AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

COVİD-19-dan sağalanlar da peyvənd vurdura bilərlər?

COVİD-19-dan sağalanlar da peyvənd vurdura bilərlər?

Cəmiyyət
03 Aprel 2021, 12:00 451
Onların əksəriyyətinə vaksinin bir dozası da kifayət edir

COVİD-19 infeksiyasına qarşı əhalinin peyvəndləmə prosesi davam etdirilir. Artıq ölkədə 856 min 363 nəfərə vaksin vurulub. Bunlardan 558 min 485-i birinci mərhələ, 297 min 878-i isə ikinci mərhələdə vaksinasiya olunanlardır. Peyvənd olunmayanlarla yanaşı, virusu keçirib orqanizmdə anticisim yaranan insanlar da var. Bəziləri düşünür ki, xəstəliyi keçirən insanların peyvəndlənməsinə ehtiyac yoxdur. Bəs bu insanlar xəstəlikdən tam sığortalana bilirlərmi? Xüsusilə, xəstəliyi simptomsuz keçirənlərdə anticisimlər onu növbəti dalğadan qoruyacaq qədər güclüdürmü?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin tövsiyəsinə əsasən, koronavirusdan sağalan insanlar maska taxmaq, əl yumaq və fiziki məsafəni qorumaq da daxil olmaqla, virusa qarşı digər tədbirlərə riayət olunmasına davam etməlidirlər. COVID-19-dan sağalan insanlarda infeksiyadan bir
neçə həftə sonra anticism yaranır. Bəzi araşdırmalar göstərir ki, anticisimlərin orqanizmdə qorunması altı ay, bəzilərinə görə isə daha uzun müddət davam edir.
Anticisim xəstəliyi keçirən bütün insanlarda yaranırmı?
Alimlərin fikrinə görə, hər hansı bir xəstəliyə qarşı peyvənd olunan insanların 10 faizində anticisim inkişaf olunmur. Peyvənddən sonra COVID-19-a qarşı immunitet immun çatışmazlığı olan xəstələrdə və həmçinin immunosupressiv terapiyadan keçənlərdə formalaşa bilməz. Bununla birlikdə, həkimlər bu vəziyyətdə belə, peyvənd vurulmasından sonra bir insanın yoluxduğu təqdirdə xəstəliyi daha asan keçirəcəyinə inanırlar. Peyvəndlənmədə əsas məqsəd odur ki, ölkədə əhalinin ümumi hissəsi qorunur. Və sonra immuniteti inkişaf etdirə bilməyən 10 faiz də tam olaraq qorunacaq, çünki virusun yayılması üçün yer olmayacaq.
Rusiyanın Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun şöbə müdiri Aleksandr Semyonov deyir ki, COVID-19-u simptomsuz keçirmiş xəstələrdə çox az miqdarda anticisimlər yaranır: "Bəzi insanlar düşünür ki, xəstəliyi simptomsuz keçirənlər bir daha yoluxmayacaq. Lakin bu, belə
deyil. Xüsusilə, simptomsuz keçirən insanlarda anticisimlər güclü olmur”.
 
COVID-19-dan sağalanlara hansı dozada peyvənd vurulur?
 
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, peyvəndlərin tətbiqindən sonra elmi arenada ciddi müzakirə mövzularından biri də COVID-19 xəstəliyindən sağalanlara hansı dozada peyvəndin vurulması barədədir: "Yəni, bu xəstəliyi ötən il keçirən insanlara peyvəndin birinci dəfə vurulan dozası kifayətdir, yoxsa mütləq ikinci dozası da vurulmalıdır? Bu sualın cavabının tapılması istiqamətində aparılan çox önəmli tədqiqatın nəticəsi artıq məlumdur”.
Alimin sözlərinə görə, aparılan tədqiqatın metodik hissəsi ciddi dəqiqliklə icra olunub: "Belə ki, peyvəndin tətbiqindən öncə insanların COVID-19 xəstəliyini keçirib-keçirmədiklərini müəyyənləşdirmək üçün anticisimləri yoxlayıblar. Bundan sonra həm virusa daha əvvəl yoluxanlarda, həm də yoluxmayanlarda 4 gündən bir anticisimlərin miqdarına baxılıb. Beləliklə, ilk peyvənd dozasından əvvəl xəstəliyi keçirmiş insanlarda 5-8 gün sonra ciddi nəzərə çarpacaq qədər anticisimlərin çoxalmasına rast gəlinib ki, bu da onlarda güclü immunitetin yaranması deməkdir”.

N. Abdullayev qeyd edib ki, əvvəllər xəstələnməyən insanlarda isə 9-12 günlük vaxt lazım olub ki, vurulan peyvəndin müəyyən effekti hiss olunsun. Tədqiqatın digər çox önəmli nəticəsi 24 günlük müşahidə zamanı rast gəlinib. Belə ki, peyvənd aldıqdan sonrakı bu zaman çərçivəsində xəstəliyi daha öncə keçirməyənlərdə anticisimlərin miqdarı xəstəliyi keçirən və peyvənd alan insanlarla müqayisədə az olub. Bu da bizə bir daha onu göstərir ki, peyvənd həm xəstəliyi keçirməyənlər, həm də keçirənlər üçün nə qədər önəmlidir. Tədqiqatda maraq doğuracaq və gələcəkdə peyvənd strategiyasında ciddi nəzərə alına biləcək daha bir nüans də aşkarlanıb. Belə ki, öncədən virusa yoluxmuş insanlara peyvəndin ikinci dozasının vurulmasından sonra onlarda yaranan anticisim miqdarında ciddi dəyişikliyə rast gəlinməyib: "Bu da o deməkdir ki, elmi tədqiqatla sübut edilir ki, xəstəlikdən sağalan insanlarda effektiv immunitetin yaranmasına peyvəndin təkcə bir dozası kifayət edə bilər və onlara qısa müddət ərzində təkrar dozanın vurulmasının ciddi əhəmiyyəti yoxdur. Bu tədqiqat "Biontech” və "Moderna” peyvəndləri ilə aparılıb. Tədqiqatda xəstəliyi daha öncədən keçirənlərlə keçirməyənlərin peyvəndin ikinci dozasından sonrakı yan təsirləri də müqayisə edilib. Burada aydın olur ki, xəstəliyi keçirənlərin yüngül yan təsirləri xəstəliyi keçirməyənlərlə müqayisədə 5-6 dəfə çox olub. Amma bu yan təsirlər qorxulu reaksiyalar deyil, məsələn, yorğunluq, baş ağrısı, əzələ ağrısı, bəzən qızdırma”.

"Xəstəliyi keçirənlər son mərhələdə peyvənd olunacaqlar”
 
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov isə bildirib ki, havaların istiləşməsi, yazın gəlməsi, insanların sıx təması xəstəliyin aktivləşməsinə gətirib çıxardı: "Buna görə də yoluxma saylarının artması müşahidə edilir. Hazırda insanların peyvənd olunması o qədər kütləvi deyil ki, ümumi prosesə təsir göstərsin. Pandemiyanın əvvəlki dövrlərini götürsək, insanların hamısı həssas idi və o zaman epidemiyanın yayılmasını əngəlləyən faktorlar yox idi. Bu gün o faktorlar virusu tam yox etməsə də, var. Ötən ildən bu günə qədər müəyyən qisim insanlar koronavirusa yoluxub və onlarda anticisimlər yaranıb. Həmin şəxslər ikinci dəfə virusa yoluxsa, xəstəliyi yüngül keçirəcək. Bu günə qədər yarım milyondan çox insan peyvənd olunub. Onların xeyli hissəsinə ikinci doza vurulmayıb. Lakin vaxt keçdikdə onlar da ikinci dozanı vurduracaq və bununla da süni immunitet yaranan insanların sayı artacaq. Amma bu gün həmin faktorlar hələ tam deyil. Ona görə özümüzü qorumalıyıq”.
Təyyar Eyvazovun sözlərinə görə, vaksinlər həqiqətən təhlükəsiz və kifayət qədər effektivdir: "Sadəcə, vaxtında vurulmalıdır. Xəstəliyi keçirmiş şəxslərə peyvənd vurulması əks göstərici deyil. Sadəcə, xəstəliyi keçirdiyinə görə, müəyyən qədər qoruyuculuğu var. Müəyyən vaxtdan sonra ona vaksin vurula bilər”.
Baş infeksionist bildirb ki, 6 ay əvvəl xəstəlik keçirən şəxs risk qrupudursa, peyvənd olunur. Onun sözlərinə görə, bu cür şəxslər peyvəndləmə sırasında axırıncı yerlərdədir, çünki ondan qabaqda müəyyən insanlar qrupu var ki, onlar peyvənd olunmalıdır: "Yəni, xəstəliyi keçirənlər son mərhələdə peyvənd olunacaqlar. İndiki məlumatlara görə, ən azı 6 ay keçməlidir ki, biz həmin şəxsi peyvəndə cəlb edək”.

"Peyvəndin heç bir ziyanı yoxdur”
 
Rusiyanın məşhur həkim və televiziya aparıcısı Alexander Myasnikov isə gələcəkdə xəstəlikdən sonra anticismi olanlara koronavirusa qarşı peyvəndin lazım ola biləcəyinə inanır: "Bəzi ərazilərdə yeni mutasiyalar üstünlük təşkil edərsə, xəstəliyə qalib gəlmiş insanlar üçün də məcburi vaksinasiya lazım ola bilər. Bu gün COVID-19-a anticisimləri olan insanlar üçün peyvənd tələb olunmur. İnfeksiyanı simptomsuz şəkildə keçirib və anticisimlərin mövcud olduğu barədə xəbəri olmayan insanlara isə peyvəndin heç bir ziyanı yoxdur”.

Peyvəndi vurdurmaq üçün əks göstəriş varmı?
 
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva qeyd edib ki, peyvənd vurdurmaq üçün əks-göstəriş yoxdur: "Xəstəliyi keçirib qanında İgG formalaşanlara və xəstəlikdən yeni sağalmış şəxslərə də peyvənd vurula bilər. Əsas odur ki, xəstəliyin aktiv dövründə olmasınlar. Elmi olaraq bunun üçün heç bir əks-göstəriş yoxdur. Tədqiqatlar göstərir ki, son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslərdə immunitet davam edir, yəni onlar qoruyucu hesab olunurlar. Peyvəndə tələbat daha çox olduğu və vaksin sayı az olduğu üçün
həmin şəxsləri müəyyən müddət peyvəndləmə prosesindən uzaqda saxlamaq tövsiyə olunur. Əgər sistemdə son altı ay ərzində pozitiv nəticəsi qeydə alınan şəxs varsa, o, peyvənd üçün müraciət etdikdə sistemdə görünür. Həmin şəxslər bir müddət peyvəndə cəlb olunmurlar”.

Mütəxəssis bildirib ki, 18 yaşına qədər uşaqlara peyvənd vurdurmaq olmaz, çünki onlar üzərində sınaqlar həyata keçirilməyib və nəticələr yoxdur: "Hazırda COVID xəstəsi olanlar yalnız sağaldıqdan sonra peyvənd oluna bilərlər. Hamilə qadınlara xüsusilə ilk trimestrdə vaksin vurdurmaq tövsiyə olunmur. Onlarda risk qiymətləndirilməsi aparılmalıdır. Əgər risk qrupundadırlarsa, yanaşı xəstəliyi, xəstəliyi ağır keçirmə ehtimalları varsa, işi ilə əlaqədar olaraq insanlarla çox sıx təmasdadırlarsa, bu halda növbəti trimestrlərdə hamilələrin həkimləri ilə məsləhətləşərək onlara vaksin vurula bilər. Ciddi immunsupressiv vəziyyətdə olanlara, məsələn, orqan transplantasiyası keçirən xəstəyə peyvənd vurulmasına dair qəti əks-göstəriş yoxdur. Həmin şəxslər risk qrupuna daxildirlərsə, onlar həkimləri ilə məsləhətləşmədən və immun statusları dəyərləndiriləndən sonra peyvənd oluna bilərlər”.
 
Aygün ƏZİZ