• cümə, 29 Mart, 05:17
  • Baku Bakı 7°C

“Covid-19”u qrip zənn etmək ölümlə nəticələnə bilər

29.07.20 19:33 3478
“Covid-19”u qrip zənn etmək ölümlə nəticələnə bilər
Həkimlər deyir ki, hər hansı əlamət varsa, mütəxəssislə məsləhətləşmək vacibdir

"Mənim ən böyük səhvim ilk günlər xəstəliyi qrip zənn etməyim oldu”. Bu tipli cümlələri Covid-19-u orta ağır və ağır keçirib sağalan şəxslərin çoxundan eşidirik. Virusdan dünyasını dəyişənlərin yaxınları isə belə cümlələr səsləndirirlər: "İlk günlər dedi ki, məndə qripdir, ağırlaşandan sonra həkimə müraciət etdi”.

Pandemiya ilk yayıldığı dövrdə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarında Covid-19-un simptomları qeyd olundu. Təşkilatın mütəxəssisləri bildirdilər ki, virusun əsas simptomları hərarət, süstlük və quru öskürəkdir. Bəzi xəstələrdə burun tutulması, burun axması, boğazda ağrı, ishal ola bilər. Bu əlamətlər nadir hallarda müşahidə olunur.

Fikir versək görərik ki, əsas əlamətlər hər ikisində eynidir, qızdırma və öskürək. Və pandemiya dövrü olsa da, nədənsə insanlar ilk vaxtlar onlarda Covid-19 olduğuna inanmırlar, qripdən şübhələnirlər. Qızdırmasalan dərmanlar istifadə edib işə çıxanları da az deyil.

Bəs burda müəyyənləşdirməni necə aparaq? Ümumiyyətlə, indiki halda biz birinci qripi düşünməklə nə dərədəcə doğru yanaşmış oluruq?

Gözləyirlər ki, bəlkə qrip olar

İnfeksionist Mərdan Əliyev deyir ki, qrip zənn edib müalicəni yubatma ölüm hallarına səbəb olan faktorlar sırasında ilk yerdədir: "Xəstəlik varsa, nəzarətsiz qalmamalıdır. Qrip kimi baxılırsa, təbii ki, müalicə də doğru getmir, nəzarətsiz qalmış olur. Covid-19 xəstənin immun sistemində problem olanda qızdırma verir. Ən azı, virusa qarşı immun sistemində problem olduğunu göstərir. Proses belədir ki, ilk 2-3 gün qızdırma olur, sonra düşür. Nadir hallarda isə bir həftə davamlı şəkildə qızdırma qalır. 2-3 günə qızdırma düşəndə, xəstə fikirləşir ki, yaxşıyam, qrip olubmuşam, düzəlmişəm. Ancaq qızdırma düşsə də, virus ağciyərə enir və pnevmoniya verməyə başlayır. Pnevmoniyanın əlaməti isə halsızlıq və yorğunluq olur. Xəstələr bu zaman həkimə müraciət edirlər. Ya da nadir hallarda olsa da, bir həftə qızdırma düşmür və o zaman həkimə üz tuturlar. Bu gün qızdırma varsa, sabah Covid-19-dan yoxlanma hallarına demək olar ki, rast gəlmirik. Gözləyirlər ki, bəlkə qrip olar. Bu da doğru yanaşma deyil və xəstəliyin ağırlaşmasına səbəb olur. Ölüm hallarına gətirib çıxaran faktorlar sırasında da bunun payı ilk yerdədir. Total pnevnomiya vəziyyətinə gəlib çıxandan, ağırlaşandan sonra xəstəni vəziyyətdən çıxarmaq çətinləşir”.

Virusa yoluxsa da, xəstəliyi ilk vaxtlar qrip zənn edib Covid-19 müalicəsi almayan və pnevmoniya olan şəxs, vaxtında həkimə müraciət etsə, onun pnevmoniya ehtimalı aradan qalxırmı? İnfeksionist bu sual ətrafında da fikirlərini bölüşdü: "Bununla bağlı dəqiq nəsə demək mümkün deyil. Böyük ehtimalla yenə də pnevmoniya olacaq. Çünki virusun müalicəsi üçün spesifik dərmanlar yoxdur. Amma hər halda ölüm halına gətirib çıxarmaz”.

Mərdan Əliyev bildirdi ki, yay aylarında qripə yoluxmaq ehtimalı sıfır dərəcəsindədir, ona görə də əlamətlər varsa, Covid-19-dan yoxlanmaq lazımdır: "Qızdırma varsa, qripi yox, Covid-19-u fikirləşməliyik. Çünki yaydır və kəskin respirator xəstəliklərin sezonu deyil. Payız, qış ayları olsaydı, burda hər iki tərəfi eyni dərəcədə düşünmək lazım gələrdi. İndi günvurma, istivurma ola bilər. Bu zaman xəstənin qızdırmasını nə ilə əlaqələndirdiyinə baxılır. Deyirsə ki axşama qədər günün altında iş görüb, evə gələndən sonra görüb ki, halsızdır, qızdırma, başağrısı var, bu zaman günvurma ehtimalı çoxdur. Günvurmada da bir gün qızdırma olur, çoxlu maye qəbul edilər və keçər gedər”.

Soyuq su içmisinizsə, kondisioner soyuğu vurubsa…

Həkim-terapevt Məlahət Hümmətqızının sözlərinə görə, qızdırma, burun axması, öskürək kimi əlamətlər olan şəxslər onlarda qrip, yoxsa Covid-19 olması ilə bağlı sahə həkimindən məsləhət alsalar, daha yaxşı olar: "Covid-19 burun-udlaq yolundan götürülən yaxma analiz vasitəsilə müəyyənləşir, pnevmoniya isə rentgenlə. Hərarət, öskürək, burun axması və s. kimi əlamətlər varsa, buna anında qrip, yaxud Covid-19 demək olmaz. Sahə həkiminə müraciət etməli, ona vəziyyəti haqqında məlumat verməlidir. Həkim də xəstənin dediklərini analiz edib, ona məsləhət verəcək”.

Həkimlərin hansı hallarda Covid-19-dan şübhələnməyinə gəlincə, M.Hümmətqızı bunları söylədi: "Əlamətlər varsa, xəstə düşünsün ki, o, kiminləsə təmasda olubmu? İşləyirsə, yadına salsın ki, iş yerində, yaxud işlə bağlı təmasda olduğu şəxslərdən kimdəsə Covid-19 varmı? Varsa, əlamət olan kimi, mütləq analiz versin, həkimə müraciət etsin, "qripdir” deməsin. Yaxud ola bilər ki, işlə bağlı çox adamla təmasda olur, heç müəyyənləşdirə bilmir ki, onun təmasda olduğu şəxslərdə virus var, yoxsa yox. Bu zaman da virusla bağlı yoxlanmaq vacibdir. Virus hava-damcı yoluyla keçir. Ola bilər ki, küçədə yanından keçən adam maska taxmaz, asqırar, öskürər və ona virusu yoluxdurar. İctimai nəqliyyatdan da istifadə edirsə, burda da risk olur. Belə məqamlar varsa, yəni başqa insanlarla təmasda olursa, bu zaman anında Covid-19-la bağlı yoxlanmaq vacibdir.

Mən xəstələrlə çox ünsiyyətdə oluram. Bəzən deyirlər ki, həkim, soyuq su içdim, boğazım ağrıdı, qızdırmam qalxdı, Covid-19 testi verim? Ya deyirlər ki, kondisioner altında çox qaldım, qızdırmam qalxdı, rentgendən, Kompüter Tomoqrafiyasından keçim, test verim? "Kondisioner altında çox qaldım, soyuq nəsə yedim, hərarətim qalxdı” - deyib Covid-19 testi verməyin tərəfdarı deyiləm. Xəstə təxminən bilir ki, o, kimləsə təmasda olub, yoxsa özü-özünü xəstələndirib? Evdən işləyir, insanlarla heç bir təması yoxdursa, özü də bilirsə ki soyuq yeyib-içib qızdırması qalxıb və sair, o dəqiqə koronavirus demək olmaz. Yenə də özləri hərarətsalıcı dərmanlardan istifadə etməsinlər. Həkim məsləhəti ilə hərəkət etsinlər”.

Yüngül əlamətlərlə keçirənlər soyuqdəymə bilirlər

İnfeksionist Nəzrin Mustafayeva bildirdi ki, hər qızdırmaya Covid-19 xəstəliyi kimi yanaşmaq olmaz, ancaq yay ayları olduğu üçün əksər hallarda qrip simptomları ilə müraciət edən xəstələrdə ilk ağıla gələn məhz Covid-19 infeksiyası olur: "Qızdırma, boğaz ağrısı, öskürək kimi kəskin respirator əlamətləri əvvəllər qripdə daha çox görmüşük. İndi nəzərə almalıyıq ki, yay fəslidir və qrip ehtimalı azdır. Müraciət edən xəstələrin də müayinəsi zamanı yeni növ koronavirus infeksiyası diaqnozu təsdiqlənir. Ancaq qarşıdan payız-qış fəsilləri gəlir. Payız aylarında mövsümi qrip və digər respirator virus infeksiyaları da baş qaldırdığı üçün artıq oxşar simptomlarla müraciət edənlərin hamısına Covid-19 xəstəliyi kimi baxa bilmərik, mövsümi respirator infeksiyalar baxımından da xəstələr dəyərləndirilməlidir. Bu müalicə seçimi üçün çox vacibdir”.

N.Mustafayeva qeyd etdi ki, koronavirusu yüngül əlamətlərlə keçirən, bunu adi soyuqdəymə zənn edənlər çoxdur: "Dünya statistikasına baxsaq, xəstələrin 81 faizi yeni növ koronavirus infeksiyasını, ümumiyyətlə simptomsuz və ya yüngül respirator əlamətlərlə keçirir. Ümumilikdə isə, bu xəstəliyin müddəti hər şəxsdə fərqlidir, bəziləri cəmi 1 gün qızdırma hiss edə bilər, bununla da xəstəliyi başa vurar, digərləri isə daha uzun müddət xəstəliklə mübarizə aparmaq məcburiyyətində qala bilər. Bu müddət xəstələrin immun sistemindən, yaşından, yanaşı xəstəliklərindən və bir çox başqa səbəblərdən asılıdır. Qısa müddət xəstəlik simptomları hiss edən şəxslər bəzən düşünürlər ki, onları evdə apardıqları hansısa müalicə metodu sağaltdı, nəticədə başqalarına da eyni üsulları məsləhət görürlər. Amma belə düşünmək tamamilə yanlışdır, həm xəstəyə, həm də xəstə yaxınlarına yalançı güvən hissi verir. Sadəcə olaraq, bu şəxslər yüngül keçirib, əlamətlərin özünü göstərmə müddəti də qısa olub”.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər