• cümə, 19 Aprel, 18:22
  • Baku Bakı 24°C

Danışan tabloların rəssamı

24.12.19 17:14 1025
Danışan tabloların rəssamı
Xalq Bank "Xalq Əmanəti” layihəsi çərçivəsində 19-cu nəşrini təqdim etdi

"Sənəti öyrənmək mümkündür, amma sənətkar olmaq hamıya nəsib olmur”. Bu sözlər sanki onun haqqında deyilib - anadan rəssam doğulan Xalq rəssamı Tağı Tağıyev haqqında. O, Azərbaycan rəssamlığında əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifi kimi tanınır. Görkəmli rəssam sənət yoldaşları Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Əbdül Xaliq, Ələkbər Rzaquliyev kimi Azərbaycan rəssamlıq sənətində yolaçanlar pleyadasının nümayəndəsi idi. Qərbi Avropa ənənələrinin sintezi və Azərbaycan təsviri incəsənətinin xüsusiyyətləri onların yaradıcılığında əsas xətt idi.
Tağı Tağıyev klassik rəngkarlıq məktəbinin parlaq nümayəndəsi, realistik metodun təməlini qoyan rəssam kimi öz yaradıcılığı ilə Azərbaycan rəssamlıq sənətində yeni bir səhifə açıb. Görkəmli rəssam eyni zamanda, portret ustası kimi məşhurdur. Onun yaradıcılığında tarixi mövzular, görkəmli şəxsiyyətlərin təsviri, zəhmətkeş insanların obrazları, əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Rəssam əsərlərində ideya və rənglərin harmoniyasını gözəl yaradıb. Yaradıcılığı mövzu və rəng baxımından çoxşaxəli və rəngarəngdir.
Fırça ustasının yaradıcı bioqrafiyasında müxtəlif illərdə çəkilmiş avtoportretlər xüsusi yer tutur. Rəssamın ən yaxşı avtoportreti 1943-cü ildə çəkdiyi "Xalçasatan” əsəri hesab edilir. T.Tağıyev xalq qəhrəmanı "Koroğlu”, böyük dramaturq "Hüseyn Cavid”, "Sultan Məhəmməd”, "Səməd Vurğun”, "Səttar Bəhlulzadə”, "Bəhruz Kəngərli” və başqa görkəmli şəxsiyyətlərə həsr etdiyi portretləri böyük ustalıqla çəkib. Bu əsərlərdə o, təkcə zahiri görünüşü deyil, təsvir etdiyi tarixi şəxsiyyətin mürəkkəb daxili aləmini də rənglərin gücü ilə göstərməyə müvəffəq olub.
Fırça ustasının yaradıcılığına nəzər salsaq əsərləri içərisində "Yelkənli qayıqlar”, "Dənizkənarı park”, "Yataqxana”, "Poladəridən”, "Qaynaqçı”, "Göygöl”, "Qarlı yolla”, "Xalçasatan”, "Uşaqlıq xatirələri”, "Abşeron silsiləsi”, "El gözəli”, "Qarayanız qız” və bu kimi bir çox işləri gözümüzə gözəllik, ruhumuza dinclik bəxş edir. Rəssamın əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s. ölkələrdə də nümayiş etdirilərək maraqla qarşılanıb. Fırça ustasının yaratdığı "Qara Qarayev” və "Səttar Bəhlulzadə” tabloları dünyanın bütün sərgi salonlarında uğurla nümayiş olunub. Müəlli
Tağı Tağıyev səfər etdiyi xarici ölkələrin insanlarının həyatına dair də çoxlu tablolar çəkib. Onun yaradıcılığında dilindən, dinindən və irqindən asılı olmayaraq Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya, Afrika və s. ölkələrin insanları bədii boyalarla təsvir edilib. Həmin səfərlərdən sonra rəssamın yaradıcılığında parlaq, dolğun rənglərlə işlənmiş "Afrikalı qız”, "Salam, yeni dünya” və s. əsərlər yaranıb. Elə 1961-ci ildə Rəssamlar İttifaqında "Xarici ölkələr” sərgisinin açılışı da rəssamın səfərlərinin yaddaqalan və maraqla izlənən məhsulu idi. Tağı Tağiyev ümumiyyətlə, respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olaraq əsərləri ilə təkcə Azərbaycan rəssamlıq sənətini nümayiş etdirməyə deyil, həm də sevdirməyə nail olub.
Rəssamın yaradıcılığı janr baxımından rəngarəngdir. Portretlər qalereyası, natürmortlar, peyzajlar onun tablolarında canlı təsir bağışlayır. T.Tağıyevin əsərləri içərisində həyat yoldaşının portretləri, gündəlik ailə həyatından epizodlar, karandaşla işlənmiş ecazkar rəsmlər də yer alıb. Gəzintidə olarkən, istirahət edərkən, səfərə gedərkən belə, fırça rəssamın əlindən düşməyib. Seyr etdiyi gözəlliklərə təkcə gözü ilə baxmayıb, qəlbindən, duyğularından keçirərək onlara rənglərlə həyat verib, kətana köçürüb. Bu əsərlər içərisində sevimli Bakının mənzərələri də xüsusi yer alıb.
Rəngkarlıq tarixində iz qoyan sənətkar
Xalq Bankın "Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan və təqdimatı keçirilən "Tağı Tağıyev: rəngkarlıq və qrafika” kitabı da görkəmli rəssamın yaradıcılığına və milli dəyərlərə olan böyük sevgi, hörmət və diqqətin nümunəsidir. Onu da qeyd edək ki, indiyədək layihə çərçivəsində nəşr olunan 19 kitabdan 12-si məhz Azərbaycanın görkəmli rəssamlarına həsr olunub.
Kitabın təqdimatına həsr olunan gecədə tədbirin aparıcısı, Respublikanın Əməkdar artisti Dilarə Səlimova bu nəcib missiyadan söz açdı: "Xalq Bank "Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycanın sənətində, ədəbiyyatında, mədəniyyət və incəsənətində xidmətləri olan, genefondumuzu təmsil edən görkəmli insanlara həsr olunan kitabları təqdim edir. Xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyan bu layihə çərçivəsində bu, artıq nəşr olunan 19-cu kitabdır”. D.Səlimova gecə iştirakçılarının diqqətini rəssamın sərgilənən əsərlərinə və yaradıcılıq bioqrafiyasına yönəltdi: "Tağı Tağıyev nəsilliklə zərgərliklə məşğul olan ailədə anadan olub. Babası Məmmədtağı Məcidov Bakının məşhur zərgəri olub və qızıl üzərində mina sənəti ilə tanınırdı. Onun şah əsərləri hazırda Moskva Kremlinin Silah Palatasında qorunub saxlanır. Tağının atası Əzizağa da bu sənətin davamçısı idi. Onun əl işləri təkcə vətənində deyil, uzaq Fransada da müəllifinə şöhrət qazandırmışdı. 1901-ci ildə Parisdə keçirilən ümumdünya sərgisində o, medal ilə təltif olunmuşdu. Ancaq Tağı Tağıyev zərgər olmadı, o, rəssamlığı seçdi. Təbii ki, onu körpəlikdən əhatə edən gözəllik, böyüklərin gördükləri işə münasibəti balaca Tağıda dünyanın estetik qavrayışını tərbiyə etməli idi”.
Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov sənət yoldaşı ilə bağlı xatirələrini bölüşdü: "Biz uzun illər, demək olar ki, hər gün Rəssamlar Evində görüşür, sənətlə bağlı müzakirələr edirdik. Mən onun əsərlərindən bir tamaşaçı, sənəti qiymətləndirməyi bacaran bir insan kimi böyük zövq alıram. Portretləri, peyzajları, ümumiyyətlə bütün əsərləri bir möcüzədir. Onun işlərinin hamısı gözəl, dahiyanədir. Çox əsərlər var ki, zamanında başa düşülmür. Ancaq hər bir iş zamanın sınağından keçir və vaxt onun xeyrinə işləyir. Sonra tamaşaçılar həmin əsərləri sanki sehrli tabloya baxırmışlar kimi seyr edirlər. Tağı Tağıyevin yaradıcılığına da bütünlüklə bu fikirləri aid etmək olar”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova kitabın mətni üzərində işləyərkən qarşılaşdığı məqamlardan söhbət açdı: "Tağı Tağıyev Azərbaycan rəngkarlıq tarixində iz qoyan sənətkardır. Onun emalatxanasının qapısı həmişə mənim üçün açıq olub. Kitabı hazırlayarkən şəxsi kolleksiyalarda, evlərdə saxlanan əsərləri ilə maraqlandıq, hətta, başqa ölkələrə müraciət etdik. Çalışdıq ki, nəşrdə rəssamın yaradıcılığı müxtəlif rakurslardan görünsün. Ona görə kitab rəngarəngdir”.
Rəssamın bacısı oğlu İlham İsmayılov incəsənət sahəsinin mütəxəssisi olmadığından dayısının insani xüsusiyyətlərindən söz açdı: "Dayım gözəl insan idi. Mən onun əsərlərinə qiymət verə bilmərəm. Amma yaradıcılığında mənə həsr etdiyi iki işi var”.
Rəssamın oğlu Əkrəm Tağıyev atasının yolunu davam etdirir. Rəssamlıqla yanaşı Rəssamlıq Akademiyasında dərs deyir: "Atam böyük işlər görüb. Onun işləri necə rəssam olduğunun göstəricisidir. O, Azərbaycanda rəngkarlıq sənətinin bünövrəsini qoyanlardan biri idi. O, Moskvada Surikov adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil almışdı. Atam sənətini çox sevirdi. Ata və babası tanınmış zərgər olsalar da, zəngin ailədə böyüsə də, o incəsənətə meyl edib, rəssamlığı özünə sənət yolu seçib. Atamın əsərləri dünyanın bir çox ölkələrinin muzeylərində saxlanır. Atam işlərini heç kimə bağışlamırdı. Amma muzeylərə hədiyyə edirdi. Ona görə atamın əsas işləri muzeylərdədir. O cümlədən, bizim muzeylərdə də onun bir neçə işi var. Atamın əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyası və digər muzeylərdə saxlanılır”.
Rəssamın Tağı Tağıyevin yaradıcılığına göstərdiyi diqqətə görə layihənin təşkilatçılarına təşəkkürü sonsuzdur: "Atamın əsərləri bir toplu halında və nəfis şəkildə işıq üzü görüb. Bu, onun yaradıcılığına verilən yüksək dəyərdir. Atam böyük işlər görüb. Onun işlərindən danışmaq çətindir. Çünki onun tabloları özü danışır”.
Rəssamın əsərlərinin ekspozisiyası ilə dekabr ayının 21-dən başlayaraq Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) tanış olmaq mümkündür. Sərgi iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək sənətsevərlər üçün açıqdır. Giriş sərbəstdir.

Təranə Məhərrəmova







banner

Oxşar Xəbərlər