“Dağlıq Qarabağ məsələsi bizim fəaliyyətimizin əsas prioritetini təşkil edir”

Bu yaxınlarda Alman Federativ Respublikasının
məhkəmə orqanının təsdiqi ilə dünya azərbaycanlılarının beynəlxalq ictimai
təşkilatı olan Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəsmən
qeydiyyatdan keçib. Bundan sonra assambleya rəsmi dövlət qeydiyyatından keçmiş
bir qurum kimi fəaliyyət göstərəcək. DAA-nın prezidenti Rəşad Quliyev "Kaspi”yə
müsahibəsində rəhbərlik etdiyi təşkilatın planlarından danışıb.
-
Almaniyada beynəlxalq təşkilat olaraq qeydiyyatdan keçən Dünya Azərbaycanlıları
Assambleyasının yaranmasının məram və məqsədi nədir?
-
Dünya Azərbaycanlıları
Assambleyası (qısa adı DAA) 06.09.2016 tarixində Almaniya Federativ
Respublikasının rəsmi orqanları tərəfindən beynəlxalq ictimai qurum olaraq
qeydiyyatdan keçib. Qurumumuzun yaranma zərurəti var idi. Bu ona görə zəruri
idi ki, bu gün dünyanın müxtəlif ölkələrində 465 Azərbaycan adlı cəmiyyət
fəaliyyət göstərir. Bu təşkilatların birgə koordinasiyasını təşkil edən,
dünyaya haqq səsimizi çatdıracaq beynəlxalq səviyyəli təşkilata ehtiyac yaranmışdı.
Bu günə qədər bu fəaliyyəti DAK – Dünya Azərbaycanlıları Konqresi qarşısına
hədəf olaraq qoymuşdu. Düşünürəm ki, illərimi verdiyim bu təşkilat da, qarşıya
qoyulan hədəflərə doğru istiqamətdə getmədi. Mən bu gün bu təşkilatın
rəhbərliyində təmsil olunan şəxslərin hər birinə hörmətim var. Ancaq fakt budur
ki, illərdir bu qurum "kim DAK-dır” kimi mənasız ad uğrunda mənasız savaş
verməkdədir. Bu isə ümumi işimizə mane olur. Bu gün dünyada haqqımızı müdafiə
etməli olduğumuz, İrandakı soydaşlarımızın məhrum olduğu mədəni və dil
hüquqları uğrunda mübarizə aparmaq, qanayan yaramız Dağlıq Qarabağ məsələsinə
diqqət ayırmaq, dünyanı başına alıb gedən "erməni soyqrımı” yalanlarına "dur”
demək əvəzinə "kim haqlıdır və ya kim DAK-dır” mübarizəsini aparmaq
məcburiyyətində qalmışdıq. Bu təşkilat mənim üçün doğmadır. DAK-ın şərəfli bir
keçmişi var. Bu təşkilatın fəaliyyətini üstündən qara xətt çəkmək olmaz. Məncə,
bu, ən böyük yanlışlıq olar. İçində təcrübə qazandığım, gənclik illərimdə mübarizə yolunu keçdiyim təşkilatın
bugünkü durumuna üzülürəm. Olmadı, ancaq olmadısa biz dayanmalı deyilik. Bu
baxımdan, milli məsələmizi dünya gündəminə daşıyacaq bir təşkilata ehtiyac var
idi, məhz bu məqsədlə yola çıxaraq DAA-nı qurduq. Təşkilatımızın məqsədləri
haqqında geniş danışmaq mümkündür. Ancaq mən geniş olan məramımızı qısaldıb
ixtisarla sizə deyə bilərəm ki, artıq bəşəriyyət öz inkişafında yeni bir tarixi
dövrə - XXI əsrə qədəm qoyub. Hazırda dünyanın siyasi dairələri içərisində
demokratikləşmə dalğasının sürətlə yayılması ilə imperiyalar çərçivəsində
haqları pozulan millətlər öz haqlarını almaqda, öz dövlətlərini qurmaqdadırlar.
Demokratikləşmə və millətləşmə çağdaş dövrün bir-birini tamamlayan iki böyük
hadisəsi olmaqla, cəmiyyətin inkişaf istiqamətini müəyyənləşdirməkdədir.Azərbaycan da məhz dünyanın bu
inkişaf sürəci içərisindədir. Dünya Azərbaycanlıları Assambleyası dünya
üzərində yaşayan 50 milyondan artıq azərbaycanlının insan haqlarının, milli
mədəni hüquqlarının təmin olunmasını qarşısına məqsəd qoymuş beynəlxalq ictimai
təşkilatdır. Biz, millətindən, dinindən, irqindən, cinsindən və siyasi
mənsubiyyətindən asılı olmayaraq hər kəsi azad, xoşbəxt və firavan, Azərbaycan
Respublikasını isə sivil, vahid, müstəqil və demokratik dünya ailəsinin bir
üzvü olaraq çiçəklənən dövlət kimi görmək istəyirik. Biz bütün dövlətlərin
ərazi bütövlüyünə, o cümlədən də insanların, bütün xalqların hüquqlarına
hörmətlə yanaşır, dünyanın başqa xalqlarından da azərbaycanlıların hüquqlarına
hörmətlə yanaşmalarını istəyirik.
-
Sirr deyil ki, hazırda dünya ölkələrində erməni lobbisi çox güclüdür. Belə olan
vəziyyətdə DAA Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün hansı işləri
görməyi düşünür?
- Bu gün Dağlıq Qarabağ problemi
artıq daxili problem olmaqdan, milli münaqişə olmaqdan çıxıb. Bu problem artıq
dünyanın problemi, əsas mövzusu durumuna gəlib. Biz bir təşkilat olaraq
beynəlxalq hüquq normalarına əsasən fəaliyyət göstəririk. Beynəlxalq hüquq
normalarına əsasən, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Azərbaycanın tərkib
hissəsidir. Biz 1992-ci ildə BMT-yə üzv qəbul edilərkən 86.6 min kvadrat kilometrlik ərazi ilə qəbul edilmişik. Bu, çox önəmli məsələdir. Artıq dünya bizi
bu sərhədlər çərçivəsində qəbul edir və bu müzakirə mövzusu deyil. Bir də
beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etmə prinsipi var. Erməni
işğalçıları bu prinsipləri manipulyasiya edirlər. Halbuki bu prinsip Dağlıq
Qarabağa tətbiq edilə bilməz. Təsəvvür edin ki, bu gün Almaniya Federativ
Respublikası 1 milyon Suriyalı qaçqını ölkəsinə qəbul edir. Təbii ki, bir neçə
il sonra bunların sayı dəfələrlə artmış olacaq və bir müddət sonra bu bölgəyə
köç etmiş ərəblər qalxıb "müqqədaratımızı təyin etmək istəyirik, prinsipimiz
var” deyə bilməzlər. Bu gün dünyanın
elə bir ölkəsi yoxdur ki, orda on illər, hətta yüz illərdir başqa xalqlar
yaşamasın. Hər bir millət bu prinsipdən istifadəyə qalxsa, dünyanın düzəni
dəyişər. Bu baxımdan, ermənilərin bu iddiası yersiz və absurddur.Dağlıq Qarabağ məsələsi bizim
fəaliyyətimizin əsas prioritetini təşkil edir. Bütün gücümüzlə bu məsələdə
haqlı mövqeyimizi beynəlxalq təşkilatlara, dünyanın bu tip münaqişələrlə məşğul
olan qurumlarına, fəaliyyət göstərdiyimiz ölkənin yerli hakimiyyət orqanlarına,
toplumuna çatdırmağı özümüzə borc hesab edirik.
-
Müşahidələriniz nə göstərir: Almaniyada yaşayan millətlər və əsasən alman xalqı
ölkəmiz haqqında hansı məlumatlara malikdirlər?
- Almanlar Azərbaycanı ümumi
məlumatlarla tanıyırlar. Ölkəmizin zəngin mədəni tarixə, irsə sahib olduğunu
müəyyən qədər bilirlər. Ancaq bu, kifayət etməz. Yalnız Almaniyada deyil, hətta
qonşu ölkə Rusiyada, canı canımızdan olan Türkiyədə də, dünyanın ucqar
nöqtəsində yerləşən Avstraliyada, Yaponiyada, bir sözlə, dünyanın hər bir
nöqtəsində ciddi fəaliyyət içərisində olmalıyıq. Almaniyada da haqqımızda ciddi
məlumat boşluğu var. Məsələn, hələ də almanlar bilmirlər ki, onların keçmişdə
dədə-babaları Azərbaycanda işləmək, yaşamaq üçün bizim ölkəmizə təşrif
buyurublar və almanların yaşadığı kəndlər, kilsələr mövcuddur. Bu gün qardaş
Türkiyədə belə, ölkəmizi yaxından tanımayan insanlar var. Buna görə düşünürəm
ki, paralel olaraq bütün ölkələrdə ciddi iş aparmaq lazımdır.
-
Almaniyada təhsil alan tələbələrimizin fəallığı hansı səviyyədədir?
- Sualınıza görə təşəkkür edirəm!
Baxmayaraq ki, bu gün Almaniyada yüzlərlə hətta minlərlə azərbaycanlı gənc
təhsil alır, tələbələrin ölkəmizin təbliğatındakı fəallığı yetərli hesab oluna
bilməz. Bir neçə dəfə ayrı-ayrı tələbə qrupları ilə görüşlər keçirmiş,
danışıqlar aparmış, bunların səbəbini öyrənməyə çalışmışıq. Almaniyaya gələn
tələbələrin əksəriyyəti dərslərinə istiqamətlənir, özlərinə çevrə toplamağa
başlayırlar. Yerli cəmiyyətlərimizin fəaliyyətinə fəal dəstək olmurlar.
Toplantılarına fəal qatılmırlar. Təəssüf ki, hazırda Avropada təhsil alan
tələbələrin böyük əksəriyyəti öz qayğıları ilə məşğul olan bir təbəqəyə çevriliblər.
Məncə, dövlət tərəfindən təqaüd alan gənclərin milli-vətənpərvərlik hissləri və
fəaliyyəti nəzərə alınmalıdır, yaxud onlar bu ölkələrə təhsilə göndərilirkən
onlarla bu barədə söhbətlər aparılmalıdır .
-
Ümumiyyətlə, dünyaya səpələnən azərbaycanlılar ölkəmizlə bağlı həqiqətlərin
təbliğində hansı işləri görürlər?
- Nisbətən müsbət qiymətləndirmək
olar, ancaq bu işin üzərində də ciddi işləməyə, təşkilatlandırma prosesini
sürətləndirməyə ehtiyac var. Bu, üzərində ciddi durmalı olduğumuz məsələdir.
- Keçən il Almaniyada olarkən bir neçə diaspor təşkilatının fəaliyyəti
ilə tanış oldum və rəhbərlərindən müsahibə aldım. Hiss olunur ki, təşkilatlar
arasında münasibət o qədər də sıx deyil. Birliyə nail olmaq üçün hansı işlər
görülməlidir?
-
"Birlik” ifadəsi mücərrəd
anlayışdır. Hər bir təşkilatın özünün dəsti-xətti, proqramı, fəaliyyət
istiqaməti var. "Bütün təşkilatlar hər məsələdə bir olmalıdır” - deyə bir qayda
mövcud deyildir. Ancaq təbii ki, milli məsələlərdə həmrəy olmağımıza ehtiyac
var. Biz Almaniyada qeydiyyatdan keçsək də, fəaliyyət sferamız sırf Almaniya
ilə bağlı deyil. İşimizi beynəlxalq səviyyədə həyata keçirəcəyik. Bu mənada
Almaniya və digər ölkələrdə problemləri aradan qaldırıb vahid hədəfə doğru
istiqamətlənməyi təşkil etmək əsas prinsiplərimizdən biridir. Dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən qurumlarımızı milli məsələlərimiz ətrafında
təşkilatlandırmaq missiyasını üzərimizə götürmüşük.
-
DAA artıq dünyanın ayrı-ayrı ölkələrində öz təmsilçilərini yaradır. Missiya
yəqin ki, eynidir...
-
Dünya Azərbaycanlılar Assambleyası təmsilçiliklərinin qurulma prosesi hər gün
davam edir. Biz qarşımıza çox qısa bir zamanda dünyanın bütün, materik, qitə və
ölkələrini əhatə etmək hədəfini qoymuşuq. Hazırda Böyük Britaniya üzrə
koordinatorumuz təyin olunub. Buraya London Azərbaycanlı Qadınlar klubunun
rəhbəri, ictimai fəal Sevil Aslanova rəhbərlik edir. Eyni zamanda, bu günlərdə
Yaponiya təmsilçimiz də qərarlaşdırıldı. Bu, həmin Yaponiya-Azərbaycan Əməkdaşlıq
Assosiasiyasının rəhbəri, doktorant Əlibəy
Məmmədovdur. Əlibəy eyni zamanda Yaponiyada yerli topluma Azərbaycan dili
dərsləri verir. Digər təmsilçimiz Kəmalə Maisqızı Danimarkadan seçilib. Kəmalə
xanım musiqi müəlliməsidir, onun Danimarkada göstərdiyi fəaliyyət
təqdirəlayiqdir. Bugünlərdə əsas təmsilçiliklərimizdən biri olan Azərbaycan
təmsilçiliyinin də qurulması prosesinə start verdik. Bura isə iş adamı, ictimai
fəal Könül Məmmədzadə rəhbərlik edir. Hazırda Tatarıstan, Qırğızıstan, Rusiya
Federasiyası üzrə təmsilçiliyin qurulması istiqamətində danışıqlar davam edir.
Yəqin ki, yaxında müsbət bir nəticəyə gələcəyik.
- Azərbaycanın mədəniyyəti, tarixi və
incəsənətini tanıtmaq istiqamətində hansı işləri planlaşdırırsınız?
-
Zəngin Azərbaycan tarixi və mədəniyyətini dünyaya tanıtmaq ən vacib məqsədimizdir.
Bu istiqamətdə tədbirlər proqramımız hazırlanmaq ərəfəsindərdir. Tezliklə bu
istiqamətdə real və effektiv layihələrimizi görəcəksiniz. Hər halda, əsas
amalımız fərqli xalq və millətlərə, dövlətlərə bu zənginliklərimizi tanıtmaqdır.
Eyni zamanda, Azərbaycanın da dünya ailəsinin güclü bir üzvü olması üçün
əlimizdən gələni edəcəyik.DAA
dünyada ölkəmizin müsbət imicinin formalaşması, ölkəmizə dostlar qazandırmaq
üçün bütün soydaşlarımızla səylərini birləşdirəcəkdir. Dəyişməyən xəttimiz və
sərhədimiz dövlətçilikdir. Biz dövlətimizə düşmən olanlardan başqa hər kəslə
yaxından əməkdaşlıq edəcək, ümummilli mənafe üçün çalışacağıq. Yaratdığınız
imkandan istifadə edərək, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza
müraciət edirəm: Gəlin, umu-küsüləri, intriqaları kənara qoyaraq, dostluq,
qardaşlıq və sülh içərisində birgə addımlayaq!
Söhbətləşdi:Təranə
Məhərrəmova
