər ərzində real əsaslar və şaxələnmiş iqtisadi institutlar formalaşdıra bilib. Ölkəmiz məhz bununla dünya iqtisadiyyatının diqqətini cəlb etməklə növbəti iqtisadi forumun Bakıda keçirilməsinə nail olub. Bu, ümumilikdə Azərbaycan iqtisadi siyasətinin təntənəsi kimi qəbul edilə bilər. Verilən qərar həm də Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dünya iqtisadi cəmiyyətinin verdiyi yüksək qiymətin ifadəsi kimi qəbul olunmalıdır.

Forumun toplantısının Bakıda keçirilməsi barədə qərarın verilməsi həm də Azərbaycan dünyada əsas iqtisadiyyat partnyorlarından biri olduğunu göstərir. Forumun Azərbaycanda keçirilməsi həm də ölkəmizin iqtisadiyyatına, biznes əlaqələrinə, ümumilikdə isə dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Davos Forumu ölkəmizə dünyanın aparıcı şirkətləri tərəfindən investisiya qoyuluşuna başlıca zəmin yaradacaq.

Ekspertlər hesab edirlər ki, Davos Dünya İqtisadi Forumunun növbəti toplantısının Bakıda keçirilməsi haqqında qərarın verilməsi həm də Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun və hörmətinin artmasının nəticəsidir. Bu da təsadüfü deyil. Azərbaycan son illər regionun əsas güclərindən birinə çevrilib. Ölkəmizdəki iqtisadi inkişaf, dini və mili tolerantlıq, sabitlik bütün dünyada təqdir edilməkdədir. Bunun nəticəsi olaraq Bakıda tez-tez çox əhəmiyyətli, müxtəlif xarakterli beynəlxalq tədbirlər keçirilir. Paytaxtımız tez-tez iqtisadiyyatla, idmanla, mədəniyyətlə, böyük siyasi-hüquqi məsələlərin araşdırılması ilə bağlı beynəlxalq konfransların, toplantıların ev sahibi olur. Bütün bunların davamlı olması ölkəmizin beynəlxalq nüfuzunun, imicinin artdığından xəbər verir. Bütün bunlar forumun yüksək səviyyədə keçiriləcəyinə şübhə yeri qoymur. Ötən illərin təcrübəsi Azərbaycanın bu tipli beynəlxalq tədbirləri yüksək peşəkarlıqla təşkil etmək imkanlarına malik olduğunu göstərib. Forumun rəhbərliyi də bütün bunları nəzərə alaraq tədbirin Azərbaycanda keçirilməsinə qərar verib.

Bütün bunları beynəlxalq medianın Forumun növbəti toplantısının Bakıda keçirilməsinə böyük diqqət göstərməsi də sübut edir. Təsadüfü deyil ki, artıq "Euronews" kanalı da Azərbaycan paytaxtında keçiriləcək Dünya İqtisadi Forumu haqqında məlumat yayıb. Forum günlərində isə dünyanın əksər media quruluşları öz təmsilçilərini Azərbaycana göndərəcəklər. Bütün bunlar ölkəmizin təbliği baxımından da öz rolunu oynayacaq.
İlham QULİYEV