AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Cizgilərin və rənglərin işığında

Cizgilərin və rənglərin işığında

Mədəniyyət
19 Mart 2020, 10:00 957
Əməkdar rəssam Həsənağa Məmmədovun yubiley portreti 

XX əsr Azərbaycan təsviri sənətinin yeniləşən bədii simasını müəyyənləşdirən axtarışların əvvəli altmışıncı illərə təsadüf edirdisə, sonu bir qədər sonraya - səksəninci illərdə baş vermişdir. Altmışıncıların əksəriyyətinin dünyasını dəyişməsinin qarşılığında, Azərbaycan təsviri sənətinin beynəlxalq miqyasda təmsilçilərinin müasir dövrdə həmin səksənincilərin olması danılmazdır. Tiflisdə ali təhsil alan Fərman Qulamov, Asif Azərelli, Qəyyur Yunus, Nağdəli Xəlilov və Həsənağa Məmmədovun (Daşdəmir), Sankt-Peterburq Akademiyasının məzunları Fikrət Haşımov, İsmayıl Məmmədov, Müslüm Eldarov, İbrahim Rzayev, Vaqif Ucatay, Sakit Məmmədov, Firdovsi Atayev, Nazim Ağayev, məşhur "Muxinka”nın yetişdirmələri Məzahir Avşar, Hüseyn Haqverdiyev, Saleh Rza, Şamo Abbasov, Yaşar Zeynalov, eləcə də Moskva təhsilli Altay Sadıqzadə, Akif Kazımov, Şöhrət Ələkbərov və b. əsərlərinin milli sənət saxlancımızın əsasını təşkil etdiyi danılmazdır.  

Adlarını çəkdiyimiz bu rəssamların arasında yalnız Həsənağa Məmmədovun qrafika üzrə ixtisas təhsili alması da diqqətçəkəndir. Bu gün biz onun adını təkcə Bakıdan kənarda ali təhsil almasına görə yox, həm də bu sahənin bədii-texniki imkanlarını inanılmaz dərəcədə genişləndirdiyinə görə çəkirik. 

Doğrudan da, zamanında  miniatür üslublu kitab illüstrasiyaları ilə dünyanı heyrətləndirən  Azərbaycan qrafiklərinin yaşadılmağa layiq olan bədii ənənəsinə bu gün yeni nəfəs verən Həsənağa Məmmədovun əsərlərində milli qrafikamızı yeni keyfiyyətlərlə zənginləşdirən estetika heyrətamiz tutumdadır.

Qənaətimizcə, onun əsərlərinin cəlbediciliyini və yaddaqalan olmasını şərtləndirən bədii xüsusiyyətlərdən ən başlıcası bir kompozisiyada həm də rəngkarlıq estetikasından qənaətlə, amma məntiqlə istifadə edə bilməsidir. Başqa sözlə desək, bir əsərdə rəngkarlıqla qrafikanın uğurlu vəhdətinə nail olan müəllif, məna-məzmun tutumuna cizgi və rəng təzadı, zərifliklə ekspressiyanı qoşalaşdıraraq təsvirlərin bədii tutumunun cəlbediciliyinə və düşündürücülüyünə nail olmuşdur. 

Onun janr və mövzu rəngarəngliyi ilə seçilən yaradıcılığında düşündürücülük başlıca göstəricidir, desək, yanılmarıq. Əslində, bunu onun müraciət etdiyi böyük söz xiridarlarının həyatı və yaradıcılığı şərtləndirmişdir. Bu mənada onun  M.Ə.Sabir,  Ə.Hüseynzadə,  M.Ş.Vazeh,  X.B.Natəvan,  Ü.Hacıbəyli, Ənvər və Nuru paşa, Ə.Rzaquliyev və başqalarına həsr etdiyi rəngkarlıq və qrafik silsilələrinin adını çəkmək olar. Onlarla, rəssamın anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına salonunda açılmış fərdi sərgisində tanış olmaq mümkündür. Yeri gəlmişkən deyək ki, müstəqillik illərində fəaliyyəti Azərbaycanla yanaşı Türkiyədə keçən rəssamın, bu, ilk yaradıcılıq hesabatı deyil. İstanbulda baş tutan əlliyə yaxın fərdi sərgisində (2001-ci ildə Türkiyədə "İlin rəssamı” mükafatına layiq görülüb) bilavasitə rəngkarlıq əsərləri ilə sənətsevərlərin görüşünə gələn H.Məmmədov, bu ay təşkil olunan Bakı ekspozisiyasında rəngkarlıq əsərləri ilə yanaşı, qrafika lövhələri də nümayiş etdirilir. Onların hər birində rəssam düşüncələrinə "bədii güzgü” tutan bədii həllin özünəməxsusluğu birmənalı, rəssamın yaradıcı "mən”ini ifadə edəndir...

Görkəmli fırça ustası olan,  zamanında sovet ideoloqlarının qəzəbinə tuş gələn və ömrünün 28 ilini sürgündə və həbsxanada keçirən Ələkbər Rzaquliyevə həsr etdiyi bir-neçə rəsm bədii axtarışların nəticəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, qrafika sənətində linoqravür texnikasının bədii imkanlarının nəhayətsizliyini sərgiləyən korifey yaradıcının müraciət etdiyi materialda ona ithaflar yaradan Həsənağa Məmmədov, əslində sələfinin xatirəsini onun adına layiq əsərlərlə yad etdiyini təsdiqləmişdir. Ə.Rzaquliyevin ağ-qara linoqravürlərindən fərqli olaraq öz əsərlərini ümumi koloritinə bir-neçə rəng qatan H.Məmmədov, böyük sənətkarın portretini, sənət dünyasını və sevimli "Köhnə Bakı”sının motivlərini özündə yaşadan lövhələrində ənənə ilə müasirliyin gözoxşayan-duyğulandırıcı qovşağını yaratmışdır...

Yaradıcılığı ilə "milli musiqi xəritəmizi” duyulası dərəcədə zənginləşdirən Üzeyir Hacıbəyliyə həsr olunmuş silsilə rəngkarlıq əsərləri də keçmişlə bu gün arasında bədii-mənəvi körpü yaratmaq gücündədir. Bəstəkarın məşhur komediyalarının hadisələrini və obrazlarını müxtəlif formatlı kompozisiyalarının qəhrəmanlarına çevirən rəssam, ədəbi materialın doğurduğu "gülüş çələngi”ni məna-məzmun tutumunun leytmotivinə çevirməklə, rəng və cizgi-yaxı oynaqlığı ilə hər bir əsərin zamansızlığa qovuşmasını şərtləndirmişdir...

Həyatda gördükləri əyintilərə göz yuma bilməyən böyük mütəfəkkir Əli bəy Hüseynzadənin "Ucundadır dilimin, həqiqətin böyüyü...” kəlamını ona həsr etdiyi rəngkarlıq əsərlərinin dominantına çevirən Həsənağa Məmmədov, məşhur  "Hali Vətən”dən süzülən ələmi-nəşəni bir araya gətirməklə, əsrin qovşağında neft səltənətində yaşananlara obrazlı-bədii görkəm verə bilmişdir.  

Rəssamın M.Ə.Sabir ünvanlı əsərlərində də xəyalən üçrəngli bayrağımızın ideya müəllifinin yaşadığı dövrə göz qoyulduğundan, "Bənzərəm bir qocaman dağa ki, dəryada durar. Mən gedərəmsə məramım yenə dünyada durar” beytinin yaradıcısının ətrafında əvvəlki lövhələrdən bizə tanış olan bir çox obrazlarla qarşılaşırıq. Amma burada şair-sələfin özü kimi, rəssam-xələf də sərtdir və kompozisiyaların bələndiyi "millət dərdi”ndə hər ikisinin düşündürücü söz yükünün alt qatını çox incəliklə duyduqları hiss olunmaqdadır... 

Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş silsilə əsərlərdə də şair taleyinə tutulan "bədii güzgü”də gəncəli söz xiridarının yaşantıları forma-biçim qarşıdurması və rəng ekspressiyası ilə yaddaqalan bədii tutumda ifadə olunmuşdur...

Həsənağa Məmmdovun "Muğam dünyamız” adlanan silsiləsi bənzərsizliyi birmənalı olan milli  mənəvi dəyərlərimizin bədiiləşdirilməsi yönündə çox ciddi addımdır. Həm rənglərlə, həm də cizgilərlə əsərlərin məna-məzmun tutumuna aydınlıq gətirən müəllif,  qarışıq texnikada ərsəyə gətirdiyi  qrafik lövhələrini  muğamlarımızın özləri kimi çoxqatlı etməyə nail olmuşdur. Ayrı-ayrı muğamların ruhunu obrazlı şəkildə əyaniləşdirən H.Məmmədov, onların daşdıqları fəlsəfi-bədii yükü rəmzi-şərti tutumlarla ifadə etməklə, rəngdən-rəngə düşən musiqilərin ovqat-ruh daşıyıcılığını  düşündürücü forma-biçim və siluet şəklində tamaşaçıya təqdim etmişdir. Onun muğam ifaçılarına, milli dəyərlərimizi yaşadanlara həsr olunmuş rəngkarlıq tablolarında da xalqımızın "tanınma nişanı”na çevrilən unikal musiqiyə böyük məhəbbəti duyulmaqdadır...

Bir qayda olaraq hər bir qrafika ustasının necəliyi-peşəkarlıq dərəcəsi onun bu sahədə işlədilən materiallara münasibəti ilə ölçülür. Sovet dönəmindən fərqli olaraq müstəqillik illərində qrafika sahəsində fəaliyyət göstərən rəssamların əksəriyyəti məlum texnikalara müraciətdən vaz keçməkdədir. Yaxşı haldır ki, zamanında mərhum Xalq rəssamı C.Müfidzadənin texniki rəngarəngliyə sədaqət nümunəsi nümayiş etdirməsi nümunəsini respublikanın Əməkdar rəssam Həsənağa Məmmədov da uğurla davam etdirməkdədir. Onun milli mis qabları  və qədim tariximizi tərənnüm edən linoqravürlərində texnikanın estetikasını zənginləşdirmək istəyi qabarıq duyulur. Rəssamın rəngkarlıq irsində də tanış Türkiyə və Azərbaycan motivlərinin  özünəməxsus bədii şərhini görmək mümkündür. 

Sonda deyək ki, hazırda həm də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olan Həsənağa Məmmədovun paytaxtda baş tutan yubiley sərgisi sıradan hesabat olmayıb, milli təsviri sənət məkanımızda bədii hadisə kimi dəyərləndirilməyə layiqdir. Bunu həm də məhək daşı hesab olunan sərginin bədii-estetik səviyyəsinin yüksəkliyi, onun həm sənətsevərlər, həm də peşəkarlar arşında rəğbətlə qarşılanması şərtləndirir...

Ziyadxan Əliyev