• cümə, 19 Aprel, 15:40
  • Baku Bakı 25°C

“Dan ulduzu” kimi əbədiyaşar insan - Fotolar

27.07.17 09:30 7769
“Dan ulduzu” kimi əbədiyaşar insan - Fotolar
Yarım əsrdən çoxdur ki, onun adı "Dan ulduzu” ansamblı ilə qoşa çəkilir: "Dan ulduzu” və Gülarə Əliyeva. Onun rəhbərliyi ilə yaradılan və Azərbaycan musiqi ifaçılığının səmasında bir ulduz kimi parlayan ansambl musiqi tariximizdə iz saldı. Görkəmli musiqiçinin həyat yoluna nəzər saldıqda, Azərbaycan musiqisinin inkişafı üçün çəkilən zəhmət və xidmətin şahidi olursan.

Əməkdar incəsənət xadimi Gülarə Əliyeva Əziz Əliyev kimi böyük bir ziyalının ailəsində doğulub. 1956-cı ildə Üzeyir HacıbəyovadınaAzərbaycan Dövlət Konservatoriyasının fortepiano və nəzəriyyə fakültəsini əla qiymətlərlə bitirib. 1966-cı ildə "Bəstəkar Fikrət Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 1967-1989-cu illərdə M.Əliyevadınaİncəsənət İnstitutunun musiqi kafedrasının müdiri, o cümlədən institutun elmi şurasının üzvü olub. 1969-cu ildən dosent olan, elmi-pedaqoji fəaliyyət göstərən G.Əliyeva əvvəlcə "Azteleradio”, sonra isə S.Rüstəmovadınaxalq çalğı alətləri orkestrində konsertmeyster işləyib."Dan ulduzu” kamera-instrumental ansamblının yaradılması Gülarə xanımın həyatında yeni səhifəyə çevrilir. "Dan ulduzu”nun adını Xalq şairi Nəbi Xəzritəklif edir. İlk çıхışdan "Dan ulduzu” insanlar tərəfindən sevilir. Gülarə xanım düz 23ilbu kollektivə rəhbərlik edir. Gülarə хanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradır. "Dan ulduzu” tezliklə dövlət tədbirləri, konsertlər, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrilir.Ömrünün sonunadək "Dan ulduzu”nu öz övladı kimi sevir, onu inkişaf etdirir.1991-ci ilin yayında faciəli ölümü Gülarə xanımı sevimli"Dan ulduzu”ndan ayırır.

O dövrdə belə bir ansambl yenilik idi, xalq çalğı alətləri ilə klassik musiqi alətlərinin sintezini ilk dəfə G.Əliyeva yaratmışdı. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov və bir sıra digər tanınmış bəstəkarlarla işləyirdi. Ansambl çox ölkələrdə qastrollarda olurdu, konsertləri uğurla keçirdi. Həmin ölkələrin mətbuatında ansambl haqqında yazılar dərc olunurdu. İtaliya, İspaniya, Bolqarıstan, Türkiyə, Əlcəzair, Livan, Suriya, Hindistan mətbuatı "Dan ulduzu”ndan bəhs edirdi.Əcnəbilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini eşidib təəccüblərini gizlədə bilmirdilər.Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Hüseynağa Hadıyev və b. ifaçılar "Dan ulduzu”nun solistləri kimi məşhurlaşmışdılar. 1975-ci ildə isəZeynəb Xanlarova "Dan ulduzu” ilə silsilə proqramla dövlət konsertlərində çıхış edir. Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçuHəsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilovansambla dəvət edilir. Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyxa Mirismayılovavə başqa ifaçılar "Dan ulduzu” ilə məşhurlaşır, sevilirlər. Gülarə хanım bölgələrdə oхuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların potensial imkanlarının üzə çıхarılmasında köməyini əsirgəmir. "Dan ulduzu” instrumental ansamblı tezliklə Azərbaycan televiziyası və radiosunun ştatına keçirilir.
Xoşbəxt taleli sənətkar
"Gülarə хanım həm "Dan ulduzu”nun bədii rəhbəri, yaradıcısı, həm dəfortepianopartiyalarının ifaçısı idi. Ansamblın repertuarına ancaq professional bəstəkarların mahnıları daхil ola bilərdi. Bu, bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi”- deyə xalq artisti Flora Kərimova danışır: "Leyla xanımdan sonra «Dan ulduzu»nda ikinci solist mən oldum. Mən də ansambla Hüseynağa Hadıyevi, Yalçın Rzayevi gətirdim. Ansambl ən gözəl dövrünü yaşayırdı. Ayrıca ansamblın rəhbəri kimi Gülarə xanım həm peşəkarlığı, həm də insani keyfiyyətləri ilə hamının sevimlisi idi. 20 il o ansamblda çalışdım. Onun hər anı, hər günü bir xatirə idi. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Oqtay Kazımi, Ramiz Mirişli kimi bəstəkarların mahnılarını o ansamblda ifa edirdim. Gülarə xanım elə bir musiqiçi idi ki, bütün tanınmış bəstəkarlar mahnılarını, əsərlərini ona həvalə edirdilər. Ansambl çox sevilirdi. Hər bir müğənni o zaman bu ansamblla çıxış etmək istəyirdi. O zaman bu ansamblda oxuyan müğənnilər brend sayılırdılar. Seçmə müğənnilər bu ansamblda oxuyurdu. Gülarə xanımın ürəyi çox yumşaq idi. Bəzən o qədər populyar olmayan müğənnilər də ansamblda oxumaq istəyəndə, onlara yox demirdi. Ancaq bu ansamblda oxumaları həmin müğənniləri məşhurlaşdırırdı. Ancaq məsuliyyətli konsertlərdə ansamblın ulduzları çıxış edirdilər.

Gülarə xanım sadə olduğu qədər də ciddi, tələbkar idi.Bu xüsusiyyət onun işində daha aydın görünürdü.O, sadəcə təşkilatçı, rəhbər deyildi.Azərbaycan musiqi sənətinin, daha doğrusu, ifaçılıq sənətinin inkişafı üçün çalışan elm xadimi idi.Ansambla hər adamı üzv qəbul etməzdi, onun vaxtilə ansambla gətirdiyi ifaçıların əksəriyyəti özünü sənət aləmində təsdiqləyib, sözünü deyə bilmişdi.Bu mənada da Gülarə xanım xoşbəxt taleli sənətkarlardan biri idi.Belə istedadlı insanlar az-az doğulur.
Şərqlə Qərbin birləşməsi
"O, sözün həqiqi mənasında yaradıcı insan idi - hər gün nəsə yaradırdı” deyən bəstəkar Oqtay Rəcəbov Gülarə Əliyevanı təkcə peşəkar musiqiçi kimi deyil, həm də bütöv insan kimi dəyərləndirir: "İnsanlar var ki, uzun bir ömür yaşayır, dünyasını dəyişir, ancaq yadda qalmır. İnsanın yadda qalması həm də onun xalqına xidməti ilə ölçülür. Gülarə Əliyeva musiqiçi və gözəl bir şəxsiyyət kimi xalqına xidmət edirdi. Gülarə xanımda çox müsbət keyfiyyətlər toplaşmışdı. O, hər gün Azərbaycan professional bəstəkarlarını ansambla dəvət edir və onların əsərlərini ifa edirdi. Gənclərlə işləməyə də üstünlük verirdi. Həmçinin Cahangir Cahangirov, Süleyman Ələsgərov kimi klassik bəstəkarların əsərlərini elə gözəl ifa edirdi ki, onlara yeni həyat verirdi”. O.Rəcəbov deyir ki, G.Əliyevanın gənc müğənnilərin yetişməsində də böyük rolu olub: "Hazırda o müğənnilərin əksəriyyəti xalq və əməkdar artistlərdir. Gülarə Əliyevanın ansamblı həm mobilliyinə, həm musiqiçilərinin sayına görə fərqlənirdi. Bu ansambl bir növ Şərqlə Qərbin birləşməsi idi. Dilarə xanım milli və ümumbəşəri anlamda bir ansambl yaratdı. Həmin ansambl bu günə kimi fəaliyyət göstərir”. Keçən əsrin 60-70-ci illərində Azərbaycanda bir sıra peşəkar ansamblların yarandığını deyən bəstəkarın sözlərinə görə, həmin kollektivlər ölkənin vokal mədəniyyətinin, mahnı janrının inkişafında böyük rol oynayırdılar: "Bu ansambl musiqi aləminə yenilik, fərqli ab-hava gətirmişdi”. Gülarə xanımın yüksək insanı keyfiyyətlərindən danışan O.Rəcəbov pianoçunu təvazökar və səmimi insan kimi xatırlayır: "Gülarə xanım Əziz Əliyev kimi görkəmli şəxsiyyətin övladı, Zərifə Əliyeva kimi şəxsiyyətin bacısı, Heydər Əliyev kimi görkəmli insanın baldızı idi. Ancaq heç vaxt onların adından istifadə etmirdi. Gülarə xanım heç Xalq artisti fəxri adına layiq görülməmişdi. O Əməkdar İncəsənət xadimi kimi həyatdan köçdü. Azərbaycan xalqı üçün çox iş gördü. Gülarə xanımın faciəvi şəkildə dünyasını dəyişməsi bütün musiqisevərlər üçün böyük itki oldu. Azərbaycan musiqisi onun simasında görkəmli bir yaradıcı şəxsiyyəti itirdi”.
...Yeri görünür

Əməkdar incəsənət xadimi, rejissor Arif Qazıyevin və ssenari müəllifi Rəfiqə Məsudun 2000-ci ildə çəkdikləri "Dan ulduzu-tale ulduzu” televiziya filmində Gülarə Əliyevanın yadigarı Ayəndə xanımın ürək sözləri görkəmli musiqiçi haqqında ən gözəl fikirləri deyir: "Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi qalıb.Çox narahat insan idi.Biz biryanagedəndə, evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar, balkona çıxıb gözləyərdi.Bəzən təzyiqi yüksələr, halı pisləşərdi.Evimiz qonaq-qaralı olurdu, ansamblın məşqlərini də evdə edərdilər.O, musiqi ilə yaşayırdı.Həmişə fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov imtahan götürüb.Konservatoriyanın iki: bəstəkarlıq və fortepiano ifaçılığı fakültələrini bitirmişdi. Gecələr işləməyi çox sevərdi, hərdən gecə yarısı oyananda qonaq otağının işığının yandığını görərdik, anam çox vaxt sübhədək oturub orkestrovka edərdi.Bütün musiqi alətləri üçün səsləri özü yazar, heç kəsə etibar etməzdi.Sakitlikdə oturub öz-özünə zümzümə edib yazardı. Anamın konsertləri tez-tez televiziyada səslənir, verilişlər hazırlanır, diski buraxılıb.Ad günündə, ölüm günündə qəbrini ziyarət edirik: ailə üzvləri, onu tanıyanlar. Onun xatirə gecəsi Rəşid BehbudovadınaMahnı Teatrında təşkil olunmuşdu, çox gözəl bir tədbir alınmışdı”.

Ayəndə xanım anasını onlardan ayıran faciəvi günü böyük kədərlə xatırlayır: "1991-ci il iyulun 27-si idi.Atamı Moskvaya müayinəyə yola salmağa hazırlaşırdıq.Ansamblın violonçelçalanı Minirə xanım da bizdə idi, anamla çox yaxın olduqlarından ona kömək etmək üçün gəlmişdi.Atam yol çantasını götürüb evdən çıxmaq istəyəndə mən və bacım Nuridə də onunla çıxdıq.Nuridə çox aşağı düşmədi, atamı əlində tutduğu "Quran” kitabının altından keçirib, geriyə döndü.Mən isə blokun qapısınadək onu ötürdüm.Bu dəm dəhşətli bir səs eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni görüb sakitləşsin ki, sağ-salamatam.Otağa girib balkona çıxmaq istədim… Balkondan əsər-əlamət qalmamışdı…

Tez-tez yuxularıma gəlir, yoxluğunu çox hiss edirəm, yeri görünür…

Gülarə Əliyevanın ölümündən sonra ansamblın üzvləri onun xatirəsini yaşatmaq üçün əllərindən gələni əsirgəmədilər. Yubileylər, xatirə gecələri, verilişlərlə yanaşı, Əməkdar incəsənət xadimi, "Dan ulduzu” instrumental ansamblına sonradan rəhbərlik etmiş görkəmli pianoçu, mərhum Həsənağa Qurbanovun tərtib etdiyi "Bizim Gülarə Əliyeva” kitabı böyük sənətkarın yaradıcılığına yüksək töhfədir. Kitabda Gülarə Əliyevanın sənət dostlarının, tanınmış incəsənət adamlarının onun haqqında xatirələri yer alıb. Sənət dostları onu "Dan ulduzu” kimi əbədiyaşar insan adlandırıblar.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər