Daş deyil, ürəkdir bu
Bütün dünyada ürək-damar
xəstəlikləri gəncləşir, amma Azərbaycanda problemin daha böyük olduğu
bildirilir
2007-ci ildə 12218 gəncə (14-29 yaş arası) ilk dəfə qan dövranı
sistemi xəstəlikləri diaqnozu qoyulubsa, 2019-cu ildə bu rəqəm 25200
nəfər olub . 2 dəfədən çox artım. Bəli, ürək, qan-damar xəstəlikləri gəncləşir, bu, neçə
illərdir statistik rəqəmlərdə də özünü
göstərir. Əvvəllər ürək, qan-damar xəstəliklərini daha çox 40-50 yaşlardan
yuxarı şəxslərdə müşahidə edirdik, bu xəstəliklərdən ölüm hallarına da, əsasən,
bu yaşlardan sonra rast gəlinirdi, indi artıq gənc yaşlarda həm xəstələnmə, həm
ölüm halları artıb və artmaqda davam edir. COVİD-19 pandemiyası dövründə də bu
cür halların sayının artdığını müşahidə etdik.
Bəs nə etməliyik, bu gəncləşmənin qarşısını necə
ala bilərik?
Gəncləşmə ölkələrə
görə dəyişir
Almaniyanın Dillenburq Şəhər Xəstəxanasında çalışan
kardioloq Firudin Qurbanovun
sözlərinə görə, ürək, qan-damar xəstəliklərindəki gəncləşmə dünyanın müxtəlif
ölkələrində fərqli şəkildə özünü göstərir: "İnkişaf etməkdə olan və inkişaf
etmiş ölkələrdə, inkişaf etməmiş ölkələrə nisbətən, gənc yaşlarda bu xəstəliyə rastgəlmə tezliyi daha yüksəkdir. Bunun da
səbəbi sənaye ölkələrindəki həyat tərzinə bağlıdır. Həddindən artıq stress, az
hərəkətlilik, düzənsiz qida rejimi, "fast-food”lara çox üstünlük verilməsi,
siqaret istifadəsi, yuxu rejiminin pozulması və s. kimi məsələlər gənc yaşda
insanlarda ürək, qan-damar sistemi probleminin ortaya çıxmasını sürətləndirən
faktorlardır”.
Kardioloq Üzeyir Rəhimov deyir ki, ürək, qan-damar xəstəliklərinin gəncləşdiyi
müşahidə olunan ölkələrdən biri də Azərbaycandır: "Xəstəliyin gəncləşməsi bütün
dünyada var. Qidalanma, oturaq həyat, idman, hərəkət etməmək, artıq kalori,
stress kimi faktorlar ürək, qan-damar xəstəliklərini artırır. Gəncləşməsi üçün
səbəblər də çoxdur. Ancaq digər ölkələrdə bizdəki qədər ürək, qan-damar
xəstəlikləri cavanlaşmayıb. Azərbaycanda bu xəstəliklərin gəncləşmə halı daha
çoxdur”.
Problemi böyüdən
səbəb
Üzeyir Rəhimov
bildirdi ki, ürək, qan-damar xəstəliklərinin ölkəmizdə daha çox gəncləşməsinin
səbəbləri var: "Bizim ölkədə şəkər xəstələri hədsiz çoxdur. Əvvəllər səhiyyə
sığortası olmadığına görə, insanlar həkimə getmirdilər. Təzyiq, xolesterin, çox
vaxt nəzarətsiz olurdu. Digər ölkələrdə niyə azdır? Çünki sığorta sistemi var.
İnsanlar heç bir qayğısız, maliyyə məsələsi düşünmədən xolesterini, təzyiqini, şəkərini
yoxlatdırır, ölçü alırlar. Əvvəldən ölçü
alınanda, xəstəlik daha az olur. Nəsildə cavan yaşda ürək-damar problemindən
qəflətən dünyasını dəyişən, aritmiyası olan adam varsa, digər şəxslər heç bir
şikayəti olmasa belə, gedib müayinə olunmalıdırlar. Nə qədər çox yoxlansalar,
problemi o qədər də tez tapa bilərlər. Yəni sığorta sistemi çox önəmlidir.
Bizdə də bu ildən hər yerdə tibbi sığorta tətbiq olunacaq. Ümid edirik ki,
sığortanın tətbiqi bu xəstəliklərin önlənməsinə yardımçı olacaq. Siqaret
istifadə edənlər də dünya ölkələri ilə müqayisədə bizdə hədsiz çoxdur. Bu
səbəblərdən ürək, qan-damar problemləri artır”.
Təsir edə biləcəyimiz
risk faktorları
Firudin Qurbanov
deyir ki, ürək, qan-damar sistemi xəstəliyi ürəyi qidalandıran tac damarlarının
daxili intima qişasının tamlığının pozulması və orada trombların yaranması
nəticəsində qan dövranının pozulmasıdır. Ümumilikdə isə ürək, qan-damar
xəstəliklərinə səbəb olan 5 əsas risk faktoru var: "Yüksək təzyiq, artıq çəki,
nikotin istifadəsi, irsi faktor, şəkərli diabet. Bunlar içərisində bizim təsir
edə biləcəyimiz və edə bilməyəcəyimiz risk faktorları var. Məsələn, qida və həyat
tərzimizi dəyişməklə çəkimizi aşağı salıb qan yağlarını normallaşdıraraq risk
faktoruna təsir edə bilirik. Xolesterinlə zəngin qırmızı ətləri qida rasionunda
azaltmaq, bol meyvə-tərəvəz qəbulu, düzənli qida rejimi, həftədə ən azı iki
dəfə 45 dəqiqədən çox olmaqla idman yürüşü çox önəmlidir. Xəstənin gündəlik nə
qədər nikotin qəbul etməsi və ya hansı müddətdən bəri istifadə etməsi də
birbaşa ürək, qan-damar xəstəliklərinin riskinə təsir edir. Bu da təsir
ediləcək faktordur. İrsi ürək, qan-damar problemi olub-olmamağına baxılmalı,
kimdəsə varsa, artıq həmin şəxs müəyyən məsələlərdə ehtiyalı davranmalıdır.
Şəkərli diabet də səbəb faktorlarındandır. Şəkərli diabet birincili və ikincili
olmaqla bölünür. İkincili diabetin də birbaşa səbəbi az hərəkətlilik, artıq
çəki və mədəaltı vəzin xəstəlikləridir. Bunu da dərman müalicəsi, qida rejimi,
pəhriz, hərəkətlilik, çəki azaltmaqla normaya salmaq mümkündür”.
Firudin
Qurbanovun sözlərinə görə, ürək, qan-damar xəstəliklərindən uzaq durmağın bir
yolu da stressdən qaçmaqdır: "Stress həyatımızın bir parçasıdır. Bundan qaçmaq
da çətindir. Mümkündürsə, stressdən, gündəlik konfliktlərdən qaçmaq lazımdır.
Mümkün deyilsə, bu stressi bir şəkildə bədənimizdən atmalıyıq. Bunun ən
effektiv yolu idmanla məşğul olmaqdır. Fiziki və zehni işi bir-biri ilə
tənzimləyərək, bu şəkildə üzərimizdən stressi ataraq ürək, qan-damar
xəstəliklərinin qarşısını gənc yaşda almış ola bilərik”.
COVİD-19 ürək, qan-damar
xəstəliklərinin sayını artırıb
Firudin Qurbanov
bildirdi ki, COVİD-19 pandemiyası ürək, qan-damar xəstəliklərinin sayının
artmasına birbaşa təsir etdi: "Araşdırmalar nəticəsinə məlum oldu ki,
koronavirus ürək, qan-damar xəstəliklərinə birbaşa təsir edir. O viruslar
damarların daxili intima qişasında zədələr yaradaraq tromboemboliyalara səbəb
olur ki, bu da ürək, qan-damar xəstəliklərini artırır. Eyni zamanda, bayıra
çıxma qadağaları oldu, idman zalları fəaliyyət göstərmədi, bunlar da açıq
havada zaman keçirməyə, hərəkətliliyə mənfi təsir göstərdi. Gənclər zehni
stresslərini ata bilmirlər”.
Ürək, qan-damar
xəstəliklərinin gəncləşməsində internet, sosial şəbəkələrin də rolu olduğunu
bildirən Firudin Qurbanov qeyd etdi ki, bu aləmə aludəçilik də mənfi təsirini
göstərir: "Dünyanın fərqli ölkələrində bununla bağlı uzun-uzun araşdırmalar
aparılır. İnternetə, sosial şəbəkələrə aludəçilik, burda çox zaman keçirmək və
gündəlik sayrışan fərqli fikirlərin qısa bir anda qəbul olması, bizim
bədənimiz, beynimiz üçün artıq kənar stressdir. Ona görə də, sosial
şəbəkələrdən həm azyaşlıların, həm də gənclərin müəyyən müddətdə istifadə
etməsi məsləhət görülür. Bunların, birbaşa stress faktoru olaraq da ürək, qan-damar
xəstəliklərinə təsiretmə rolu var”.
Ani ürək
ölümlərindən danışan Firudin Qurbanov bildirdi ki, bunun bir neçə səbəbi ola
bilər: "İrsi xəstəliklər, trombozlar, ürəyin ritmik xəstəliklərinə bağlılıq.
Yaxud koronavirus pandemiyası dövründə gənclərin ürək problemindən dolayı
ölümlərinin birbaşa səbəbləri tromboembaliya oldu. Ümumiyyətlə, ani ürək
ölümləri o deməkdir ki, xəstədə öncədən hər hansı simptom olmur. Simptomlar
olmadığı halda, həkimə getməmələri də təbiidir. Digər tərəfdən, gənc insanlarda
xəstəliyi ciddiyə almamaq bizim kimi ölkələrdə inkişaf etmiş ölkələrə nisbətən
daha genişdir. Bizdə həkimə vaxtında müraciət etmirlər. Bu da, təbii ki, qəfil
ölümlərdə böyük rol oynayır”.
"95 faiz halda
Türkiyə ilə eyni səviyyədədir”
Üzeyir Rəhimov deyir ki, Azərbaycanda ürək damarının stendlənməsi,
hazırda çox yaxşı səviyyədədir: "İstər stend, istər açıq əməliyyatlarla bağlı
vəziyyətin çox yaxşı olduğunu deyərdim. 95 faiz halda Türkiyə ilə eyni
səviyyədədir. Çox nadir şeylər var ki, bizdə tətbiq olunmur, bu da maddi
səbəblərə bağlıdır. Yoxsa Azərbaycanda ürək damarlarına müdaxilələr üst səviyyədədir.
Təkcə Bakıda deyil, Gəncə və Naxçıvanda da bu əməliyyatlar edilir. Yaxın
vaxtlarda başqa şəhərlərdə də bu iş qurulacaq. Sığortadan sonra artacaq və bu
sahədə vəziyyət daha yaxşı olacaq. 20 il əvvəl Azərbaycanda bu sahədə 3-4
mütəxəssis var idisə, bu gün 100-dən artıq mütəxəssis var. Gənclər yetişib və
yetişir”.
Üzeyir Rəhimov
qeyd etdi ki, tibb bu gün çox inkişaf edib, əvvəlki dövrlərdə müdaxilə
olunmayacaq problemlərə bu gün mütəxəssislər müdaxilə edə bilirlər: "İnfarkt
keçirəndən sonra bu insanların ürəklərində ölü hüceyrə qrupları yaranır. O ölü
hüceyrə qrupları aritmiya ocaqlarıdır və qəfləti ölüm səbəbləridir. Əvvəllər
burda müdaxilə imkanı olmurdu. Amma tibb də bu arada çox inkişaf edib. İnfarkt
keçirmiş adam gəlib, damarı tıxanmışdır. Orda xəstəni dəyərləndiririk.
Exokardioqrafiya ilə həmin hissədə canlılıq araşdırması aparılır. İnfarkt
keçirilən bölgədə canlı hüceyrələr varsa, o damarın açılması, stend qoyulması,
əməliyyat edilməsini tövsiyə edirik, yoxdursa, etmirik”.
Aygün