• cümə, 29 Mart, 05:43
  • Baku Bakı 7°C

Con Kitsin şeirləri Zakir Fəxrinin tərcüməsində

27.02.15 07:23 1883
Con Kitsin şeirləri Zakir Fəxrinin tərcüməsində
31 dekabr 1975-ci ildə Londonda, mehtər ailəsində anadan olub. Erkən yaşlarında valideynlərini itirib. Uşaqlıqdan qədim poeziyaya maraq göstərib. Ədəbiyyata olan çılğın həvəsi onu çalışdığı tibb sahəsindən ayırmışdı. 1818-ci ildə Kits, F.Braunla nişanlanır, lakin bir qədər keçmiş irsi olaraq, üzücü və ölümcül vərəm xəstəliyinə tutulduğundan nişanlısına ayrılmaqlarını məsləhət görür. Lakin qız həkimlərin məsləhəti ilə Romaya yollanan şairi tək qoymur, onun ardınca Romaya yollanır və şairin son gününə qədər yanında olur. Romaya gəlişindən bir neçə ay sonra 1821-ci ildə Kits əbədi olaraq gözlərini yumur…
Endimion
Əbədidir, qocalmayır gözəllik
Gündən-günə
yaxşılaşır daha da.
Sağlam olsun,
qoy çin olsun yuxumuz,
Müjdəli göyərçin olsun yuxumuz
Yuxumuzdan qoy həzz alsın gözəllik
Dağa-daşa
tuş gəlməsin oxumuz…
Gözəlliyi daşıyaq sabaha da…
Qaranlıqda cücərən bitkilərdən
Ertəsi gün yenə çələng hörürük.
Boz dünyanı mavi,
min rəng görürük.
Qoy bizi bağlasın
lalə, sarmaşıq,
Gözəllikdən doğan işıq: -
Kədərlər əsarətində,
Şər, iftira köçündə
Çirkaba bulaşdığımız
Qaranlıq yollarla dolaşdığımız.
Ağır, qara torpağa…
Bizi, sadəlövhləri
Bu dünyadan qoparır,
Dişlərə, caynaqlara
qurban verən ilğımlar
öz ardınca aparır…
…yenə gələr gözəllik
qəm, qüssəmiz dağılar
və… ruhumuz sağalar…
Və… gözəlim gözəllik…
günəşin, ay ulduzun
nizamına qoşular…
Bizə xoş ruh aşılar.
Bir az artar
yaşamağın duzu da…
Dost görünər bizə adi quzu da
Adi quzunu da dost bilər
qonaq olduğun kənd-kəsək…
Belə olar biz istəsək…
Sulu dodaqların açar
Çayların
su zanbağı…
Suların yaşıl örpəyə
bənzədiyi yerdə də.
Və saf bulaq
yorğun düşən hər kəsə
bir sərin qurtum hazırlar.
Nə bir cığır,
nə bir payacıq var,
Xəzan yarpaqlarından yığılan
nə quru tayacıq var…
Meşə cəngəlliyində
Müşk şehinin damcıları,
Səpintiləri var ancaq.
Acı rüzgar da əsmir
Bu o deməkdir ki,.. demək,
Dünya qəbrə tələsmir…
Qorxmur ölüm xofundan
Ölümün gözünə baxır.
Bu möcüzəli, sehrli,
Bizə həyat verən işıq
Göylərin sərhədlərindən
Üzü bizə doğru axır…
Məbədi nurlandıran
yarpaqların
arxamızca sürünən
Xəfif pıçıltısını
nə görür, nə eşidirik…
Sən – ey ölməz Sözün
Həyat suyu,
Sən – ey sarı üfüqlərə gözümüzü
kor edən!
Çox güman ki, siz
hər zaman
bizimlə olacaqsınız
Sizinlə danışıb-güləcəyik biz.
Yoxsa ki, sadəcə
öləcəyik biz!
Son
Gün keçdi, günün dad-tamı
Çəkildi öz kölgəsinə-
çəkildi dincəlməyə
bal dodaqlar, şirin səs
Yumşaq əllər, yumşaq sinə
Həzin pıçıltı, ilıq nəfəs
İncə bədən görünüşü
Çiçəyi, gülü solmuş
Yaşıl yamacların döşü
İsti gün şüalarının
Mavi göylərin boynunda
parlayan muncuqları.
Gün keçdi, günü soldurdu
Soldurdu gündüz çırtlayan
Körpə tumurcuqları.
Gözümdən silib apardı
Gözəlliyə baxışları
İncə, zərif naxışları
Gözlərimdən qopardı,
Əlimdən alıb apardı
Aparıb solğunlaşdırdı…
Gecəni dolğunlaşdırdı…
Gün keçdi kəsildi səslər
Təngidi dolğun nəfəslər
İstilik, bəyazlıq, cənnət…
Çox erkən, vaxtsız-vədəsiz
Yox oldu göz qırpımında
Hər şey yox oldu, əriyib,
Hər nə var susdu, kiriyib…
Nə zaman ki, ətirli
Pərdəyə bürünmüş sevgim
Qaranlığın bayramında
toxunmağa başlanır
pıçıltıyla oxunmağa başlanır
Qüssə, qəmlər daşlanır.
İnsanlara gizlində
bir məftunluq gətirsin
Rahat uyumaq üçün
Bir beşiyə dönür o
Ki, görüm tələsirəm
Oruc tuturam, dua edirəm
Keçən günün özü kimi
Son mənzilə gedirəm…
Dincəl, ürəyim, dincəl
Qorxuları yumşaltdım…
Nədən tənhayam belə?
Mən öz badəmi
Vaxtından əvvəl
İçib boşaltdım…
Sənə, sevgilim
Yaxına, yaxına gəl,
Əminliyə gəl, gözəlim.
Kölgəli çəmənliyə gəl,
Çəmənliyə gəl, gözəlim.
Sevgi bizə olsun dayaq
Qidalanaq, yeyək, doyaq…
Gözləyirəm dünəndən
Şirin bir şey ver içməyə,
Öz sinəndən, öz sinəndən…
Yaxına gəl, əzizim,
Yaxına gəl, yaxına…
Qoyma adicə meh də
Yanağına toxuna.
Bax, sevinclə növbənöv
Novruzgülü döşənib
Çölün çəmən üzünə
Bu yerdə şeh bulaşıb
İnəklərin üzünə.
Bircə anda uçub gedir,
Bir anın ləzzəti.
Bircə anda köçüb gedir
Coşğunluğun xəzinəsi,
Məhəbbətin sərvəti.
Bir sevginin havasına yaxınlaşıb,
Həyatın səfasına yaxınlaşıb
Yaxına gəl, əzizim,
Hər şeydən yayın
Sevgilisi ol yayın…
Sel olub axır sevgi
Qoşul, gözəlim axına.
Yaxına gəl, yaxına…
Demə bizdən üz döndərib,
Sevgi bizə
Öz mərhəmətini göndərib.
Səninlə tək böləcəm
Solsam da, ölsəm də mən
Məmnun, razı öləcəm.
Ruscadan çevirəni Zakir Fəxri
banner

Oxşar Xəbərlər