• cümə axşamı, 25 aprel, 16:41
  • Baku Bakı 23°C

Cümhuriyyət bayramımız

28.05.19 12:00 1277
Cümhuriyyət bayramımız
Azərbaycan xalqının hər il may ayında böyük qürur hissi və fəxarətlə qeyd etdiyi bir gün var: 28 May Respublika Günü. Həmin gün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Bu şanlı tarix Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu, böyük mücadilələrdən keçərək qurbanlar hesabına əldə edilən müstəqilliyin bayramıdır. 28 May tarixi hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu və fərəhlə qeyd etdiyi Gündür. Məhz həmin tarixdə Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ili tamam olur. Bir əsr əvvəl bu coğrafiyada demokratik və hüquqi bir dövlətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış Azərbaycanın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin məntiqəuyğun davamı idi. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrü yenidən vərəqlənir, mücadilənin tariximizdəki yeri və roluna ətraflı nəzər salınır. Keçilən yolun, yaşanan tarixin nə qədər şərəfli və böyüyən nəsil üçün layiqli örnək olması diqqətə çatdırılır.
Milli oyanışın məntiqi nəticəsi
Aazadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində - 1918-ci ilin 28 mayında istəyinə qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yaranması dünyaya bəyan edildi. Xalqımız həmin tarixdə çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Səmədağa Ağamalıoğlu, Yusif Vəzir Çəmənzəminli, İbrahim Əbilov və digər fikir adamlarının böyük xidmətləri olub. Onlar görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar, peşəkar hərbçilər, aydınlar idi. Onlar öz mücadilələri ilə adlarını tariximizin səhifələrinə əbədi yazıblar.
AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və s. işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
İlk cümhuriyyətimizin yaranması tarixin keşməkeşli vaxtına təsadüf etmişdi. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu. Bununla da Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
"Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq” - deyən Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız və dünya üçün tarixi hadisədir. Ona görə ki, ilk dəfə idi müsəlman aləmində demokratik respublika yaranmışdı. Bu respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaratmışlar. Biz təbii olaraq bununla fəxr edirik. Məhz bizdən sonra digər müsəlman ölkələrində demokratik respublikalar yaranmağa başlamışdır. Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə çox böyük hörmətlə yanaşıb və yanaşır, onların xatirəsini qəlbində yaşadır. Əfsus ki, Azərbaycan Demokratik Respublikasının ömrü uzun olmadı. Respublika iki ildən sonra süqut etdi. Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir”- deyə ölkə başçısı qeyd edib.
Azərbaycanın müstəqilliyinin yeni mərhələsi
70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxıb öz azadlığını və müstəqilliyini əldə etdi. Düzdür, bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Heç şübhəsiz, 1991-ci ildə bərpa edilən müstəqillik böyük tarixi şans, böyük sərvət idi. Ancaq əfsus ki, o illərdə ölkəmizə rəhbərlik edən şəxslər bu şansdan istifadə edə bilmədilər. Özbaşınalıq, iqtisadi tənəzzül, hərbi böhran və bütün bu xoşagəlməz hallar nəticədə vətəndaş müharibəsinə gətirib çıxardı. Belə bir vəziyyətdən istifadə edən erməni işğalçıları torpaqlarımızı zəbt etdilər. Həmin ağır və faciəli şəraitdə xalq Heydər Əliyevə müraciət etdi. Xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi çox faciəli ola bilərdi. Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Bunun məntiqi nəticəsi olaraq xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi ulu öndər tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
"Bundan sonra da müstəqillik yolu ilə gedəcəyik”
Bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Prezident İlham Əliyevin dediyi kimi, bütün bu nailiyyətlər ancaq müstəqillik dövründə mümkün olub: "Müstəqilliyin əhəmiyyəti bu gün göz qabağındadır. Heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Biz öz taleyimizin sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad xalqıq. Biz dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq. Bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”.
İnanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edəcəyimiz gün də çox uzaqda deyil. Ölkə başçısı dəfələrlə qeyd edib ki, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Dövlət başçımızın yürütdüyü uzaqgörən siyasətlə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllini tapacağına əminik.
İnanırıq ki, ulu öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək. Müstəqil olmağımız, regionda lider dövlətə çevrilməyimiz, nüfuzumuzun gün-gündən beynəlxalq aləmdə artması, biz hüquq mühafizə orqanları işçilərinin qarşısında da böyük məsuliyyət qoyur. Ümummilli liderin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz olmaqla yanaşı, həm də şərəf işimizdir.
Pərviz İbayev,
Bakı şəhəri, Nizami rayon prokuroru,
baş ədliyyə müşaviri
banner

Oxşar Xəbərlər