• çərşənbə axşamı, 19 mart, 10:29
  • Baku Bakı 8°C

Daş - Hekayə

09.07.20 19:35 10704
Daş - Hekayə
Səfərin ölümündən hamıdan əvvəl yenə də Vidadi xəbər tutmuşdu. Elə bil kənd sakinləri canlarını tapşırmamışdan əvvəl Vidadiyə xəbər göndərib qəbirlərini ona əmanət edirdilər.
O da kimsəni gözləmədən kürəyini, külüngünü götürüb qəbiristanlığa yol alırdı. İndiyəcən "son mənzil” hazırladığı adamların say-hesabı bəlli deyildi, elə bir ucdan qazırdı. Tay-tuşları hərdən ona "goreşən” də deyirdilər...
Bir bel boyu qazmışdılar ki, yumruq boyda daşlar çıxmağa başladı. Get-gedə daha böyük daşlar görünürdü. Sanasan torpağın canı üyüşür, qazılmaq istəmirdi. Qazma, sonra da lomu işə qoşsalar da, torpaq üz bərkitdiyindən, elə bil iynəylə gor qazırdılar.
El-obada deyirdilər ki, qəbri daşa çıxan adamlar yəqin sağlığında cələkəsən, gölə qələmə sancan, evyıxan olurlar. Ancaq indi kimsə bu cür düşünmək istəmirdi.
Səfər barəsində hərənin ağzından bir avaz gəlirdi. Kimisi deyirdi ki, guya beş-altı yaşı olanda kino göstərən Səməndər kişi kənd klubunda "Qərib cinlər diyarında” filmini verirmiş. O da lap qabaqda dayanıb gözləri bərəlmiş vəziyyətdə filmə baxırmış. Beş-on dəqiqədən sonra qəflətən bağıraraq camaatı yara-yara klubdan qaçır birbaş evlərinə. O gündən bir daha özünə gəlmir. Deyirdilər ki, guya kinoda çin vurub onu...
Çoxları da deyirdi ki, Səfər anasının boyunda olanda atası ağzını açıb hürməyə taqəti belə olmayan qoca itlərini aparıb kəndin kənarında söyüd ağacından asıb. Tanrının da barmağı yoxdu ki, basa adamın gözünü tökə. Bu əməlinin qarşılığında uşağı onlara göz dürtməsi verib.
Ancaq bütün bu olanlar təkcə Səfərin anasına məlum idi. Anası hər soruşana danışırmış ki, Səfər ikigünlük olanda qonşularından dualı bir arvad xəbər-ətərsiz soxulur evə. Çağanı onun başı üzərinə qaldırmağa macal olmur. Babası kömür sobasının sünbəsiylə otağın süpürgə suvağı çəkilmiş divarını boyaboy cızır. Uşağınsa bələyinə su səpirlər...
Bilirdilər ki, bu dua həngamə məsələdi, yüz cür fitnə-fəsadı olur. Bir dəfə uzun illər övladı olmayan, özü də dualı bir gəlini aparmışdılar yenicə küçükləyən qancığın üstünə. Bir neçə dəqiqədən sonra qancıq balalarını bir-bir yuvasından kənara tolazlamışdı. Səhəri gün görmüşdülər ki, küçüklərin hamısı tələf olub, anaları da o həndəvərdə yoxdu. Həmin dualı qadının əvvəlcə oğlu, sonra da qızı doğulmuşdu.
Ona görə də dualı arvadın bu əməli az qalırmış Səfərin anasının bağrını çatlatsın. Çünki qocalardan da eşitmişdi ki, qırxlı uşağın üstünə dualı adam gələndə o çağa çox yaşamır, torpağa yamaq olur. Həm də bu səbəbdən ölən uşaqların rəngi gömgöy göyərir.
İndi üzü qibləyə uzadılan Səfər göyərməmişdi. Buğdayı sifəti par-par parıldayır, vücudunun gizləndiyi "köynəyin” rəngi kimi ağarırdı...
Ağlı kəsəndən Səfəri at yerinə də işlədərdilər, dəvə yerinə də. Boş buraxanda da evlərinin yanında vedrəyə oxşar daşın üstündə oturub cadar-cadar olmuş əllərinə batan tikanları təmizləyər, dırnaqlarının arasını eşib tökərdi.
Üzündə tükün təkəmseyrəkliyini, ilk arvadının bir həftədən sonra onu atıb atası evinə qaçmasını əsas gətirənlər Səfərin övlad sahibi olmasına inanmırdılar. Ancaq günlərin birində evlərinin yanından keçən, əri Böyük Vətən müharibəsindən qayıtmayan ağbirçəkdən elə bir şey istəmişdi ki, yazıq arvad tumanının ətəyini əlinə yığıb, yıxıla-dura oradan uzaqlaşmışdı. Hərdən qonşu arvadlar Səfərin fağır licimindən söz salanda bu qarı "Ay onu yazıq ilan çalsın!” – deyə qarğıyardı.
* * *
Elə bil günəşin yerə qəzəbi tutmuşdu – hər şeyi külə döndərmək istəyirdi. Ağacların yuxarı budaqlarındakı yarpaqların imkanı olsaydı, qopar, kölgəli yer tapıb sərinləyərdilər. Zəhrimar isti gecələr kənd sakinlərini şirin yuxuya aparan Zoğala dərəsinin də nəğməsini kəsmişdi. Zoğala sanki tərli-tərli soyuq su içmişdi. O, insan deyildi ki, andız dəmləməsi, dovşan qanı, yumurta içirdib səsini açasan...
Ölü sahiblərinin narahatlığı əbəs deyildi. Bu qızmar vaxtda meyiti çox saxlamaq olmazdı. Üstəlik, Səfərin sonbeşiyindən savayı uşaqların dördü də kirimək bilmirdi. Beş-on dəqiqədən bir qəbirqazanları haraylayıb tələsdirirdilər.
Göydən od yağan bir vaxtda qəbirqazanların kefi gəlməmişdi ki, boş-boşuna girələnsinlər. Onlar da bir an öncə Səfərin yerini rahatlayıb öz canlarını bu əzabdan qurtarmaq istəyirdilər. Torpaqsa hələ də ipə-sapa yatmırdı.
Qəbiristanlığın yaxınlığında dünyadan cavan köçən bir qızın adına bulaq vardı –içəndə adamın dişlərini sızıldadırdı. Oradan su daşıyıb torpağı isladırdılar. Məsafə qısa olduğundan gətirilən suyun şaxı o qədər də sınmırdı, buz kimi soyuq olurdu. Daşların arasından suyu canına çəkən torpaq elə qəribə səs çıxarırdı ki, deyərdin bəlkə dil açıb danışacaq. Deyəcək ki, "Ay insafsızlar, niyə yaxamı açıb cəhənnəm istisini canıma doldurursuz. Bircə yaxamı örtün, bu sərin su başınıza dəysin...”.
Vidadidən – baş qəbirqazandan savayı hamı gileylənirdi. Elə bil ilk dəfəydi yayda qəbir qazırdılar. Düşünmürdülər ki, əzrailin heç kimlə zarafatı yoxdu. İstədiyi vaxt əcələ him eləyir, adam o dünyalıq olur. Bəlkə istidən bezənlər ölməmişdən qabaq əzraildən xahiş edəcəkdilər ki, bizi yazda öldür, yox bir payızda apar. Vaxtilə bir hörmətli şair yazda ölməyi diləsə də, bu arzusu gözündə qalmışdı. Əzrail qışın bir addımlığında onu nəm, soyuq torpağın altına salmışdı...
Qəbrin şam hissəsini qazırdılar. Vidadi Səfərin boyuna tutulan xam ipi əlinə alanda orta məktəbdə riyaziyyat müəllimlərinin onları danlayarkən dediyi "boyunuza xam ip tutum” bədduasını xatırladı. İpi təxmini nəzərdən keçirdi. Gözlərinə inanmadı. Elə bil səkkizinci sinif şagirdinin boyuna ölçülmüşdü. Düşündü ki, yəni Səfər bu qədər əriyib qurtarıb?! Halbuki qəbrin şamını daha geniş nəzərdə tutmuşdular. Onların qazacaqları yerə bu ölçüdə iki meyit yerləşərdi.
Üç-dörd ay idi ki, Səfər xeyli arıqlamış, yerişi-duruşu da dəyişmişdi. Heç əməlli-başlı bir işin qulpundan tuta bilmirdi. Öz-özünə elə hey "O gözəgörünməz adamın ömründən kəsib qoysun baxtının üstünə”, "Nə əvvəlim meydan olaydı, nə axırım zindan”, – deyə azarlanırdı. Vur-tut dörd-beş şəkli olardı. Ancaq onların heç birinə baxmağı sevməzdi. Güzgüyə də nifrət eləyirdi. Bilirdi ki, o, adamı necə var, elə də göstərir, ondan heç nəyi gizlətmək olmur. Çox vaxt üzündəki üç tək-bir cüt tükü də güzgüsüz qırxıb tökürdü.
Bir dəfə rayonun partiya təşkilatından gəlib həyətlərində şəklini çəkmək istəyəndə etiraz eləmişdi ki, bircə o, partiyanın üzvü olmasa, təşkilatın qapıları bağlı qalacaq! Bir də demişdi ki, yəqin şəklimi üstünüzdə gəzdirəssiniz ki, uşaq-muşaq səs-küy salanda onlara göstərib qorxudasız?! Rayondan gələnlər bu sözə qarınları cırılanacan gülmüşdülər...
İndi xalçaya bükülən Səfərin başına toplaşanlardan təkcə "tabut zınqırovu” – sonbeşikləri ora-bura atıla-atıla gülürdü. O, hələ olanlardan xəbərsiziydi. Gülə-gülə yaxınlaşıb atasının büküldüyü xalçanı dartışdırıb açmağa çalışsa da, imkan vermirdilər.
* * *
Arabir Səfərgildən qəbirqazanlara səslənir, tələsdirirdilər. Vidadigil də bir an olsun dayanmamışdılar. Elə bil kiminsə qəsdən doldurub bərkitdiyi daşları bir-bir yerdən çıxarmağa məhkum olmuşdular. Qəbir əkin sahəsi deyildi ki, hərə bir tərəfdən düşüb belləyib çıxsın başa. Yüz adamı bura tökməyin də mənası yoxuydu. Bu heyində kəndin mollası Məşədi Qabilin cır səsi dərənin o tayında qəbirqazanların onsuz da istidən qaynayan beynini eşələdi:
– Ə tez olun! Xalxın ölüsünü qoxutmaq istəyirsiz?! Girələnməyin, istidi!
Vidadinin alnının qırışları keçəl başından axan tərin məcrasını qulaqlarına sarı dəyişirdi. Əsəbdən ovurdları səyriyirdi. Birdən partladı:
– Ə noolsun Məşədisən, Allahız olsun, bu dəqiqə iti bağlayasan bura, qırıb qaçmasa, nə deyirsiz, deyin!
Heç beş dəqiqə keçməmişdi, elə bil Məşədi Qabil torpağın altından lağım atıb yanlarında peyda oldu.
Hamının baxışı dişi bağırsağını kəsən Vidadiyə tikildi.
Məşədi yarıkinayəli dedi:
– Yorulmayasız, ə nə uzun çəkdi bu Səfərin qəbri. Hələ ömrümdə belə şey görməmişəm...
– Məşədi, nə yaxşı ki gəldin, – Vidadi vəziyyətdən çıxmaq üçün sözləri yan-yana düzdü.
– Bayaq ordan bizi haraylayanda qanım bərk qaralmışdı. İndi gördün biz niyə qəbri qazıb qurtara bilmirik!? Sonra da sağ əlini qaz boğazı
formasında əyib alnının tərini silərək Qabilin gözünün içinə baxıb soruşdu:
– Məşədi, eşitdiyimə görə, qəbri daşa çıxan, çətin qazılan adamlar sağlığında bir salamat işin başına çatı salmırlar, doğrudu?!
– Uydurmadı! Qulağınızda sırğa eləyin, dində belə şey yoxdu. Guya bilmirsən Səfər kimsənin toyuğuna daş atmayıb?! Bu sizin günahınızdır. Gərək bərkə çıxan kimi qəbrin yerini dəyişəydiz.
– Biz köstəbəyik bəyəm, buraları qazıq-qazıq eləyək?! – Vidadi dodaqaltı mızıldandı.
Xam ipi bir də şamın içində qəbrin o baş-bu başına tutdular. Dərinliyi normal olsa da, üst tərəfdən bir qədər pilləkənə bənzəyirdi. Bu, Məşədi Qabilin
də gözündən yayınmadı:
– Ə, deyəsən, Səfər məzarına öz ayağı ilə girəcək. O pilləni yığışdırın!
Səfərin əbədi mənzilinin bütün əyər-əskiyi qaydaya qoyuldu. Onu təkadamlıq "ev”inə köçürməyin vaxtı çatmışdı. Bir-iki il əvvəl Səfəri üç nəfər zorla yerdən qaldırardı. İndi tabutu elə rahat gətirirdilər ki, deyərdin bəlkə Səfər tabutda yoxdu, məzarına öz ayağıyla gəlir. Qəbiristanlığa çatanda tabutu üç dəfə yerə qoyub, yuxarı qaldırdılar. Böyük qardaşı camaatdan halallıq istədi. Hamı xorla halal elədiyini dedi.
Qazıb bayıra atdıqlarının çoxu daş olduğundan tərs kimi indi də Səfərin üzərinə tökməyə torpaq tapılmırdı. Ətrafdan vedrələrlə torpaq daşıyıb qəbrin üstünü hamarladılar...
Məzar daşı ustalarına Səfərin keç vaxt baxmaq istəmədiyi dörd-beş şəklindən ən yaxşısını vermişdilər. İl mərasiminə bir-iki gün qalmış məzarüstü daşları rayon mərkəzindən gətirdilər. Başdaşını dikəldib bərkidəndə Səfərin böyük qardaşını sanki ildırım vurdu. Daşa döyülən şəkildəki adam heç cürə Səfərə bənzəmirdi. Üzündə üç tək-bir cüt tük olan Səfərə əməllicə bığ düzəltmişdilər. Böyük qardaşı qəbir qazılarkən çıxarılıb kənarda qalaqlanan daş yığınını göstərib qəzəblə yarımçıq ustalara bağırdı:
– Ə insafsızlar, ta bunların o daşlardan nə fərqi oldu ki?!
İllər sonra Səfərin ölümü də, onun əzabla qazılan qəbrindən çıxan daşlar da unuduldu. Bircə Səfərin başdaşından boylanan, ancaq özünə bənzəməyən şəkli əzizlərinin qəbiristanlığa hər gəlişində ayrı bir nisgilə çevrilirdi.../"Ulduz".-2020.-İyun/
Fariz YUNİSLİ
banner

Oxşar Xəbərlər