• çərşənbə axşamı, 19 mart, 13:10
  • Baku Bakı 8°C

Danışdıqca biabır olurlar

09.07.20 19:14 906
Danışdıqca biabır olurlar
Əli Kərimlinin Məhəmməd Əmin Rəsulzadə ilə müqayisə olunması gülüş doğurur

Radikal müxalif düşərgənin keçirdiyi videokonfranslar gündəmə gəldikcə əslində onların kim olduğu bir daha aydın olur. Hər dəfə "Milli Şura” adlanan qurumun adı iclas olan, amma qeybətdən, lağ-lağıdan ibarət olan toplantıları ictimailəşdikcə, yeni-yeni sürprizlərlə qarşılaşırıq. Halbuki, radikallar bu toplantıları "demokratiyaya doğru addım”, "hakimiyyətin sonu”, "xalqın rifahının yaxşılaşdırılması” kimi təqdim edirlər. Elə bunun nəticəsidir ki, artıq "Milli Şura” adlanan qurumda demək olar ki, heç kim qalmayıb və parçalana-parçalana gedir. Elə sonuncu videokonfranslarında da müzakirə edilənlər heç də əvvəlkilərdən fərqlənmədi. Belə ki, sosial şəbəkədə "Milli Şura"nın sonuncu şousunda Əli Kərimlinin Rahim Hacıyev tərəfindən "zəmanəmizin Rəsulzadəsi" elan edilməsi iddiasına Cəmil Həsənli və Vidadi Mirkamal etiraz edib. Qənimət Zahid isə ironiya ilə "Yaxşı bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını atıb. Lakin Qənimət Zahid Əli Kərimliyə qarşı şiddətin təşkilinin ona, AXCP- yə və Milli Şuraya dividentlər qazandırdığını, onların təbliğatına kömək etdiyini, onlara siyasi qazanc gətirdiyini etiraf edib.
Maraqlıdır ki, Əli Kərimli kimi dağıdıcı, radikal birini zamanında çətinliklərə sinə gərib dövlət quran Məhəmməd Əmin Rəsulzadə ilə necə müqayisə etmək olar axı? Amma təəssüflər olsun ki, biz bunun da şahidi olduq. Bəs görəsən, bu ifadələr Azərbaycan ictimaiyyəti tərəfindən necə qarşılandı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirdi ki, özündən müştəbeh insanlar hər zaman belə fikirlər səsləndirirlər: "Misal var ki, bir insana danışmağa imkan ver, görəcəksən ki, onun şəxsiyyəti dilinin altında gizlənir. İlk dövrlərdə bəziləri "Milli Şura” adlanan quruma inanırdı, baxmayaraq ki, onlar vaxtı ilə hakimiyyətdə təmsil olunmuşdu. Lakin bu qurumun rəhbərliyində olanlar danışdıqca özlərini daha çox rüsvay edirlər. Bu, birinci dəfə deyil. Bunlar mədəni səviyyəsi olmayan insanlardır. Dəfələrlə bunu şahidi olmuşuq və bir daha təkrar etmək istəmirəm. Amma sonuncu videokonfransları vasitəsilə özlərini daha çox gülüş obyekti ediblər. Hətta Cəmil Həsənli və digərləri özləri Əli Kərimli ilə bağlı deyilənlərə dözə bilmədilər. Əvvəla, haradasa Elçibəyi Rəsulzadəyə oxşatsaydılar, deyərdin ki, yeni dövlətin bərpasında, qurulmasında o birinci idi və öndərliyi var idi. Hətta mən onunla da razı deyiləm. Məhəmməd Əmin Rəsulzadə müstəqil dövlətin qurucularından biridir, öz dönəmində öndə gedən bir insan olub. Bəs Əli Kərimli hansı dövləti qurub? Bəlkə Əli Kərimli Azərbaycan daxilində başqa bir dövlət qurur, xəbərimiz yoxdur? Onun adı nə olacaq, mən bilmirəm? Digər tərəfdən, Azərbaycan yenidən müstəqilliyini qazananda Əli Kərimli gənc bir adam idi. Biz o dövləti quranda, əzab çəkəndə bunlar harada idi?”
T.Kərimli qeyd etdi ki, Əli Kərimli 10 parlamentdə oturub: "Amma Abıyevlə deyişməsindən başqa, kimsə deyə bilər ki, onun hansısa başqa məsələ barədə çıxışı olub? Haradan demokrat, qurucu oldular? Özlərini gülünc vəziyyətdə qoyublar. Dediyim odur ki, bunlar lap çaşıblar! Stəkanda fırtına yaratmaq məşğuldurlar, amma qurumu kütləvi şəkildə tərk edənləri görmürlər. Dağıla-dağıla gedən bir qurumda özləri çalıb, özləri də oynayırlar. Hesab edirəm ki, "Milli Şura” adlanan qurumu ciddiyə almaq lazım deyil. Təsəvvür edin, hansı insan dövlətin zəifləməsinə, neftdən gələn gəlirlərin azalmasına sevinər? "Milli Şura” adlanan qurum göründüyü kimi başını itirib, ağzına gələni danışıb özlərini biabır edirlər. Düzdür, bir yandan təəssüf edirəm, amma digər yandan da hesab edirəm ki, qoy xalq, kimin kim olduğunu anlasın, bunların qabında nə olduğunu görsün”.
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, "Mili Şura” adlanan, əslində isə, mahiyyət etibarı ilə anti-milli olan amorf qurum bizi "təəccübləndirməyə” deyəsən hələ çox davam edəcək: "Bunlar oturub-durub gah neftin qiymətinin aşağı düşməsinə görə çəpik çalıb bayram edirlər, gah biri ortalığa çıxıb deyir ki, biz hakimiyyəti şərləməliyik, şərləyirik, gah da özlərindən o qədər müştəbeh bir duruma çatırlar ki, Əli Kərimlini Məhəmməd Əmin Rəsulzadə ilə bir tərəziyə qoyacaq qədər nadanlıq sərgiləmiş olurlar. Əli Kərimli kimdir? Əli Kərimli Prezident İlham Əliyevin sözləri ilə desək, öz liderinə xəyanət etmiş bir adamdır. Əli Kərimli Əbülfəz Elçibəyə hələ sağlığında, rəsmən onun müavini olduğu bir dönəmdə xəyanət edib. Yəni, bunu Azərbaycanda siyasətlə məşğul olub bilməyən yoxdur. İkincisi də, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və bu ideologiyanın önündə gedənlərdən biri kimi milliyətçi, demokrat, müsavatçı bir şəxs idi, siyasət adamı idi, lider idi. Əbülfəz Elçibəy isə özünü onun davamçısı elan etmişdi. Yəni, eyni ideologiyanın daşıyıcısı kimi siyasi səhnədə vardı. Əli Kərimli də Əbülfəz Elçibəyin ardıcılı idi. Amma bu gün biz Əli Kərimlini Məhəmməd Əmin Rəsulzadə yolunun davamçılarından biri kimi görə bilərikmi? Əsla! Çünki bu adam Rəsulzadə bir yana, Əbülfəz Elçibəyə sağlığında xəyanət edib. Ondan savayı, Əbülfəz Elçibəyin söykəndiyi ideoloji dəyərləri illərdir ki, ayaqlar altına alıb. Yəni, bu adam Əbülfəz Elçibəyin heç vaxt barışmayacağı, masa arxasında oturub müzakirə aparmayacağı xarici ölkələrlə, xarici mərkəzlərlə iş birliyi içərisindədir”. A.Həsrət vurğuladı ki, Əli Kərimli Azərbaycanda dini fanatizm yayan və məlum qonşu ölkənin xüsusi xidmət orqanlarına satılmış adamları müdafiə edir: "Əbülfəz Elçibəy bunu etməzdi. Bu adam Azərbaycanda hakimiyyətə gəlmək üçün şimaldan belə dəstək almağa hazırdır. Əbülfəz Elçibəy bunu etməzdi. Ona görə də bu adamların özlərini Rəsulzadə ilə müqayisə etməsi, yaxud bunların arasından kiminsə çıxıb digərini Rəsulzadəyə oxşatması, onun ardıcılı, davamçısı, günümüzün Rəsulzadəsi elan etməsi gülüşdən başqa heç nə doğura bilməz. Bu onların qeyri-ciddi olmalarının daha bir göstəricisidir. Mənə elə gəlir ki, bu adamlar tükəndiklərinin fərqindədirlər, gündəmdə qalmaq üçün mövzu tapa bilmirlər, ona görə də bu cür məsələləri gündəmə gətirirlər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər