Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub
Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata
keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından
azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məhv edilmiş bütün
infrastrukturun yenidən qurulmasına başlanılıb.
Tarixən burada yaşamış dinc əhalinin öz doğma
yurdlarına qayıdaraq rahat və bütün lazımi infrastrukturla təmin olunmuş
şəkildə yaşamaları üçün əsaslı işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin24 yanvar 2017-ci il tarixli "İşğaldan
azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı
tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi tərəfindən kəndin telekommunikasiya
infrastrukturu yenidən qurulub.
Belə ki, "Aztelekom” MMC tərəfindən Cocuq
Mərcanlı kəndinə 10 km
məsafədən optik kabelin çəkilməsi üçün qazıntı işləri aparılıb, 64 nömrə
tutumlu EATS-in tikinti-quraşdırılma işləri yekunlaşıb. İlk dəfə olaraq kənd
daxilində telefon kabellərinin yeraltı çəkilməsi üçün kabel-kanalizasiya
qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkənin qurulması
işləri həyata keçirilib.
İlkin mərhələdə kənddə yeni tikilən 50 evin hamısı,
həmçinin məktəb və dövlət əhəmiyyətli obyektlər telefonlaşdırılıb, internetlə
təmin olunub.
Gələcəkdə yeni tikiləcək bütün evlər və digər
obyektlər də müvafiq infrastrukturla – rabitə və telekommunikasiya ilə təmin
ediləcək.
"Aztelekom” MMC-nin rəhbərliyinin Cocuq Mərcanlıya bugünkü səfəri çərçivəsində
sakinlərdən Hüseynovlar ailəsinin səhhətində olan problemlərə görə məktəbə gedə
bilməyən qızına bilik və bacarıqlarını
artırmaq üçün bir ədəd noutbuk, telefon və internətə girişi təmin etmək üçün
modem hədiyyə olunub. Ailənin məskunlaşdığı evə telefon və internet çəkilişi də
ödənişsiz həyata keçirilib.
"Aztelekom” MMC-nin baş direktoru Suat
Paşayev bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına müvafiq
olaraq, hazırda Cocuq Mərcanlıda yaşayacaq əhalinin dayanıqlı və fasiləsiz
rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.
"Burada ən son texnologiyalar tətbiq olunmuş
avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulan elektron ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun
olaraq artırılacaq. Gələcəkdə azad olunacaq digər torpaqlarımızda da, böyük
məmnuniyyətlə, müasir rabitə və telekommunikasiya şəbəkəsini qısa zaman ərzində
keyfiyyətlə qurmağa hazırıq”- deyə baş direktor qeyd edib.