Dağ basılmış sinəsindən Lenin ordeni asılan xanım
İsti bir yay günündə
bütün Gəncəyə səs düşdü ki, Xədicə xanım "Molla nənə”ni kinoya gətirəcək. Fayton dayandı. Qara
çadraya bürünmüş, əlində ala-bəzək təsbeh olan bir qarı ağır-ağır aşağı düşdü.
Bu, "Molla nənə” idi. O, kinoklubun qabağında toplaşmış qadınları görəndə
yerində donub qaldı. Hamı ona baxırdı. "Molla nənə” çarşabın altından bu
mənzərəni acı nəzərlərlə süzdü. O, bir faytona, bir də qadınlara baxdı. Geri
qayıtmaq fikrinə düşdü. Elə bu zaman Xədicə xanım gülə-gülə onun qolundan tutub
içəri apardı. "Molla nənə”nin qaşqabağı yerlə gedirdi. Təmiz və səliqəli geyimli
məktəbli qızların tərbiyəsi və nəzakətini görəndə kefi duruldu...
Bu hadisə 20-ci
yüzilliyin əvvəllərində Gəncədə baş verib. Xədicə xanımın təşəbbüsü ilə Gəncə
qadınları Azərbaycanda ilk dəfə səssiz kinoya baxdılar və onun "Molla nənə”ni
kinoya gətirməsi isə böyük bir sensasiyaya səbəb oldu. Kim idi Xədicə xanım ki,
buna nail oldu.
Tağıyevə yazılan məktub
Sadıq Əbdürrəhmanov uzaq Urfa türklərindən idi. O, uzun illər çar
ordusunda xidmət etmişdi. Ciddi nizam-intizama malik olan Sadıq bəyin iki qızı
var idi. Zeynəb və Xədicə. Sadıq bəy aylarla, illərlə hərbi yürüşlərdə olsa da,
qızlarının tərbiyəsinə, təhsilinə də vaxt ayıra bilmişdi. Baçılar ilk
təhsillərini Dərbənddə gimnaziyada almışlar. Böyük bacı Zeynəb gimnaziyanı qızıl,
kiçik bacı Xədicə isə gümüş medalla başa vurmuşdu. Onlar təhsillərini Peterburqda
- Nəcib Qızlar İnstitutunda davam etdirmək fikrində olduqlarını ataları Sadıq
bəyə bildirdikdə, o, şadyanalıqla qızlarına xeyir-dua verib onları Peterburqa
yola salmışdı. Bir necə ildən sonra Zeynəb həkim, Xədicə müəllim diplomu ilə
Peterburqdan Dərbəndə qayıdırlar.
Bu zaman Gimnaziyada dərslər
başlamaq üzrə idi. Bir gün Sadıq bəy qızı Xədicə ilə birlikdə gimnaziyanın direktorunun
qəbuluna gəlirlər. Sadıq bəy qızının gimnaziyada işləmək arzusunu direktora
bildirdikdə o, kinayə ilə onları süzərək "Siz nə danışırsınız? Ali həzrət
imperatorun gimnaziyasında dərs vermək üçün dəxi siz rus olmalısınız” cavabını
vermişdi.
Direktorun cavabı Xədicə xanımı çox sarsıtsa da, özünü itirmir.
Əksinə, müəllim işləmək üçün inadla mübarizəyə başlayır. Bu hadisə bütün
ömrünü, sağlamlığını çar ordusuna qurban verən Sadıq bəyə çox pis təsir etsə də,
qızının yanında bunu büruzə vermir. Onlar evə dönərkən Sadıq bəy bir necə qəzet
alır. Evdə qəzetləri gözdən keçirərkən diqqətini "Kaspi” qəzetindəki elan cəlb
edir. Elanda bildirilir ki, Bakıda Aleksandrinski rus-müsəlman ünas məktəbi
açılmışdır. Bu xəbər ailəni çox sevindirir. Sadıq bəy Bakıya - Hacı Zeynalabdin
Tağıyev ərizə yazaraq qızı Xədicəni bu məktəbə müəllim götürməsini xahiş edir.
Bir necə həftədən sonra Sadıq bəyə Bakıdan cavab gəlir. "Sizin
qızınız Bakı Aleksandrinski rus-müsəlman ünas məktəbinə müəllimə qəbul olunur.
Onu məktəbə dəvət edirik”. Məktəb işə dəvətlə yanaşı, Xədicə xanım üçün yol
xərci də göndərir.
İlk dəfə ana dilində
deyilən dərs
Beləliklə, cəmisi 17 yaşı olan Xədicə 1902-ci ildə Bakıda ilk qız
məktəbində riyaziyyat muellimi kimi fəaliyyətə başlayır. Xədicə ədəb-ərkanı,
təhsili ilə tez bir zamanda yalnız dərs dediyi məktəbdə yox, Hacının ailəsində
də böyük hörmət-izzət sahibinə çevrilir. Odur ki, Hacı Zeynalabdin onun böyük
bacısı Zeynəbi də Bakıya dəvət edir. Zeynəb Hacının toxuculuq fabrikində
işləyən qadınların sağlamlığının keşiyində durur.
İllər keçir. Xədicə xanım üçün məktəbin müdiri Hənifə xanıma elçilər
düşür. Onların arasında uzunboy, ağbəniz, iti və xoş baxışları ilə diqqəti tez
cəlb edən Həsən bəy elə ilk görüşdən Xədicənin ürəyini "ovsunlayır”. Bu,
Gəncəli Məşədi Hüseynin oğlu, Hacı Zeynalabdinin maddi köməyi ilə Moskva
Universitetində tibb təhsili alıb yenicə Bakıya qayıdan gənc həkim Həsən bəy
Ağayev idi. Gənc həkim sonralar dövrünün tanınmış publisisti, ictimai-siyasi
xadimi kim məşhurlaşan, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sədrinin
birinci müavini ( Parlamentin sədri seçilmiş Ə.M.Topçubaşov Bakıda olmadığından
ona rəhbərliyi Həsən bəy edib) tanınan Həsən bəy Ağayev idi.
Hacı Zeynalabdinin xeyir-duası ilə ailə quran cütlük 1909-cu ildə
Gəncəyə, Həsən bəyin ata ocağına köçür. O zaman Bakıya nisbətən, Gəncədə
maarifin təbliği çətin olsa da, Xədicə xanım ruhdan düşmür. Bu yolda gənc,
sevimli, savadlı ömür yoldaşı Həsən bəy hər zaman ona dəstək olur. Xədicə xanım
ilk olaraq Adıgözəlov adına şəhər rus-müsəlman qız məktəbində işə başlayır.
Məktəbdə ilk dəfə ana dilində dərs keçən Xədicə xanım olur. Bu xəbər tez bir
zamanda Şəhər Təhsil İdarəsinin "qulağına çatır”. Səhər Xədicə xanım sinif
otağına girərkən inspektorla üz-üzə gəlir. Sinif otağını diqqətlə gözdən keçirən
inspektor üzünü gənc müəlliməyə tutaraq rus dilində "Sizin sinifdə ali həzrət
imperatorun, arvadının şəkil nə üçün yoxdur” deyərək, onu məzəmmət edir. Xədicə
xanım cavab vermək istəsə də, tələbələrinin xətrinə susur. Çünki onun cavabı
qəti və kəskin olacaqdı. Bu isə məktəbin bağlanmasına səbəb ola bilərdi.
Əslində, Xədicə xanım imperatorun arvadının şəklini dərs dediyi sinif otağından
özü götürmüşdü. Bir zaman Dərbənd gimnaziyasının direktorunun kinayə ilə dediyi
"Ali həzrət imperatorunun gimnaziyasında dərs vermək üçün dəxi siz rus
olmalısınız” cavabına görə.
Axşamdan keçmiş döyülən
qapı...
Axşamdan xeyli keçmişdi. Xədicə xanım gilin qapısı döyüldü. Qapıya
çıxan Həsən bəy, evə məktəbə gələn inspektorla daxil olanda Xədicə xanımı soyuq
tər bürüdü. Təəccüb və heyrətlə gözlərini ərinin üzünə dikdi. Bu mənzərəni görən
inspektor salamsız-kəlamsız üzünü Xədicə xanıma tutaraq təmiz azərbaycan
dilində dedi: "Xədicə xanım, Sizə rəhmim gəlir, Siz cavan gəlinsiniz. Çarın
arvadının şəklini divara vurun. Bunu idarədə şişirdirlər ki, məktəbdə
imperatorun əleyhinə təbliğat aparılır. Mənim sizə və Həsən bəyə çox böyük
hörmətim var. Odur ki, gecənin bu vədəsində bura gəldim” deyərək,
günahkarcasına onların üzünə baxır. Xədicə xanım başını qaldırıb inspektorun
üzünə baxarkən, onun nə simasında, nə də səsində məktəbdəki kinayəni hiss etmədi.
Bu hadisədən bir müddət keçsə də, Xədicə xanım imperatorun arvadının şəklini
dərs dediyi otağa vurmadı. Nədənsə inspektor da bunu görməməzliyə vurdu...
Gəncə qadınlarını məktəbə cəlb etmək üçün Xədicə xanım Həsən bəyin
köməkliyi ilə Gəncədə Qadın Xeyriyyə Cəmiyyətini yaratdı. Xədicə xanımın bu
hərəkəti də Gəncədə dedi-qoduya səbəb olsa da, onu inadından döndərə
bilmədilər. Çünki arxasında ona hər işdə dəstək olan, onu bir baxışı ilə başa
düşən ömür yoldaşı var idi. 1914-cü ildə Xədicə xanımın təşəbbüsü ilə Gəncədə
ilk dəfə ata-anasını itirən yetim uşaqlar üçün uşaq evi-tərbiyə ocağı açıldı.
Özü də burada pulsuz olaraq onların təlim-tərbiyəsi ilə məşğul olmağa başladı.
Onun bu xeyirxahlığı Gəncədə məşhur olan "Molla nənə”ni də heyran etdi. O, Xədicə
xanımla görüşmək qərarına gəldi. Bu görüşdə Xədicə xanımın "Molla nənə”yə ilk
sualı bu oldu: "Yetimlərə, kimsəsizlərə, imkansızlara əl tutmağın nəyi pisdir? Bəyəm
müqəddəs Quranımızda da belə yazılmayıbmı? Buna görə də mən o xeyriyyə işlərini
görürəm. Gərək bu yolda siz hamıdan çox mənə kömək olasınız. Elə deyilmi?
"Molla nənə” bu inadkar gəlinə lap məəttəl qalmışdır. Gördü ki, bu həna o
hənadan deyil, Xədicə xanımın dedikləri ilə razılaşmalı oldu.
1917-ci ildə baş verən hadisələr Ağayevlər ailəsini yenidən Bakıya
köçməyə vadar etdi. Həsən bəy və ömür yoldaşı Xədicə xanım baş verən
ictimai-siyasi hadisələrin önündə gedən ziyalılardan idilər. Xədicə xanım
"Müqəddəs Nina” qız məktəbində işə başladı. Məktəbin tezliklə
milliləşdirilməsində onun da az əməyi olmadı. Xədicə xanımın iş qayğıları ilə
yanaşı ailə qayğıları da var idi. O, Həsən bəylə yanaşı üç gözəl qız (Xurşud,
Gülxar, Nəzakət) övladının qayğısına qalırdı. Övladların təlim-tərbiyəsi ilə
məşğul olmaq demək olar ki, əsasən onun üzərinə düşürdü. Çünki Həsən bəy günün
çox vaxtını Parlamentdə, onun toplantılarında, yığıncaqlarında keçirirdi. Ona
görə də Xədicə xanım onun rahatlığı üçün hər çətinliyə qatlaşardı.
Gerçək olan qan qoxulu yuxu
1920-ci ilin aprel ayının əvvəlləri idi. Bakıda baş verən hadisələr
Ağayevlər ailəsini də sarsıtmışdı. Vəziyyət çox çətin idi. Həsən bəy bəzən
gecələr də evə gələ bilmirdi. Parlamentdə qalır, günlərlə keçirilən
toplantılarda vəziyyətdən çıxış yolları axtarılırdı. Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti bolşeviklər tərəfindən silah gücünə süquta yetirildi.
Vəziyyət daha da gərginləşdi. Cümhuriyyət liderləri gizli yolla müvəqqəti
olaraq Tiflisə üz tutdular. Xədicə xanım bəzən həftələrlə Həsən bəydən xəbər tuta
bilmirdi. Yuxusu ərşə çəkilmişdi. Uşaqlara bildirməsə də, yaman narahat idi. İyul
ayını 18-dən 19-na keçən gecə gördüyü yuxu təəssüf ki, gerçək oldu. Yuxuda
sevimli ömür yoldaşını qan içində boğulan gördü. Bu qan selindən Həsəni nə
qədər dartsa da, çıxarmağa nail olmadı. Qan seli Həsəni onun əlindən aldı.
Xədicə xanım öz qışqırığına özü oyandı.
Səhər tezdən eşitdiyi xəbər Xədicə xanımın xoşbəxt günlərinə qara
nöqtə qoydu. 1920-ci iyulun 19-da Tiflisdə Həsən bəy bir muzdlu erməni
tərəfindən qətlə yetirilir. O gündən Xədicə xanım qara libasa büründü. Həsənin
üç qız yadigarını böyütmək üçün yaşadı. Gündüzlər üç balası, gecələri isə
Həsənli günlərinin xəyalları ilə "ömür sürdü” Xədicə xanım. Xoşbəxtlikdən hər
üçünü də ailə, cəmiyyət üçün yaralı vətəndaş kimi yetişdirdi. Hər üçünə gözəl
tərbiyə, ali təhsil versə də, xoşbəxtlik verə bilmədi. 1930-cu illərin
odu-alovu Xədicə xanımın üç balasının ocağını söndürdü, sinəsinə dağ basdı. Sonra da
o dağ basılmış sinədən Lenin ordeni asıldı.
Rəhmətlik Qulam Məmmədlidən və
Qılman İlkindən dəfələrlə eşitmişdim ki, Xədicə xanım o ordeni yaxasına
taxmırmış, yalnız ona təzyiq edəndə əlacsız qalaraq, tədbirlərdə asırmış.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist