Daşınmaz əmlak dövriyyəsini sivil formaya salacaq addım
Torpaq istifadəçiliyində onlayn
nəzarətlə bağlı planşetlərin tətbiqinə başlanılıb. Əmlak Məsələləri Dövlət
Komitəsi (ƏMDK) innovativ yanaşma tətbiq etməklə, ictimaiyyətin diqqətini cəlb
edib. Belə ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət müasir
texnologiyalar əsasında, planşetlər vasitəsilə həyata keçiriləcək. Torpaqla
bağlı nəzarət mexanizmini təkmilləşdirəcək planşetlərin istifadə qaydaları,
üstünlükləri, mahiyyəti ilə bağlı oktyabrın 17-də Əmlak Xidmətləri Məkanında
tədbir keçirilib. Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin
Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktorunun
müavini Eldəniz Qafarov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına
uyğun olaraq komitə fəaliyyəti üzrə institusional yeniliklərin, innovativ
xidmətlərin, müasir yanaşmaların tətbiqini genişləndirir. ƏMDK digər sahələrlə
yanaşı, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin
təkmilləşdirilməsi ilə bağlı torpaq inzibatçılığında yeni yanaşmalar, intensiv
metodlar, mütərəqqi texnoloji yeniliklər tətbiq edir. Yeniliklərdən biri də
təqdimatı keçirilən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin
məlumatları əlavə olunmuş planşetlərdir. Planşetdən istifadə etməklə torpaq
sahələrinə daha sistemli şəkildə nəzarət olunur, işin keyfiyyəti artır,
idarəetmə mexanizmi təkmilləşir. Qeyd olunub ki, bu, torpaqların keyfiyyətində
baş verən dəyişikliklərin operativ olaraq müəyyənləşməsinə şərait yaradacaq. Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, torpaq
inzibatçılığında planşetlərin istifadəsi görülən işin avtomatlaşmasına, bu
sahədə tətbiq ediləcək innovativ yanaşmaların genişlənməsinə şərait yaradacaq. Planşetlərin
tətbiqinin bu sahədə olan problemlərin həllinə nə kimi töhfə verə biləcəyini öyrənməyə
çalışdıq.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti
Əliməmməd Nuriyev bildirdi ki, bu informasiya
daşıyıcısının istifadəsi torpaq qanunvericiliyinin pozulması hallarının
qarşının alınmasına, bu sahədə görülən işin operativ olaraq yerinə
yetirilməsinə, şəffaflığın artırılmasına imkan verəcək: "Torpaq bizim
sərvətimizdir. Torpaqdan düzgün istifadə edilməsə, nəzarət edilməsə, mühafizə
olunmasa, öz dəyərini itirər. Ona görə də, ölkəmizdə torpaqların yaxşı idarə
edilməsi üçün müvafiq alətlərə ehtiyac var. Təqdim edilən xidmətin mahiyyəti ondan
ibarətdir ki, müfəttişlər planşetlərlə təchiz olunacaqlar və orada torpaqlar
haqqında zəruri olan bütün məlumatlar yerləşdiriləcək. Artıq istənilən müfəttiş
torpaq sahəsinin bələdiyyəyə, dövlətə, yoxsa hansısa şəxsə məxsus olduğunu, həmçinin
torpağın kateqoriyası, təyinatı müəyyənləşdirə biləcək. Eyni zamanda hər
hansısa pozuntu baş verərsə, bunun qarşısı alınacaq. Məsələn, qeyd olunan
torpaqdan təyinatı üzrə istifadə edilmədiyi aşkarlanarsa, dərhal müdaxilə
ediləcək. Çünki bu, inzibati qayda pozuntusudur. Yeniliyin tətbiqi bütün
torpaqlar elektronlaşdıqdan sonra baş tutacaq. Bu prosesdə əsas nüans ölkənin
bütün ərazisinin internetlə təmin olunmasıdır”.
Ə. Nuriyev
vurğuladı ki, bu, həm də torpaq inzibatçılığı işini asanlaşdıracaqdır: "Torpaqlar
üzərində nəzarəti həyata keçirməli olan qurum, növbəti mərhələdə nəzarəti daha
yaxşı həyata keçirə və idarə edə biləcək. Yəni proses elektronlaşaraq son
dərəcə asanlaşır. Eyni zamanda Azərbaycanda daşınmaz əmlak dövriyyəsini daha da
sivil formaya salacaq. Hər on gündən bir torpaqlar haqqında məlumat
yenilənəcək. Ona görə, bu addım torpaq mülkiyyətçilərinə də böyük fayda
verəcək. Bu sahədə yaşanan ən böyük problemlərdən biri də torpaqların
sərhədlərinin müəyyənləşdirilməsidir. Elektronlaşma bu mübahisələrin də aradan
qalxmasına səbəb olacaq. Həmçinin vətəndaşların vaxtının və pulunun boşa
getməsinin qarşısını alacaq. Yəni vətəndaşın torpağı ilə bağlı məsələdə hansısa
quruma getməsinə ehtiyac qalmayacaq. Yeni xidmətin tətbiqi, torpaqlardan
səmərəli istifadəni də təmin edəcək. Bundan başqa, ən əsas məsələ odur ki, qanunsuz
sövdələşmələrə son qoyulacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir
ki, elektornlaşma çox gözəl
addımdır, amma həddindən artıq gecikib: "2000-ci illərin əvvəllərində
bələdiyyələr torpaq satışı ilə məşğul olmağa başladılar. Həmin torpaqlarda isə
fərdi yaşayış evləri tikilib. Günümüzdə vətəndaşların əksəriyyəti həmin
torpaqlara sənəd ala bilmir. Bu da əmlak sahəsində bir sıra problemlərə səbəb
olur. Tətbiq ediləcək yeni xidmət bu kimi problemlərin aradan qalxmasına kömək
edəcək. Belə ki, müfəttiş əlində planşetlə torpağa yaxınlaşanda onun hansı
quruma aid olduğunu, torpağın təyinatı ilə bağlı ətraflı məlumat əldə edəcək.
Bu, vətəndaş üçün də əhəmiyyətli olacaq. Yəni kimsə torpaq almaq istəyəndə, ona
lazım olan məlumatı asanlıqla əldə edəcək. Əslində, bu, çox gözəl addımdır,
amma həddindən artıq gecikib. Çünki hazırda Bakı-Abşeron ərazisində boş torpaq
sahəsi qalmayıb. Yəni boş görünən torpaqların 90% -nin sahibi var. Bu sistem
bölgələrdə daha yaxşı işləyəcək. Orada torpaqlarla bağlı qanunsuz addımların
qarşısı ciddi şəkildə alınacaq”.
Günel
Azadə