• şənbə, 20 Aprel, 00:52
  • Baku Bakı 15°C

Cismimdə, canımda olandı bu yurd...

27.10.19 12:30 1369
Cismimdə, canımda olandı bu yurd...
"Xarəzm – qədim yurd... Bu yurd nəfəsi hərarətli, dünyalarca məşhur çox hafizlər, hökmdarlar yetişdirib. Çağdaş özbək poeziyasının öz üslubu, poetik duyumu ilə diqqət çəkən Mənzurə Bekexanova bu yurdun övladıdır. Onun şeirlərindəki incə, zərif lirizm, maraqlı deyim tərzi oxucunu sehrləyir. Mən deyərdim ki, o, "Məhəbbət rəsmi” adlı dörd misralıq şeirində öz sevən ürəyinin, əsl sevgi ruhunun möhürünü vurub”.
Bu sətirlər Mənzurə xanımın ilk şeirlər kitabına yazılan maraqlı ön sözdə yer alıb. Və elə ilk kitaba daxil edilən şeirlər şəhadət verir ki, müəllifin sevən ürəyi ilk növbədə müqəddəs vətənə, doğma yurda bağlıdı. O, öz qədim və zəngin ənənələrə bağlı vətənini sonsuz duyğularla tərənnüm edir. Bu mənada Mənzurə xanım Özbəkistanın xalq şairi Zülfiyyənin mənəvi varisi, vəfalı davamçısı təəssüratı oyadır. Onun şeirlərində doğma vətininin möhtəşəm tarixi, yenilməz qalaları, çölləri xüsusi məhəbbətlə vəsf olunur, "cismimdə, canımda olandı bu yurd” heyranlığı ilə şəkillənir. Vətən övladlarının "su kimi, süd kimi aydın imanı”, tarixin gedişini dəyişən alp ərənlərin könül verib, ilqar bağladıqları zərif xanımların tarixə yoldaşlıq edən əl süsləmələri, ölümsüz abidələr Mənzurənin başlıca öygü predmetidir. Öz yurdunun əlçatmaz dağları, könüloxşayan bağları, göz işlədikcə uzanıb gedən ormanları, torpağa can verən nəhrləri onun öygü yeri, mövzu qaynağıdı. Sevimli Daşkəndinin könül oxşayan mənzərəsinə xüsusi rəng qatan fəvvarələr belə, Mənzurənin yurd, vətən sevgili misralarına xüsusi bir rəng çatır. Bu hal şairin "Daşkənd fəvvarələri” şeiri üçün çox səciyyəvidir:

Axşamı sərin, meyxoş,
Ay nurunu qamçılar...
Ulduzlarla bəhsləşib
Cilvələnər damcılar.

Bülbül avazı ilə,
Oyadar xatirələri.
Çağırar gecə seyrinə
Daşkənd fəvvarələri.

Dənizdən bir damcıdı,
Zərif su qırmancdı.
Tərsinə axan xəyal,
Bəxtiyarlıq tacıdı.

Su şəklində Leylidi,
Su şəklində bir Məcnun.
Çözür xatirələri,
Öz su dililə hər vaxt
Daşkənd fəvvarələri.


İllər boyu azadlıq, müstəqillik yolunda dərin inamla mücadilə aparan və buna nail olan özbək insanlarının yaşantıları Mənzurə xanımın "25 il” adlı şeirində bütün yönləri, mənəvi dəyərləri ilə öz əksini tapıb. Bu şeir az qala bir kino lenti kimi böyük bir xalqın uzun yüzilliklər boyu keçib gəldiyi ağrılı, ümidli və ümidsiz, qayğı dolu yaşamını an-an göz önünə gətirir. Şair qədim, tarixə vəfalı bir xalqın dilindən azadlığa aparan yolun olmuşlarını nəql edir:

Çalın-çarpaz dağlar gördüm illərlə,
Öz dilimi qorumağa çalışdım.
Bu çağacan çox tənələr gördüm mən,
Dönə-dönə alovlandım, alışdım...

İllər boyu mənə qultək baxdılar,
Bu basqıda kimliyimi anladım.
Yenə məğrur bayrağımdan yapışıb,
Geri döndü öz dilimdə öz adım.

Bu vaxtacan yuxularım qarışdı,
Mənə məni səhv göstərdi güzgülər.
İllər boyu mən özümü aradım,
Nə yaşadım – nə biləcək özgələr?!


Bu misralar təkcə bir fərdin, vətənini, doğma yurdunu dərin duyğularla sevən və onun azadlığı yolunda hər cür mücadiləyə hazır olan söz adamının yox, əslində, şeirin dililə öz ifadəsini tapan bir xalqın yaşantılarının ifadəsidi. Ağır sınaqlardan mərdliklə çıxan, öz varlığına sahib olan özbək xalqının müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş "25 il” şeiri əslində qədim bir xalqın, qalib millətin özgürlük, milli sevinc, qürur şərqisi kimi səslənir:

25 il çiçəklədi arzular,
Özbəkistan müstəqillik qazandı.
İndi mənim həyatımın mənası –
Ana yurdun öz bayrağı, öz andı!

25 il abad etdik bu yurdu,
Azadlığın havasında yaşadıq.
Bir zamanlar uca tutub bayrağı,
Bu günlərin davasında yaşadıq.


Gözəl sonluq, gözəl təskinlikdi. Şeirin xüsusi özəlliyi ondadır ki, əslində Sovetlər dönəminin "parçala-hökm sür” siyasətinin qurbanına çevrilmiş bütün türkdilli xalqların azadlığa qovuşma bəxtiyarlığını çox böyük səmimiyyətlə ifadə edir. Həmin dönəmin acılarını çəkmiş hər bir türk insanı bu misraları öz könlünün səsi hesab edə bilər. Bu şeir Sovet sisteminin acısını duymuş, yaşamış hər bir türk insanının ruhunun bir parçasıdı. O xalqlar, insanlar özlərini bu şeirdə görür və tanıyırlar.

Bu qəlb dəftərimdə güllər saralıb,
Dilimin ucunda kəlmələr laldı.
Bu azad, müstəqil, gözəl vətəndə
Yaşamaq özü də xoş bir xəyaldı.


Eyni zamanda xoş bir reallıqdı... Ötüb-getmiş, artıq uzaqda qalmış, hal-hazırda yaşanan vətəndaş ömrünün mənzərəsi bütün dolğunluğu, gerçəkliyi ilə Mənzurənin "25 il” adlı şeirində yer alıb. Bu şeirdə dilinə, milli-mənəvi varlığına, qüruruna qəsd edilmiş bütöv bir xalqın, toplumların daxili ağrıları da var, eyni zamanda yenə həmin toplumun böyük iradə və mücadilə bahasına qovuşduğu müstəqilliyin yaşanan, dönməz bəxtiyarlığı da...
Çağdaş özbək ədəbiyyatın maraqlı simalarından biri də Nərgiz Əsəddi. Onun ilk şeirlər kitabının ön sözündə yer alan fikrilər bu gənc şairin poetik imkanlarının üfüqlərini əhatə edir: "Şairi oxucuya tanıtdıran ilk növbədə onun bədii təfəkkürünün zənginliyi, ana yurd, vətən sevgisidir. Şairin ən önəmli başarısı, öz qəlb bulağını şeirin dililə fərqli könüllərə, fərqli sahələrə axıtmaqdı. Vətən sevgisini hər kəs özünəməxsus şəkildə ifadə edir. Nərgizin çoxqatlı obrazlarında görün məhəbbət mövzusu necə fərqli fabulalarda verlir; ilk növbədə onun sevgi şeirləri adama rahatlıq gətirir, hüzur verir. Çünki rəngarəng rəmzlər bu şeirlərin başlıca məziyyətləridi və bu rəmzlər vaxtına, məqamına görə hər cür halətlərdə canlı, cəlbedicidi. Nərgiz təsvir üsulundan bacarıqla və geniş şəkildə faydalanır. O, "Vətən, sənin hər bucağın ürəyimin sərhədləridir” – deyə doğma yurdu vəsf edəndə bu ədəbi üfüqun aydınlığı və genişliyi oxucunu heyran və məftun edir.
Eyni zamanda, Nərgiz, xanım adi detalları, predmetləri şeirə gətirir və məhz həmin detalların, predmetlərin poetik obrazını yaradır.
Məsələn, belə:

Uyuyub yatır stolda kağız,
Başını açammasan işdən.
Otağın isti, üşüdüm bir az,
Canım, xəbərin varmı qışdan?


Nərgiz xanım anlatmaq istəyir ki, isti otaqda stol üstündə rahatlıqla mürgü döyən kağıza əslində o isti otaq dışında üşüm-üşüm üşüyən bir həyatın durumu yazılmalıykən yazar öz şəxsi iş-gücüylə başını qatır... Bu yalqız və baxımsız həyat haradasa soyuqla-tufanla, biganəliklə üz-üzə qalmış çox sayda insanların pünhan obrazıdı. Şair anlatmaq istəyir ki, iş-gücdən başı açılmayan yazar ilk növbədə o soyuqdan əzab çəkən, baxımsız, talesiz insanların durumuna diqqət yetirməli, onlara bir könül istisi qədər yaxın olmalıdır.
Nərgiz Əsədin şeirlərində ilk anda bəndlər, misralar arası rabitəsizlik hiss olunur. Mətləblər ayrı-ayrı məkanlardan söz açırmış kimidi. Ancaq şeirin sonluğu hər dəfə bu fərqli məkanları bir araya gətirir, fikri vahid bir düşüncə ətrafında toparlaya bilir. Bu baxımdan şairin "Axşam” şeiri maraqlıdı. Onun təsvirində axşam qaranlığının görünməzliyində rənglər bir-birinə qatılır. Yaxud da, əksinə, cilvəli ulduzlar sayrışa-sayrışa hər yana baş vurur. Eyni zamanda fürsət düşkünləri bu ağla qaranın bir-birinə qarışdığı məqamı imkan bilib, bu qarmaqarışıqlığı üzərinə pərdə tutub öz istəklərini gerçəkləşdirməyə cəhd edər, çaba göstərərlər. Ancaq Nərgiz xanım inamlıdı ki, bu çabalar boşunadı. İnamla vurğulayır ki:

Qorxuda bilməz yurdumu
Bayquşların vahiməsi.


Şair əksər şeirlərində saf, təmannasız bir istəyin peşindədi. Bu istək ilk növbədə öz yurduna, vətəninə hədsiz sayğı bəsləyən bir könül adamın yaşamını göz önünə gətirir. Niyətin, arzunun gözəlliyi oxucuya əlbəəl sirayət edir, hər kəs bu ülvi duyğunu özününküləşdirmək istəyir:

Yeri canı kimi sevən
Qarışqalarla sirləşəm...
Vətən torpağıyla mən
Ölməmişdən birləşəm...


Nərgiz Əsəd ilk növbədə ruhu dualar qanadlarında pərvaz edən, qədim yurdun, Daşkəndin şərqisini əziz-əziz ötən həmvətənlərinin könül xoşluğunun tərənnümçüsüdü. Bu şərqilər ilahi xəyal, istək qanadlarında da, murad simvolu olan at üstündə söylənəndə, dil-dil ötəndə də eyni fikri-vətənin bənzərsiz gözəlliyini, tarixi müqəddəsliyini tərənnüm edir.
Bizcə, ədəbiyyatın başlıca məramı, missiyası da əsl qədirbilənlik, yurdsevərlik düşüncəsindən keçir. Bu düşüncə Nizamidən, Nəvaidən, Babur şahdan, Füzulidən, Şah İsmayıldan, Zülfiyyədən, Maqsud Şeyxzadədən, Çolpandan üzü bəri Azərbaycan və qardaş özbək ədəbiyyatının başlıca mövzusudu. Bizi həmin düşüncəyə sadiqlik hissi həmişə birləşdirib, doğmalaşdırıb. Çağdaş özbək yazarları da eyni yolla getməkdə haqlıdırlar.
Sərvaz Hüseynoğlu
banner

Oxşar Xəbərlər