• cümə, 19 Aprel, 12:07
  • Baku Bakı 25°C

“DÇ-2018”in Avropa zonası üzrə seçmə mərhələsinin VII turuna start verilib

01.09.17 10:20 1061
“DÇ-2018”in Avropa zonası üzrə seçmə mərhələsinin VII turuna start verilib
Avqustun 31-də 2018-ci ildə Rusiyada keçiriləcək dünya futbol çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin yeddinci turunun oyunlarına start verilib.
AZƏRTACxəbər verir ki, gün ərzində "A”, "B” və "H” qruplarında yer alan komandalar üz-üzə gəliblər.
"A” qrupunda Fransa yığması ilə birlikdə liderlik edən İsveç yığması qrupda dördüncü sırada qərarlaşan Bolqarıstan seçməsinin qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda ev sahibləri 3:2 hesabı ilə qalib gəliblər. Qrupun digər lideri Fransa yığması üçüncü sıradakı Niderland millisinin qapısından dörd cavabsız top keçirib. Beşinci sırada yer alan Belarus yığması isə səfərdə Lüksemburq millisinə minimal hesabla məğlub olub.
"B” qrupunda keçirdiyi altı görüşün hamısında qələbə qazanan İsveçrə yığma komandası beşinci sıradakı Andorra yığmasını qəbul edib. İsveçrəlilər bu görüşdə 3:0 hesabı ilə qalib gələrək qələbə seriyasını davam etdiriblər. Qrupun ikincisi Portuqaliya yığması evdə dördüncü sıradakı Farer adaları yığmasına 5:1 ilə qalib gəlib. Qrupda üçüncü yerdə qərarlaşan Macarıstan yığması isə evdə Latviya millisini 3:1 məğlub edib.
"H” qrupunda liderlik edən belçikalılar evdə qrupun sonuncu pilləsində qərarlaşan Cəbəllütariq yığmasını darmadağın ediblər – 9:0. İkinci sırada qərarlaşan Yunanıstan yığması doğma divarlar arasında Estoniya millisinin müqavimətini qıra bilməyib – 0:0. Bosniya və Herseqovina komandası isə Kipr ilə səfər oyununun ilk hissəsində 2:0 hesabı ilə üstün olsa da, ikinci yarıda öz qapısından üç top buraxaraq məğlub olub - 2:3.
Qeyd edək ki, "C” qrupunda 7 xalla dördüncü sırada yer alan Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveç komandasının qonağı olacaq. Milli komandamız sentyabrın 4-də Bakıda San-Marino yığmasını qəbul edəcək.
banner

Oxşar Xəbərlər