• cümə axşamı, 25 aprel, 23:56
  • Baku Bakı 21°C

“Dağlıq Qarabağ münaqişəsinin həlli əvvəlki tək yubadılmayacaq”

18.05.16 10:55 2474
“Dağlıq Qarabağ münaqişəsinin həlli əvvəlki tək yubadılmayacaq”
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə srağagün Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sarkisyan arasında daha bir görüş keçirilib. Görüşdə Con Kerri, Sergey Lavrov, Harlem Desir, həmsədrlər və ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər. Həmin görüşün nəticələri barədə "Kaspi”nin suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc cavablandırır.
- Zahid müəllim, Azərbaycan və Ermənistan prezidentləri arasında Vyanada keçirilən növbəti görüşü necə dəyərləndirirsiniz?
- Vyana danışıqları Dağlıq Qarabağ probleminin çözümü üçün ötən 20 il ərzində atəşkəsin daha genişmiqyaslı və kütləvi pozulması halından, aprelin əvvəlindəki "dörd günlük müharibə”dən sonra keçirildiyindən region, maraqlı beynəlxalq dairələr, Ermənistan və Azərbaycan üçün xüsusi önəm daşıyırdı. Bu görüşü əvvəlkilərdən fərqləndirmək gərəkdir. İlk növbədə, Ermənistanın iddia etməsi ki, guya bundan sonrakı dövrdə onlar real etimad mühitinə, təhlükəsizliyə, atəşkəsin bir daha pozulmayacağına zəmanət alandan sonra danışıqlara gələcəklər kimi məsələlər tamamilə arxa planda qaldı. Göründüyü kimi, Azərbaycan və onun Prezidenti hər hansı dövlət tərəfindən ittiham, sanksiyalar və sairlə qarşılaşmadı. Beləliklə də Ermənistanın əsassız iddiaları, ittihamları, şərtləri qəbul edilmədi. Bu, o deməkdir ki, Serj Sarkisyanın nə özünün, nə də səsləndirdiyi bəyanatların heç bir dəyəri yoxdur. Bundan başqa, ilk dəfə idi ki, 3 həmsədr ölkənin, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərin xarici işlər nazirləri səviyyəsində Dağlıq Qarabağ münaqişəsi bu cür müzakirə olundu. Ötən on illər ərzində bu ranqda, bu statusda Qarabağ müzakirələri aparılmayıb. Bütün bu irəliləyiş aprel ayındakı "dörd günlük müharibə”nin, düşmənə vurulan sarsıdıcı zərbənin nəticəsində oldu, danışıqlar prosesində Azərbaycanın mövqeyini bir qədər də gücləndirdi. İllərdir Dağlıq Qarabağ münaqişəsinin həllini İraqdan, Əfqanıstandan və sair bu kimi problemlərdən sonraya saxlayanlar, növbəni gözləməyi tələb edənlər aprel hadisələrinin ardınca Qarabağ probleminin həllini beynəlxalq gündəmə gətirdilər. Təsadüfi deyil ki, Con Kerri və Sergey Lavrov arasında telefon danışıqlarında da bu məsələ müzakirə olunmağa başladı. Sadəcə, bizi üzən fakt budur ki, Dağlıq Qarabağ münaqişəsi Ukrayna və Suriya hadisələrindən çox-çox əvvəl baş verməsinə baxmayaraq, bu məsələ Suriya problemi ilə yanaşı müzakirə olunur. Bununla belə, əsas məqam budur ki, danışıqlar prosesi "ölü nöqtə”dən tərpənib və bu problemə "dondurulmuş münaqişə” kimi baxanlar yanıldıqlarının fərqinə vardılar.
- Rusiya xarici işlər nazirinin son bəyanatı ilə yəqin ki, tanışsınız. Münaqişənin həlli baxımından bu bəyanat Sizdə hansı təəssüratı yaradır?
- Bu suala cavab verməzdən əvvəl bir məqama diqqət çəkmək istərdim. Fikir verin, Sarkisyan Qərbin müşahidəçilərini bölgəyə dəvət edir. Nədir bu dəvətin mənası? Bununla Ermənistan prezidenti açıq şəkildə Rusiyadan şikayət edir, rəsmi Moskvanın mövqeyinə inanmadığını nümayiş etdirir, ən nəhayət, özünə yeni sahib axtarır. Lakin Sarkisyanın bütün bu cəhdləri nəticəsiz qalır. Rusiya xarici işlər nazirinin bəyanatına gəlincə, onun sözlərinə görə, iyun ayında tərəflər real mövqe bildirəcəklər ki, Dağlıq Qarabağ məsələsinin son fazasını razılaşdırma prinsipləri üzərində danışıqları aparsınlar. Bu, o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli əvvəlki tək yubadılmayacaq. Azərbaycan Prezidenti bu danışıqlara böyük bir güclə, siyasi iradə və xalqımızın vahid mövqeyi ilə daxil olub. Lakin ermənilər haqqında bunu söyləmək qeyri-mümkündür. Ermənistanda parlament və prezident birliyi mövcud deyil. Hətta hökumət içərisində də Sarkisyana çox sayda müxaliflər var. Həmçinin ordu birləşmələri də Ermənistan prezidentini həzm etmək, onu tanımaq istəmir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Vyana görüşləri Dağlıq Qarabağ münaqişəsi üçün həqiqətən də həlledici xarakter daşıya bilər. Yəqin ki, bundan sonra Rusiyanın problemin həlli barədə irəli sürdüyü razılaşma planı barədə hansısa addımları görə biləcəyik. Ümid edirik ki, Vladimir Putin özündən əvvəlki rəhbərlərdən fərqli olaraq, Cənubu Qafqazda sülhün bərqərar olması üçün ədalətli mövqe seçəcək və bu istiqamətdə addımlar atılacaq. Rusiya prezidentinin buna imkanları var və bölgə dövlətləri də onu qəbul edəcəklər. Çünki Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması beynəlxalq birliyi bu regiona gətirir. Əgər bu problem həllini taparsa, Rusiyanın bu regionda mövqeləri daha da möhkəmlənəcək.
- Sizin də qeyd etdiyiniz kimi, Vyana danışıqlarında ABŞ, Rusiya və Fransa xarici işlər nazirləri şəxsən iştirak ediblər. Bu, nəyə işarədir? Həmsədr dövlətlər münaqişənin həllini həqiqətən də istəyirlərmi?
- Sergey Lavrov açıq şəkildə bəyan edib ki, Vyana görüşünün keçirilməsini ABŞ istəyib, Rusiya da bununla razılaşıb. Həmin fikri inkişaf etdirsək, Qərb Rusiyanın 5 apreldə tərəflərə ağır hərbi əməliyyatlardan geri durmağa çağırış edəndən sonra yeni mərhələdə siyasi prosesi tam öz əlinə almasına və Qafqazdakı münaqişələrin çözülməsi üzərində monopolist tərəf olmasına razılıq vermək istəməyib. Yəni, ABŞ və Fransa danışıqlar prosesində fəal mövqe tutmağa çalışırlar ki, müharibənin qarşısını bəyanatlarla, telefon zəngləri ilə ala bilməsələr də, heç olmasa sonrakı proseslərdə özlərini oyundan kənar saxlamasınlar. Digər tərəfdən, yəqin ki, Qafqaz regionu uğrunda məlum mübarizə getdiyindən, bir çoxları müharibənin hansı gerçəklikləri ortaya çıxaracağını hesablayırlar. Burada infrastrukturların dağıdılması, transmilli layihələrə zərbələrin vurulması kimin mənafeyinə xidmət edər sualı üzərində düşünürlər. Yaxud, düşünürlər ki, Qərb Ermənistana "stavka” etsə, həmçinin Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini taparsa, bu, hansı nəticələrə gətirib çıxara bilər. Bütün bu məqamlar Qərbdə, Rusiyada, hətta qonşu İranda hesablanmaqdadır. Bizim üçün mühüm məqam budur ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacağı təqdirdə, bölgədəki digər problemlər də həllini tapa bilər. Ona görə də Suriya məsələsində böyük güclər "əllərini qızdırdıqları” kimi, Dağlıq Qarabağ məsələsini də iki dövlət arasında deyil, daha yüksək səviyyədə saxlamaq niyyətindədirlər. Biz regionda kənar güclərin təsiri ilə münaqişə zonasında yeni müharibənin alovlanmasının tərəfdarı deyilik. Aprel ayının əvvəlindəki hadisələr göstərdi ki, prosesə kənar müdaxilələr olmayanda ordumuzun gücü əsl ədalətli həlli tapmağa imkan verir. Bunu hər kəs yəqin edir ki, biz artıq Strasburqdan, Brüsseldən, yaxud başqa paytaxtlardan ədalətli mövqe görmədiyimiz halda, problemi hərbi yolla ədalətli şəkildə həll etməyə qadirik.
- Sizcə, Ermənistanı münaqişənin mərhələli yolla həllinə məcbur etmək olacaqmı?
- Əgər bundan sonrakı mərhələdə real addımlar atılmazsa, Ermənistan üçün ikinci yol başlanır. Bu, sürətlə silahlanma, həmçinin özünə kənar müttəfiq tapmaq yoludur. Bu, Ermənistan üçün fəlakətlə nəticələnəcək. Çünki bundan əvvəlki danışıqlar prosesində sabiq prezident Levon Ter Petrosyan ciddi addımlar atmaq barədə razılığa gəlmişdi. Robert Koçaryan, Serj Sarkisyan və sairlərdən ibarət hərbi xunta dərhal Ermənistanda hakimiyyət dəyişikliyi etdilər, bir neçə il sonra parlamentdə deputatları gülləboran elədilər. Ona görə də indiki halda da Rusiya planlarından kənar addımlar atmaq İrəvanda növbəti gülləboranlar doğuracaq, siyasi qətllər və terror qaçılmaz olacaq. Ən ciddi məqam budur ki, Ermənistan Azərbaycanla silahlanma sahəsində yarışa girərsə, boğazlarından kəsib orduya pul xərcləməli olacaqlar. Bu, onların sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq. Digər tərəfdən, Ermənistanda bütün xalqı səngərə doldurmaq mümkün deyil. 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlasalar da, oraları özləri üçün vətənə çevirə bilməyiblər. Bu kimi səbəblərdən hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın üstün mövqeyi formalaşıb. Amma nə qədər ki, Sarkisyan rejimi hakimiyyətdədir, orada hərbi cinayətkarlar deyil, normal bir siyasi qüvvə hakimiyyətə gəlməyib, problemin həlli üçün çətinliklər yaradılacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər