“Dağlı   məhəlləsi”: yaşayan  adət-ənənələr

“Dağlı məhəlləsi”: yaşayan adət-ənənələr

13 Yanvar 2020, 10:30 675
Kamran İmranoğlunun (Əliyevin) bu hekayəsində hadisələr Yasamalda yerləşən və bu gün də Dağlı məhəlləsi kimi tanınan məkanda baş vermişdir. Yazıçı orada kirayədə qalan tələbələrin XX əsrin 60-70-ci illərindəki həyat tərzini canlandırır.
 
Oxuduqca bir anlıq həmin vaxtlar insanın gözü önündə canlanır: "Yolumu o tərəfə salıb həmin məhəllənin qalıb-qalmadığını dəqiqləşdirmək də olar, amma qorxuram ki, məhəlləni öz yerində görməyəm və tələbəlik illərindən üzü bəri gizli bir həsrətlə qoruyub-saxladığım  xatirələrim bir andaca yaddaşımdan silinib gedə”. Hekayədə yazılan bu hissədə hiss olunur ki, müəllif həmin illər üçün çox darıxır. Bir zamanlar burada yaşadığından bu məkanın xatirəsinin ona çox əziz olduğu bu sətirlərdən bəlli olur.
 
Hekayə Dağlı məhəlləsində yerləşən hamamdakı hadisələrlə başlayır. Hamamda işləyən Sədulla kişi  kirayənişin qalan tələbələrlə çox mehriban dolanır. Hətta çox zaman özünü onların yaşıdı kimi aparır və onlarla çoxlu zarafatlar edirdi. Hamamda baş verən mübahisələrin qarşısını alar və əsasən tələbələrin qeydinə bir yaxınları kimi qalar. Bu ən çox hekayədə "buxar otağında" olan hadisədə hiss olunur. Buxar otağında tələbə oğlanların birinin ürəyi gedən zaman Sədulla bu sözləri deyir : "O   boynuyoğuna əlli dəfə demişəm ki, bu buxar otağını bağlatdır. Gərək biri ölə, ondan sonra ağlı başına gələ”. Bu hekayədən götürülmüş hissədə Sədullanın tələbə uşaqların təhlükəsizliyinə görə hamamın müdirinə olan etiraz və narazılığını görürük. Tələbələr də Sədullanı çox sevir. Bu məqam onun hər dəfə eyni hekayə danışdığına baxmayaraq, tələbələrin onu yenə də diqqətlə dinlədiyindən hiss olunur.
 
Hekayədəki digər obraz isə dükançı Zeynəb obrazıdır. Zeynəb tələbələrə  nisyə mal verərək onların sevgisini qazanmışdı. Nisyə dəftərinə onların adını qeyd etməklə tələbələrin bir çoxunu tanıyırdı. Maraqlıdır ki, həm də Zeynəb tələbələrə güvənirdi. Zeynəb də tələbələrlə çox mehriban idi və onları özünə məxsus tərzdə səsləyərdi: ”Hərdən ərki çatan tələbələrə ayama da qoşardı. Zeynəbin çox sevdiyi bir söz də var idi: Yetim! Tələbələrin bəziləri, xüsusən də atasız olanlar bundan umu-küsü eləsə də, Zeynəb öz şakərini tərgitmirdi, elə bil uşaqlarla öcəşirdi. Amma heç kəs bir dəfə də olsun onun üzünə qayıtmazdı”. Burada tələbələrin ona olan hörməti və mehribanlığı aydımca hiss olunur. Zeynəb sanki tələbələrə nisyə mal verməklə onları özünə bağlayardı və doğmalaşdırırdı”. Zeynəbə elə gəlirdi ki, bu uşaqlar olmasa, özü yetim qalacaq, onlara  öz uşaqları kimi baxırdı. Çünki Zeynəb dul qadın idi. Həyəti və dükanı müharibədə ölmüş ərindən ona miras qalmışdı.
Hekayədəki bir başqa obraz  Zibeydə obrazıdır. Zibeydə  Dağlı məhəlləsində  təndir çörəyi bişirir və satırdı. Həmin məkan Zibeydə xalanın obyekti kimi tanınırdı. Zibeydə xalanın  çörəyi tələbələr tərəfindən başqa cür sevilirdi. Üstü küncütlü bu isti çörək tələbələri bura cəlb edirdi. Hekayənin baş qəhrəmanları Höcətulla adlı kişinin həyətində qalsalar da, bir-birilə  təndir çörəyi növbəsində tanış olmuşdular.
 
Höcətulla kişi hekayənin ən aparıcı obrazıdır. Hekayədə bildirilir ki, o, evlərini  kirayə verməklə dolanır: "Höcətulla kişinin kirayə verdiyi bir neçə otaq var idi ki, onlarda da, əsasən, qızlar qalırdı. Mən təsadüfən gəlib buraya düşmüşdüm”.  Bu məqamdan məlum olur ki, Höcətulla kişinin Zeynaldan xoşu gəlmişdi və evinin birini ona kirayə vermişdi. Müəllif Höcətulla kişinin timsalında o dövrdəki Dağlı məhəlləsində yaşayan insanların düşüncə tərzini canlandırmışdı. ”Onu  da sizə deyim ki, bir xeyli bundan əvvəl Höcətulla kişinin Xarici  Dillər İnstitutunda oxuyan qızı ilə də hamamın qarşısında rastlaşmışdıq. Amma mən onunla birlikdə həyətə getmədim. Ayağımı sürüdüm ki, o, məndən qabağa düşsün və qabağa düşdü də” – hekayədən götürülmüş bu cümlələrdə müəllif Dağlı məhəlləsində belə bir məsələyə düzgün baxılmadığını bildirir.
 
Hekayənin baş qəhrəmanlarından biri də Şamamadır. Şamama Zeynal ilə  eyni həyətdə – Dağlı məhəlləsində kirayə qalırdı. Hekayədən anlamaq olur ki, Şamamanın Zeynala qarşı məhəbbət hissləri var: "Mən Şamama ilə ikinci dəfə Zeynəbin dükanına gedərkən yol yoldaşı oldum. Əslində, bunu Şamama özü təklif etdi”, "Birdən haradansa özümdə cəsarət tapıb Şamamaya dondurma yeməyi təklif etdim, qəribədir ki, o da razılaşdı”.  Hekayədən götürülmüş bu nümunələrdən  məlum olur ki, Şamama Zeynal ilə hər fürsətdə söhbət edir və bu ünsiyyəti çox sevir.  Hətta Zeynal evdən qovulduqda da Şamam onun əşyalarını qoruyur.
Zeynal obrazı isə həm  təhkiyəçi, həm də əsas obrazdır. Zeynal Bakı Dövlət  Universitetinin tələbəsidir. O, Höcətullanın həyətində kirayədə qalır. Hekayədə nəql olunan bütün hadisələr onun şahidliyi ilə baş verir, lakin bir gün Höcətulla kişi tərəfindən evdən qovulur. Zeynal, əslində, qovularkən hansı səbəbdən qovulduğunun, bəlkə də, fərqində deyildi. Bunun səbəbini belə izah etmək olar ki, Zeynal bir neçə dəfə təsadüfi olaraq Şamama ilə evə yan-yanaşı gələrkən Höcətulla ilə  üzbəüz qarşılaşır. Sonuncu dəfə isə onlar dondurma yeyərkən Höcətulla onları görür. Belə izah etmək olar ki, Dağlı məhəlləsinin öz qayda və qanunları var idi. Burada yaşayan oğlanlar qızlarla məsafəli olmalı idilər. Ev yiyələri daha çox burada yaşayan və kirayə qalan qızların təəssübünü çəkərdilər. Zeynalın bir neçə dəfə Şamam ilə birgə görünməsi onun evdən qovulmasına səbəb oldu. Qovulduqdan sonra Universitetin yataqxanasında qalan Zeynal artıq Dağlı məhəlləsindən əvvəlki isti münasibəti görmədi. Zeynəb xala və Zibeydə xaladan nisyə mal ala bilmədi, Sədulla kişi isə ona salam vermədi. Bu məqamda da görünür ki, məhəllədə hər kəs eyni fikir və düşüncəyə sahibdir.
 
Kamran İmranoğlunun (Əliyevin) "Dağlı məhəlləsi” hekayəsində müəllif o dövrün mentalitetindən xəbər verir. Hekayədə Zeynalın qovulmasının başqa bir səbəbi də var, bu, Höcətullanın ümidlərinin puç olması ilə əlaqədardır. Bəlkə də o, Zeynalı qızı üçün bəyənmişdi. Ola bilsin ki, Zeynalın Şamama ilə görməsi Höcətulla kişidə qızının gələcəyi barədə bir ümidsizlik formalaşdırmışdır.
Həmçinin Şamama və Zeynalın sonrakı həyatı hamıda maraq oyadır. Eyni Universitetdə oxuyan bu iki gəncin sonrakı taleyi oxucuları xeyli düşündürür.
                                                      
Leyla  Kazımzadə