• cümə axşamı, 25 aprel, 16:00
  • Baku Bakı 23°C

Dallakyan Sarkisyana qarşı

13.10.16 13:14 933
Dallakyan Sarkisyana qarşı
Ermənistanda hakimiyyət daxilində davam edən gərginlik pik həddə çatıb. Bu dəfə gərginlik Ermənistan prezident administrasiyası rəhbərinin müavini və prezidentin parlamentdə daimi nümayəndəsi vəzifəsindən istefa verdiyini bildirən Viktor Dallakyanla bağlı yaşanıb. Vəziyyət o qədər gərginləşib ki, V.Dallakyan bəyan edib ki, onun, yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, "buna görə Ermənistan prezidenti Serj Sarkisyan məsuliyyət daşıyacaq”. V. Dallakyan artıq istefa ərizəsini təqdim etdiyini və hakim Respublika Partiyasının (ERP) üzvlüyündən çıxıb, fəal siyasətə qayıtdığını, 2017-ci il parlament seçkilərində iştirak edəcəyini bildirib. "Əgər bugünkü bəyanatımdan sonra mənim, yaxud ailə üzvlərimin başına hər hansı hadisə gəlsə, bunun üçün Serj Sarkisyan məsuliyyət daşıyır", - deyə V. Dallakyan deyib. Yerli mətbuatda V.Dallakyanın istefa verəcəyi haqqında bu ayın əvvəlindən şayiələr dolaşırdı. "Haykakan jamanak” ("Erməni zamanı”) qəzeti Dallakyanın "Şırcadats” ("Dönüş”) adlı yeni, "müxalif məkanda fəaliyyət göstərən” partiya təsis edəcəyi və partiyaya ötən həftə istefaya göndərilən müdafiə naziri Seyran Ohanyanın sədrlik edəcəyini bildirmişdi. Qəzet sabiq müdafiə nazirinin prezident Sarkisyandan "küsdüyünü” və istefadan sonra ona təklif edilən Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi və Milli Təhlükəsizlik Şurasının katibi vəzifələrindən imtina etdiyi bildirir. "Jamanak” ("Zaman”) qəzeti isə yazır ki, partiya Yerevanın mərkəzində ofis icarə edib və informasiya saytını açıb "və bunların hamısı Rusiyadan maliyyələşdirilir”. İllər öncə V.Dallakyan prezident Sarkisyana müxalif mövqedə olub və onun "Ermənistanın büdcəsini Monte Karlo kazinolarında israf” etməsi haqqında bəyanatlar yayıb. Lakin 2012-ci ildə müxalif ritorikasına son qoyub prezident Serj Sarkisyanın başçılıq etdiyi partiyaya üzv olub, prezident administrasiyası rəhbərinin müavini və prezidentin parlamentdə daimi nümayəndəsi təyin edilib.
Beləliklə, Ermənistan hakimiyyətində vəziyyət onu deməyə əsas verir ki, Serj Sarkisyan onun üçün yaranan təhlükədən ehtiyat edərək, kadr dəyişikliklərinə gedir.
Belə bir fikir formalaşıb ki, yeni baş nazir Karen Karapetyan Robert Köçəryanın yenidən hakimiyyətə qayıtmasına çalışır. Başqa sözlə desək, ölkədə Robert Köçəryanın hakimiyyətə qayıdışına hazırlıq gedir. İstənilən halda isə baş verənlər Ermənistanda yaxın zamanda ciddi hakimiyyət savaşının başlayacağını göstərir. Özü də ölkədə tək siyasi deyil,iqtisadi müstəvidə də vəziyyət acınacaqlıdır.
"Ermənistan hökumətinin mühüm bir rolu yoxdur, çünki ölkədə iqtisadi vəziyyət Rusiyadakı iqtisadi fəallıqdan və misin qiymətindən asılıdır”. Bunu tert.am saytına Ermənistan Milli Konqres Partiyasının Siyasi Şurasının üzvü, iqtisadçı Vahan Xaçatryan deyib. O əlavə edib ki, Ermənistanın yeni hökuməti hələlik korrupsiyanın və inhisarçılığın kökünün kəsilməsindən söz salmır: "Əksinə, onlar deyirlər ki, kiçik iqtisadiyyatlarda monopoliyalar zəruridir. Belə mövqe cəmiyyətdə çaşqınlıq yaradır. Onlar ya məlumatlı deyillər, ya da belə bəyanatları məqsədli şəkildə verirlər”.
V.Xaçatryan deyib ki, yeni hökumət iqtisadi rəqabət mühitindən, kiçik və orta sahibkarlıqdan da söhbət açmır. Bu isə o deməkdir ki, ölkədə heç bir dəyişiklik baş verməyəcək: "Biz ağır vəziyyətdəyik və bunu bilirik. Onlar bizə həmişə deyirdilər ki, biz düz danışmırıq. Köhnə hökumətin istefasından 20 gün keçir, bu müddətdə təzə hökumət yalnız bunu deyib ki, iqtisadi vəziyyətimiz ağırdır”.
Beynəlxalq Valyuta Fondu(BVF) da erməniləri məyus edən proqnozlar açıqlayıb. Fondun proqnozlarına görə, qarşıdakı yarım ildə Ermənistanda iqtisadi artım olmayacaq.
Fondun mütəxəssisləri hesabatlarında həmçinin, işsizliyin artacağına da diqqət çəkirlər. Qurumun məlumatına görə, 2016-cı ildə Ermənistanda işsizlər iqtisadi baxımdan fəal əhalinin 17,9 faizini təşkil edir. Növbəti ildə bu rəqəm artaraq 18 faizə çatacaq.Fondun mütəxəssislərinin fikrincə, Ermənistanda miqrasiya əvvəlki kimi ciddi problem olaraq qalacaq. Belə ki, Sovetlər Birliyinin çöküşündən sonra Ermənistanda əhalinin sayı 27 faiz azalıb. Mütəxəssislərin qənaətincə, qarşıdakı illərdə miqrasiya problemi ölkə əhalisinin artım tempinə ciddi şəkildə təsir edəcək. Onlar ölkədən əsasən cavanların və təhsilli insanların getdiyini qeyd edirlər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər