• çərşənbə axşamı, 19 mart, 13:19
  • Baku Bakı 8°C

Coğrafiya İnstitutu: Yeni yolların çəkilməsi sürüşmələrin aktivləşməsinə səbəb olur

23.10.17 16:52 2676
Coğrafiya İnstitutu: Yeni yolların çəkilməsi sürüşmələrin aktivləşməsinə səbəb olur
Son zamanlar Azərbaycanda xüsusilə dağlıq ərazilərdə yeni yolların çəkilməsi sürüşmə sahələrinin genişlənməsi və aktivləşməsinə səbəb olur.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılovAPA-ya deyib ki, yeni yolların çəkilməsi yamaclarda tarazlığın pozulması ilə nəticələnir. Onun sözlərinə görə, belə yollara Şamaxıdan Qızmeydana gedən yolu, həmin yolun Pirsaatçay dərəsini kəsib keçən, Pirsaatın sol yamacında olan əraziləri daxildir.
Şöbə müdiri qeyd edib ki, həmin yollar sürüşmələr baxımından intensiv təhlükəli risk zonası kimi qeyd edilir. Son zamanlar Şamaxı-Pirqulu-Dəmirçilər yolunun çəkilişi zamanı Ağsuçay dərəsinin sol yamacından qərbə baxan yamaclarda tarazlıq pozulub: "Yolun həm aşağı, həm də yuxarı hissələrində sürüşmə riskli sahələr yaranıb. Hazırda Dəmirçilərdən Lahıca gedən yolun layihəsi həyata keçirilir. Bu yolun çəkilməsi də gələcəkdə oradakı yamaclarda bir sıra sürüşmə hallarının fəallaşmasına səbəb olacaq. Bunların qarşısını almaq üçün çıxış yolu tapılmalıdır. Yolların çəkilməsi vacibdir. Yolları çəkən dövlət və özəl qurumlar mütləq AMEA-nın Geologiya və Geodeziya, Coğrafiya institutları ilə əlaqə saxlamalıdır ki, yamacların təşkil olunduğu süxurlar, ətraf sahə landşaftında baş verən dəyişmələr öyrənilsin. Bunun nəticəsində də yollarda baş verə biləcək sürüşmələrin və vuracaq ziyanın müəyyən qədər qarşısını almaq olar. Amma çox təəssüf ki, hazırda ölkədə yol çəkilişindən əvvəl ərazidə görülməsi lazım olan landşaft planlanması işləri həyata keçirilmir”.
Şöbə müdiri deyib ki, son zamanlar çayların üstündə kiçik su anbarları yaradılır. Su anbarlarının yaradılması çay hövzələrində çöküntü toplanmasını azaldır: "Bunun nəticəsində çayda dərinlik eroziyası güclənir, kanyon şəkilli dərələr yaranır ki, bu da çay sahillərində torpaq uçqunlarının intensivləşməsi səbəb olur. Bu hallar daha çox çay sahilinə yaxın yaşayış məntəqələrində - Lənkəran, Astara, Göyçayda müşahidə edilib”.
banner

Oxşar Xəbərlər