Corc Oruel BBC-yə qayıtdı
Dünya ədəbiyyatının nəhənglərindən "1984” və "Heyvanıstan”
əsərlərinin müəllifi Corc Oruel həm də jurnalist və naşir olub. "BBC”-də yer
alan xəbərə görə, yazar iki ildən çox burada işləyib. Müharibə illərində
İngiltərə hökumətinin nəzarəti altında fəaliyyət göstərən radionun Hindistan və
qonşu ölkələr qoluna Oruel nəzarət edib. Dəfələrlə jurnalistlərin vəziyyətinin
ağırlığından şikayət etsə də, bir nəticə əldə etməyib. Nəhayət, 1943-cü ildə iş
şəraitinin dözülməz olması və işçi hüquqlarının tapdanması səbəbləri ilə istefa
verib və istefasını belə açıqlayıb: "Nəticə əldə etmədiyimiz işlərlə əlləşib öz
zamanımı və xalqın pulunu boş yerə xərcləyirəm”.
Ötən il isə BBC-nin əsas binası önünə Corc Oruelin
heykəlinin qoyulması məsələsi gündəmə gəldi. Lakin radio rəhbəri Mark Tompson
Orueli "qatı solçu” kimi damğalayaraq, bu təklifi birmənalı rədd etmişdi. Lakin
İngiltərə İşçi Partiyasının üzvü, millət vəkili Canet Uaytikerin təkidləri və
israrlı mübarizəsi öz müsbət nəticəsi verdi. Adı hələ də açıqlanmayan bir şəxs
tərəfindən heykəlin hazırlanması üçün lazım olan bütün xərclər qarşılanıb.
BBC-nin idarə heyətinin başına cari ilin yanvar ayında keçmiş Robert Sitter də
məsələyə müsbət cavab verib: "Corc Oruel XX əsrdə BBC üçün çalışan öncüllərdən
biri olub. Onun jurnalist irsi BBC-nin arxivində hələ də qorunur. Artıq onun
heykəli açıq havada layiq olduğu yerdə duracaq. Buradan keçən hamıya
jurnalistikanın mahiyyətini, əhəmiyyətini xatırladacaq”.