• cümə axşamı, 25 aprel, 12:01
  • Baku Bakı 23°C

Üçüncü inqilabın sonu

16.10.20 15:22 726
Üçüncü inqilabın sonu
Qırğızıstan yeni parlament və prezident seçkilərinə hazırlaşır
Dünyanın diqqəti Qafqaza yönəldiyi vaxt, Mərkəzi Asiyada inqilablar ölkəsi kimi tanınan Qırğızıstanda sürpriz proseslər yaşanır. Prezident Sooronbay Jeenbekov qəfildən bəyan edib ki, qan tökülməməsi və vətəndaşlara atəş açmamaq naminə istefa barədə qərar qəbul edib. Rəsmibəyanatında onu da bildirib ki, ölkədə sülh və vəhdət istənilən vəzifədən önəmli olduğu üçün bu addımı atır. Sooronbay Jeenbekov deyib ki, parlamentin bir neçə gün əvvəl baş nazirin təyinatı ilə bağlı qərarı təsdiqləməsinə baxmayaraq, "aqressiv əhval-ruhiyyə azalmadı və istefama çağırışlar davam etdi”. Bəyanata görə, hazırda etirazçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları "toqquşma ərəfəsindədir” və "provokasiyaya getməməlidirlər”. O, müxalifət lideri Sadır Japarov və digər siyasi fiqurların tərəfdarlarını etirazları dayandırmağa çağırıb. Japarov etirazlar vaxtı həbsdən azad olunub. O, adam oğurluğuna görə uzunmüddətli həbs cəzası almışdı. Onun vəzifəyə təsdiqlənməsi ölkədə böhranın həllinə doğru addım sayılır. Etirazçılar 4 oktyabr parlament seçkilərinin nəticəsinin ləğvini tələb edirdilər. Mərkəzi Seçki Komissiyası seçkidən iki gün sonra nəticələri ləğv etdi. Etirazlar hökumətin və parlament spikerinin istefası ilə nəticələndi. Jeenbekov etirazlardan sonra ilk bəyanatlarının birində deyirdi ki, yeni kabinet formalaşandan və ölkədə vəziyyət sakitləşəndən sonra istefa verməyə hazırdır.
Qırğızıstanda son 15 ildə üçüncü dəfədir kütləvi etirazlar nəticəsində prezident dəyişir. Prezidentin funksiyasını yeni baş nazir Sadır Japarov öz üzərinə götürüb. Jeenbekov yeni liderə bişkekliləri dinc həyata döndərməkdə uğurlar arzulayıb. S.Japarov bəyan edib ki, Qırğızıstan hazırkı xarici siyasətini dəyişməyəcək. "Allaha şükür ki, hakimiyyət dinc yolla dəyişib. Mən bütün səylərimi xarici siyasəti saxlamağa yönəldirəm”, – deyə o bildirib.
Lakin Qırğızıstanın tez bir zamanda böhrandan çıxacağına ölkədə heç kim təminat verə bilməz. Dünən səhər də Bişkek aksiyalara şahidlik edib. Etirazçılar prezident iqamətgahından bir qədər uzaqda, şəhərin cənub hissəsində yerləşən "İssık-Kul” mehmanxanasının yanında toplaşıblar. Onların bir qismi parlamentin buraxılması və spiker Kanatbek İsayevin istefasını tələb ediblər. Konstitusiyaya görə, spiker İsayev prezident səlahiyyətlərini icra etməli idi. Az sonra spiker də istefa verib. Belə bir təyinat da çoxsaylı suallar doğurur. Ölkədə oktyabrın 19-da kimi fövqəladə vəziyyət elan edilib. Qanuna görə, dövlət orqanlarının fəaliyyətində dəyişiklik etmək qadağan edilir. Yəni, prezidentin səlahiyyətlərinin baş nazir və yaxud spikerə ötürülməsi də qadağan edilib və formal olaraq Jeenbekov oktyabrın 19-na kimi səlahiyyətlərini icra etməli idi. Bişkekdə fəaliyyət göstərən "Fikir” ekspertlər qrupunun həmsədri İqor Şestakov hesab edir ki, prezidentin istefası siyasi gərginliyi azaltmır. Özü də Jeenbekovun istefasını əsas etibarilə yeni baş nazirin tərəfdarları tələb edirdilər. Japarov mütləq yeni siyasi qruplaşmalarla dialoqa getməlidir, əks təqdirdə konsensus əldə etmək mümkün olmayacaq. Qırğız siyasi eksperti Adil Turdukulovun sözlərinə görə, baş nazir ölkədə yeni legitim idarəçilik sistemi qurmalı və lideri olduğu "Məkançil” (Vətənpərvər) partiyasını hakimiyyətə gətirməlidir. Siyasi sistemin yenidən qurulması dumanlı göründüyü kimi, iqtisadi vəziyyət də mürəkkəbdir. Onun sözlərinə görə, koronavirus pandemiyası üzündən minlərlə müəssisə müflis olub, əhali sosial depressiya vəziyyətindədir: "Yeni hökumətin bunu necə həll edəcəyi heç onun özünə də aydın deyil. Dövlətlərarası münasibətlər dondurulub, kreditlərsiz isə bunu etmək mümkün deyil. İlk növbədə Qırğızıstanın müttəfiqləri ilə dialoq qurmaq gərəkdir”. Lakin müttəfiqlər gözləmə mövqeyindədir. Məsələn, artıq Kreml Qırğızıstana maliyyə yardımının dayandırılması barədə qərar qəbul edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkədə böhranlı vəziyyət yarandığından bu addımı atmaq zərurəti yaranıb. Yeri gəlmişkən, Jeenbekovun istefası Kremlin susqun razılığı ilə reallaşıb. Belə ki, Kremllə eks-prezidentin münasibətləri yaxşı deyildi.
Mərkəzi Seçki Komissiyasının üzvü Atır Abdraxmatov bildirib ki, yeni prezidentin seçilməsi Jeenbekovun istefasından üç ay sonra keçiriləcək. Onu da deyib ki, dövlət başçısının səlahiyyətlərini icra edən şəxs seçkilərdə iştirak etmək hüququna malik deyil. Eləcə də, hökuməti istefaya göndərmək hüququna da malik deyil. O zaman belə bir sual ortaya çıxır - bu hakimiyyət onun nəyinə lazımdır? Ola bilsin sonradan qanunlara dəyişiklik edib onun hakimiyyətə gəlməsini qanuniləşdirmək olar. Keçmiş baş nazir Feliks Kulovun sözlərinə görə, beynəlxalq nəticələrin necə olacağını unutmaq olmaz. İlk növbədə qonşu ölkələrin buna necə reaksiya verəcəyi vacibdir: "Sərhədləri bağlayacaqlar və heç kim kömək etməyəcək, investorlar gəlməyəcək, miqrantlar əziyyət çəkəcək. Koronavirusun ikinci dalğası hamıya zərər vuracaq. Qırğızıstan tarixində hələ belə bir əlverişsiz dövr olmayıb. Belə bir vəziyyətdə Sarıd Japarov ölkəni idarə edə biləcəkmi? Əgər hər şeyin öhdəsindən gələ biləcəksə, onda onun karyerası uğurla başa çatacaq”.
Politoloq Arkadi Dubnov hesab edir ki, ölkədə parlament və prezident seçkilərinə hazırlıq prosesi gedir. Aydındır ki, son istefaların baş benefisi Sadır Jarapov olacaq. Çox güman ki, onu da gələcək prezident kimi görürlər. Bu gün ən güclü mövqeyə malik məhz Japarovdur. Qırğız ekspertləri hesab edir ki, müəyyən mütəşəkkil cinayətkar qruplaşmalar hakimiyyətə can atır. Bunu bu günlərdə Təhlükəsizlik Şurasının keçmiş sədri Omurbek Suvanaliyev bildirib. Onun sözlərinə görə, bir çox siyasilər mütəşəkkil cinayətkar qruplaşmaların fəaliyyətindən qorxuya düşüblər. Onlar hesab edir ki, mütəşəkkil cinayətkar qruplaşma hakimiyyətə doğru gedir.
Son məlumatlara görə, vəziyyəti diqqətdə saxlamaq üçün Rusiya prezident administrasiyasının xüsusi nümayəndəsi Dmitri Kozak Bişkekə gəlib və Sapar Japarovla görüşüb. Eləcə də, parlament və prezident seçkilərinin ilkin tarixləri açıqlanıb. Bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədriNurjan Şayldbekova"RİA Novosti”yə bildirib. "Parlament seçkiləri 2020-ci il dekabrın 20-də keçirilə bilər. Prezident seçkisinin 2021-ci il yanvarın 21-nə təyin olunacağı gözlənilir”, - deyə sədr vurğulayıb. Sadır Japarovisə bildirib ki, növbədənkənar prezident seçkisi 2021-ci il yanvarın 10-da keçirilə bilər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər