AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Danışmaq lazım olanda, “ağzına su alan” həmsədrlər

Danışmaq lazım olanda, “ağzına su alan” həmsədrlər

Siyasət
10 İyul 2020, 17:56 1401
Azərbaycan Qarabağ danışıqlarında Minsk qrupu həmsədrlərinin faydasızlığı ilə bağlı ciddi addımlar atmaq ərəfəsindədir
 
Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar artıq 25 illik bir dövrü əhatə edir. Ötən müddət ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda ciddi nəticələr əldə olunmayıb. Buna başlıca səbəb isə vasitəçilərin Ermənistana təsir və təzyiqinin olmamasıdır. Belə olmasaydı, işğal altındakı torpaqlarda qeyri-qanuni məskunlaşdırma aparılmazdı, separatçı rejimdə "seçkilər” keçirilməzdi, girovluqda olan azərbaycanlılar azad olunardı, Paşinyan sərsəm bəyanatları ilə danışıqlar prosesini saqqız kimi çeynəməzdi.
Prezident İlham Əliyev də bu günlərdə jurnalistlərə müsahibəsində bu məsələlər toxunaraq, ATƏT-in Minsk qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edib. Dövlət başçısı qeyd edib ki, Ermənistanın baş naziri deyir, "Qarabağ Ermənistandır”: "Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik”.
Azərbaycan Prezidentinin bu tənqidlərinə Minsk qrupundan münasibət bildirilməyib. Bəlkə vasitəçilik missiyasını turist səfərləri ilə səhv salan həmsədrlərin bununla bağlı arqumentlərə əsaslanan bir cavabı olub, biz görməmişik? Görəsən, Minsk qrupu həmsədrlərinin açıqlaması nə vaxt olacaq?       
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, məntiqlə yanaşdıqda, Prezident İlham Əliyevin tənqidinə ATƏT-in Minsk qrupu həmsədrlərinin açıqlaması olmalıdır: "Çünki bu çıxışda bütün prinsipial məqamlar əhatə olunub və ATƏT-in Minsk qrupunun fəaliyyətinə mənfi münasibət bildirilib. Bu tənqidin yeri var və ümumiyyətlə, gərək Minsk qrupu həmsədrləri də nəticə çıxarsınlar. Bu baxımdan da onlar gərək öz münasibətlərini bildirsinlər ki, niyə işğalçı dövlətə şərait yaradırlar, o da nizamasalma prosesini çökdürür? Niyə həmsədrlər Ermənistanın şıltaqlığına göz yumur? Minsk qrupu axı niyə Ermənistana təzyiq göstərmir? Nəhayət, niyə onların çoxillik fəaliyyəti heç bir nəticə vermir? Bu diplomatlar yerində addımlamaqla ancaq öz dövlətlərinin maraqlarını güdürlər və Azərbaycanın haqlı tələbləri onları heç bir hərəkətə sövq eləmir”.
T.Abbasov hesab edir ki, əgər buna sülh prosesi demək olarsa, bu prosesdə yeni bir dönəm yaranır: "Çünki bu vaxta qədər mətbuat, ekspertlər, hətta başqa ölkələrin nümayəndələri də ATƏT-in Minsk qrupu həmsədrlərini ciddi şəkildə tənqid edirdilər, onları məsuliyyətə çağırırdılar. Amma ilk dəfədir ki, Azərbaycan Prezidenti bu məsələdə aydın mövqe bildirdi. O tənqidində həqiqətən haqlıdır və əgər həmsədrlər bu proseslərdən nəticə çıxarmasalar, ola bilsin ki, Azərbaycan ümumiyyətlə bu prosesdə iştirakını dayandırsın, ya da ki, həmsədrlərin heyətində dəyişikliyin edilməsini məqbul sayaraq, onu beynəlxalq gündəliyə çıxarsın. Bunun üçün tam haqlı əsaslarımız, digər tərəfdən mexanizmlər də var. Bir halda ki onların azı 25 illik fəaliyyəti tərpənişə gətirib çıxarmır və münaqişə bölgəsində daim atışmalar, Ermənistanın təxribatları davam edir və hətta vaxtaşırı insan itkiləri də baş verir, deməli, yeni korrektələrə böyük ehtiyac duyulacaq. Hesab edirəm ki, Azərbaycan diplomatiyası kifayət qədər güclüdür və bu məsələni gündəliyə çıxarsaq, effekti olacaq”.  
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri onlara yönəlik tənqidlərə münasibət bildirməlidir: "Çünki münaqişə tərəflərindən birinin prezidenti açıqlama verir, ATƏT-in Minsk qrupunun fəaliyyətini faktiki təftiş edir və haqlı olaraq tənqid edir. Buna bir reaksiya olmalıdır. Amma çox təəssüf ki, Prezident İlham Əliyevin dediyi kimi, vasitəçilər Dağlıq Qarabağ ətrafındakı rayonlarda qeyri-qanuni məskunlaşdırmaya, iki girovumuzun saxlanmasına, Ermənistan baş nazirinin işğal altındakı Şuşada qondarma andiçmə mərasimi təşkil etməsinə susduqları kimi, dövlət başçısının bu açıqlamalarına da heç bir reaksiya vermirlər. Halbuki Azərbaycan Prezidentinin sözlərindən belə aydın oldu ki, belə davam etsə, ümumiyyətlə biz vasitəçilərin fəaliyyətindən imtina edə bilərik. Biz bundan sonra 25 il də danışıqlar aparsaq, Minsk qrupunun həmsədrləri bu məsələni həll edəsi deyillər. Çünki özlərinin hazırladıqları planı Ermənistana qəbul etdirmək istəmirlər, ya bacarmırlar, ya da maraqları yoxdur. Ona görə də belə vəziyyətdə bizim iki yolumuz qalır, ya vasitəçilərin fəaliyyətindən imtina etmək, ya da fasilə götürmək. İmtina etmək çətin qərardır və onda biz elan etmiş oluruq ki, müharibəyə başlayırıq. Bu zaman Azərbaycana təzyiqlər ola bilər. Amma fasilə götürməyə bizə heç kim mane ola bilməz. Çünki dövlət başçısının söylədiyinin ana xəttində bu dayanır. Prezident İlham Əliyev onu da xatırlatdı ki, il başlayandan vasitəçilərin təşkil etdiyi xarici işlər nazirlərinin onlayn konfransları heç bir nəticə verməyib, faydasızdır. Bu baxımdan da biz danışıqlarda fasilə götürə bilərik. Bu, eyni zamanda həm Ermənistana, həm də vasitəçilərə ciddi mesaj ola bilər. Çünki dövlət başçısı bildirir ki, imitasiya xarakterli danışıqlarda iştirak etməyəcəyik. Bu artıq onlara da mesaj olar ki, biz artıq bu cür danışıqlardan yorulduq və konkret addım atılsın, ondan sonra davam edə bilərik. Həmin addım da o ola bilər ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılır. Bu baş verməyənə qədər danışıqlarda iştirak etməyəcəyik”.
E.Şahinoğlu vurğuladı ki, Azərbaycan danışıqlarda 3 və ya 6 aylıq fasilə götürə bilər: "Bu zaman kəsiyində hərbi qüdrətimizi artırırıq. Onsuz da ard-arda hərbi təlimlər də keçirilir. Bu artıq ciddi mesajdır ki, danışıqlardan nəticə görmədiyimizə görə digər vasitələrə əl atmağa çalışacağıq. Necə ki, 2016-cı ilin aprelində və sonradan Naxçıvan əməliyyatında biz uğurlar qazandıq və bunu davam etdirməyə çalışacağıq. Əslində başqa alternativimiz də yoxdur. Düzdür, pandemiya dövründə müharibə ehtimalı o qədər yüksək görünmür. Amma bu, o demək deyil ki, biz torpaqlarımızı azad etmək üçün güc yolundan vaz keçmişik. Ona görə də düşünürəm ki, qərar verməyin vaxtı gəlib çatıb. Qeyd etdiyim kimi, fasilə götürürük və Ermənistana ultimatum verib bildiririk ki, 6 ay ərzində Minsk qrupunun hazırladığı mərhələli həll planına razı olmadığınız halda, biz danışıqlar prosesindən çıxacağıq. Bu dövr ərzində də vasitəçilər bir qərar verməlidir və anlamalıdır ki, 6 aydan sonra vəziyyət nəzarətdən çıxa bilər. Eyni zamanda Ermənistan da qərar verməlidir. Yəni, mən başqa alternativ görmürəm. Dövlət başçısının çıxışından aydın oldu ki, bundan sonra danışıqların davam etdirilməsinin heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın xarici işlər nazirinin bu danışıqlarda iştirakı mənə də aydın deyil. Çünki özü də başa düşməlidir ki, qarşılıqlı görüşlərdə heç bir nəticə olmayıbsa, onlayn konfranslardan nə nəticə olacaq? Bu videokonfranslar əslində işğalçının işinə yarayır, çünki status-kvo uzanır. Ona görə də dövlət başçısının dediyi kimi, imitasiya bizə lazım deyil. Hesab edirəm ki, xarici işlər naziri də bu cür onlayn konfranslardan imtina etməlidir”.  
 
BƏXTİYAR