AZE | RUS | ENG |


Cismani eyforiyanın ədəbi və... ədəbsiz yaşantıları

Cismani eyforiyanın ədəbi və... ədəbsiz yaşantıları

 
Yol həmin yoldur, yolçu, səviyyə yox!
 
İfrat səmimiyyət - ikrah, coşqun həvəs - aludəçilik, tərbiyə kasadlığı nifrət doğurur. Bizə elə gəlir, yan-yörə boşluqdur, balıq kimi havada üzürük, ayağımızın altında bərk torpaq var; bunlar arxayınçılıq bəxş edir, əslində, aldanışların, saysız‑hesabsız, görünməz hədlərin, qayğıların keçidlərində yaşayırıq.
İnsanın mənəviyyat ölçüsü hədlərin hansı nöqtəsində yerləşməsindən asılıdır.
Künclərdə – sıxıntı,
 ortada dolu mədənin həzm ağırlığı problemi
təqib
kənarlarda təhqirsayağı tənqid
təhrif ,
ən son nəticə kimi, həzmin tənzimi  durur.
Haqqını danmaq – çaşqınlıq, həddini aşmaq – qarışıqlıq yaradır. Nəsrəddin Tusi "Əxlaqi Nasiri” əsərində yazır: "Nalayiq həyat keçirmə ki, sonu nalayiq ölüm olmasın”. Son zamanlar ədəbiyyatımızda seksual anlayışların ədəbi postmodernizm qəlibinə salınıb "şedevr” əsərlər kimi təqdim olunması adət halına keçmişdir. Qəzet, jurnal və kitabları əlimizlə örtüb, üzümüzə tutub qiraət etdiyimiz vaxtlar ötdü. Qərb dövlətləri, Amerika dirsək altında olan ekzotik meyvələrdən doyub, insan beynini işıqlandıran, yaramazlığı islah edən ülvi, irfani hisslərin şövqündə bulunarkən, biz "sarı” burulğanlarda boğuluruq. Bu, ləziz şərq yeməklərinin Qərb "sousu” ilə dadının qaçmasına bənzəyir. Bədii yaradıcılıq təkrarolunmazdır, necə ki Ç.Dikkensin yarımçıq qalmış son romanını indiyədək heç kəs tamamlaya bilmir.
Vərdiş olunan - adət-ənənəyə aid olandır.

Məşhur Avstriya filosofu Ziqmund Freyd "Mən və O” əsərində yazır: "Din, əxlaq, sosial hisslər ali insanın əsas mahiyyətidir”. Əlbəttə, bu tezisdə elmin, incəsənətin, ədəbiyyatın birbaşa adı çəkilməsə də, zənnimcə, başı daşdan-daşa, döşdən-döşə... dəyən "abırsız” Avropada Ziqmund Freyd buna ehtiyac duymurdu, bilirdi mədəniyyət bu üç qaynaqdan bəhrələnir. Burada "Mütləq” olandan, alın yazısı adlanandan söz açmaq yerinə düşür. Mütləq – Allah, Vətən, Ata, Anadır, onları dəyişmək, ləğv etmək mümkün deyil, sosiallığa məxsus seçim haqqın burada sıfıra bərabərdir. İnsan öz bioloji kodunu, cismini paltar kimi soyunub yenisini geyinə bilmədiyi kimi, onu əhatə edən, mühafizə edən, zahirən daim dəyişən mühiti də tam ləğv edə bilməz.
Mühit Mütləqin cəmləşən kodlarını özündə daşıyır.
Baş qanunlar tabeçilik sevir. "Təsir əks-təsirə bərabərdir” qanunu ləğv prosesi deyil.
Tabeçilik – itaətdir, bu halda isə inaətdir, cismin istəyini, tələbini düzgün nəzərə almaqdır. Həddi aşmaq – yerini qeyb etməksə, yerini çaşmaq "Mən”i (mənliyi) itirməkdir. Xəstə yaşantılar, sərsəm sayaqlamalar, mənəvi eybəcərliklər, şair Qabilin təbirincə, "yerləri səhv düşənlər”ə xasdır. Bu, şəxsiyyətin mənəvi iflasının əsəb telləri kimi bərpa olunmayan qatlarıdır. Özlərinin hördükləri torlarda çabalayan yazarların erotik aynadakı əyri görüntüləri, onlara hətta müşahidə demək olmaz, ədəbiyyatda zığ-zımrıqla ləbaləb dərin ləpirləri xatırladır.
 Ədəbi mühitdə salamat yer qalmayıb.
Dubay saqqızı kimi çeynədiyimiz, çeynədikcə şişib ağız boşluğunu tutduğu üçün tüpürə bilmədiyimiz  "ədəbiyyat mənəviyyat aynası olduğu üçün düzü düz, əyrini əyri göstərməlidir” ifadəsi köhnəlib.
Əyri güzgülərin xülyalar kimi qıvrılan reallığı insanın qanını dondurur. Bu reallığın iki qaranlığı var, birincisi, həyat millətə boz‑qara rənglərdə təqdim edilir, ikincisi, "özününküləşdirmə” əməliyyatı hər prosesdən uğurlu gedir, mənəvi çirkab tez yapışan zəhrimardır, haraya ayaq basırsan, yuyulmaqla getməyən, cismimizi, qanımızı, ruhumuzu bələyən çirkab adamı mağmunlaşdırır, kağız-kuğuzla çətin təmizlənə, mənbəyi əvvəldən tutulmalıdır. İnkvizisiya tərəfdarı deyiləm, amma neçə əsrlər əvvəl belə küfrnamələri yandırırdılar.
Mənim Z.Freydə müraciət etməyim təsadüfi deyil, "şüurlu” və "şüursuz”dan ibarət "mən”, yəni fərd həmişə obyektə, qarşı tərəfə münasibətdə müxtəlif mövqelərdən çıxış edir. Z.Freyd, bildiyimiz kimi, qeyri-şüuriyə aid olunan cinsi instinktləri aparıcı motiv hesab edirdi. Filosof S.Çimbinov haqlı olaraq qeyd edir ki, Freyd üçün  "O” güclə idarə olunan "Mən”in əxlaqdankənar, qeyri-şüuri meyllərinin anbarından ibarətdir.
Abstrakt təfəkkürdən söz açanda, ingilis riyaziyyatçısı və yazıçısı Lüis Kerollun uşaqlar üçün yazdığı, neçə illərdir müxtəlif fəlsəfi, psixoloji müzakirələrə, mübahisələrə səbəb olan, satirik parodiyalar həsr olunan "Alisa möcüzələr ölkəsində” nağılı yada düşür. Tamamilə postmodernizm üslubunda yazılan bu əsərdə dovşan yuvasına girib, nağıllar aləminə düşən kiçik qız adi həyatda rast gəlinməyən canlılarla, qəribə hadisələrlə rastlaşır. Alisa, iştirakçılar gah kiçilir, gah böyüyürlər. İnsanda vizual qavramanın belə pozulması, istiqamət hissinin itməsi kəskin nevroloji xəstəliyin əlamətidir.
Ədəbiyyatımız ”Alisa sindromu” adlı ruhi xəstəliyə düçar olub.
Böyük mübahisələr doğuran bu  nağıllara "erotik”, "zərərli” damğaları vuranlar da var. Bu, bir neçə səbəbdən irəli gəlir, müəllifin ikiləşmiş, ziddiyyətli şəxsiyyəti, kiçik qızlarla şübhəli "dostluğu” uzun illərdir müzakirə olunur. "Alisa möcüzələr ölkəsində” əsərinin Şlyapaçı, Mart Dovşanı kimi yadda qalan qəhrəmanları isə "dəli şlyapaçı kimi”, "dəli mart dovşanları kimi” məşhur ingilis ifadələrindən götürülmüşdür. Mart dovşanlarının dəliliyi hər bahar onların cütləşmə dövrü ilə bağlıdır, şlyapaçılar qədimdə şlyapa üçün fetr parça hazırlayanda civədən istifadə edirdilər, civə isə məlum olduğu kimi, psixi pozğunluqla nəticələnən xroniki zəhərlənmə yaradır. Buna baxmayaraq, yazıçının zəngin təxəyyülü, yüksək bədii təfəkkürü onun pedofil meyllərini pərdə arxasında qoymuşdur, hətta "əvvəl edam, sonra hökm”, "xardal tərəvəzdir, doğrudur, tərəvəzə bənzəmir, amma hər halda tərəvəzdir”, "nə demək istədiyini düşünənə kimi, reverans et. Bu, vaxta qənaət edəcək” kimi yüzlərlə, ilk baxışdan sərsəm ifadələrini paradoksal məntiqin parlaq nümunələri hesab edənlər var.
Cismani eyforiyanın "London” alatoranında neft çırağıyla romantika axtaran bizim dırnaqarası "freydçilər” üçün də mövzu birdir: fərdin seksual həyatı, erotik yaşantıları. Fərq bundadır, bunları dərindən analiz edən Freydin elmi-praktik nəticələri insan fiziologiyası və psixologiyasının az tədqiq edilmiş sahələrinin öyrənilməsi baxımından qiymətlidir, "ultra” ədəbiyyatda isə yazarın pərdə arxasından çıxarılıb ümumiləşdirilən bayağı intim həyatı orijinallıq, yenilik kimi təqdim olunur.
Erotikaya baxışda mövqe müxtəlifliyi Şərq və Qərb sivilizasiyalarının böyük ziddiyyətləri sırasındadır, Şərq Qərbin insani anlamda pozğun, heyvani anlamda azad həyatını qətiyyən qəbul etmir, erotikanı sağlam həyat tərzinin ayrılmaz hissəsi hesab edir, onu cismin sağlamlığına, mənəviyyatın saflığına, cəmiyyətin qanunlarına xələl gətirməyən, ailə tərbiyəsini pozmayan «sous» altında təqdim edir. Ruhla cismin harmoniyası – budur həqiqət, təbiilik!
Bu yerdə görkəmli alman filosofu Osvald Şpenqlerin "Mədəniyyət öləndə sivilizasiya doğulur” ifadəsini xatırlatmaq yerinə düşür. 1918-ci ildə O. Şpenqlerin Avropa mədəniyyəti tarixində böyük hadisəyə çevrilən, elmi aləmdə, oxucu kütləsi arasında geniş şöhrət qazanan "Avropanın qürubu” əsəri çapdan çıxdı. Bu əsəri elmi peyğəmbərlik də adlandırmaq olardı, çünki onun müddəaları zaman keçdikcə daha aktual olur. Əgər Hegel məntiqi bütün elmlərdən uca tuturdusa, O. Şpenqler birinciliyi mədəniyyətə verir. Mədəniyyətin tarixiliyini əsas götürən, onu geniş anlamda sivilizasiya ilə müqayisə edən, simvolik mənada qəlblərin reallaşdığı sistem, insanın özünü təcəssüm etdirdiyi yaradıcılıq fəaliyyəti adlandıran alim bu məşhur tərifi ilə yaradıcı insanların cəmiyyətdəki yerini, xalq, tarix qarşısındakı məsuliyyətini sərrast ifadə edir: "Mədəniyyət dini mahiyyət daşıyır, sivilizasiya dinsizdir. Mədəniyyət kultdan yaranır, nəsillərin kultu ilə bağlıdır, onu müqəddəs rəvayətlərsiz təsəvvür etmək mümkün deyildir. Sivilizasiya qüdrətə, yer üzünün qurulmasına yönələn iradədir. Mədəniyyət millidir. Sivilizasiya beynəlmiləldir. Mədəniyyət təbiidir. Sivilizasiya mexanikidir. Mədəniyyət bərabərsizlik və keyfiyyətlər üzərində qurulub. Sivilizasiya daim bərabərliyə köklənmişdir, kəmiyyətə əsaslanmağa çalışır. Mədəniyyət aristokratdır. Sivilizasiya demokratikdir”.
Dahi alimin bu fikirləri həm də mədəniyyətin ayrılmaz hissəsi olan ədəbiyyata aiddir, yaradıcılığı erotik əyləncələrin ruhsuz davamına çevirənlərə çox tutarlı cavabdır, axı sivilizasiyalar milli dəyərlər üzərində bərqərar olur. Beynəlmiləl olmaq üçün ən əvvəl milli olmaq gərəkdir.
 Cismani eyforiyanın gözünə irfani duyğular, ülvi hisslərin zirvəsi məhəbbət də qatıldıqda ilahi həyat simfoniyası yazılır.
Erotikanı seksual emosiyaları ifadəetmə məharəti adlandırırlar, lakin o, pornoqrafiya deyil, təbii ki, çılpaq naturalizmə də əsaslanmır. Qəlbin qanadları səmimiyyət, iffət, abır-həyadır. Bu harmoniyanı əsərlərə gətirmək, müəyyən "açıq” səhnələrdən psixoloji vasitə kimi istifadə etmək qəbahət sayılmır, lakin bəsit çaşqınlıqla yorğun, susqun oxucunu özünü tanıtmağa şirnikləndirmək istəyi qanadsız quşların uçmaq cəhdindən irəli getmir. Bu yazarlar gecikiblər,  onların sayaqlamalarını hələ on dördüncü əsrdə italyan yazıçısı Covanni Bokkaçço yüz novelladan ibarət "Dekameron” əsərində yüksək bədii ustalıqla qələmə almışdır.
Belə melanxolik açıqlamalar Z.Freydin də yaxşı tədqiqat obyekti ola bilərdi, çünki alim cılız şəxsiyyətin obyektə (mühitə) təsirini məhz seksual məkanda tədqiq etmişdir. Əgər belə yazarları dəstəkləyən oxucular da tapılırsa, Z.Freydin bu elmi nəticəsi özünü tamamilə doğruldur: "Bax, sən məni də sevə bilərsən – sən obyektə necə oxşayırsan”.
Müasir dünyamızda qlobal müharibələr mənəviyyat, fərqli əxlaqi dəyərlər müstəvisində baş verir. Düşmənlə mövqenin üst-üstə düşməsi məntiqi mənada onunla əlbirlikdir.
Bizim yazarlar özlərinə oxşayanlar üçün yazırlarsa, burada xalqın adı niyə hallanır? Bu bayraqla ədəbi aləmə hücum, onu fəth etmək yürüşü münaqişə, ədavət, parçalanma... mənəvi dəyərlərin məhv olması ilə nəticələnir. Vicdan azadlığı formulunda hər şey sadədir, yazır, yazsın də, lakin fərqlənmək ehtirası o qədər güclü olur, "mən” qarşısındakı obyekti həzmi-rabedən keçirərək ilkin mənbəyə – özünə qayıdır.
Bu zaman özünəqayıdış – özü ilə konfliktə çevrilir.  
Yazar udduqlarını qaytarmağa (qusmağa) başlayır... və bu, ədəbi məhsul kimi yenidən oxucuya təqdim olunur. Ədəbi prosesdəki bu ardıcıllıq çox qorxuludur, pataloji ədəbiyyatın qəhrəmanı zəif, xəstə əhval-ruhiyyəli insandır, xalqla olmadığı üçün utanan halı yoxdur, çözələdiyi yataq hadisələrinin başqaları üçün çox maraqlı olduğunu zənn edir. Pataloji ədəbiyyatın əsas qolu – "yataq ədəbiyyatı” belə yaranır. Qadağanın cəlbedici tərəfini yadımıza salsaq, bu, instinktin təzahürüdür, o zaman cəmiyyətin mənəvi "kommunikasiya” xətlərinə axıdılan çirkabın tez zamanda mənbəyə, baş-beyinə çatması şəksizdir. Filosof A.Q.Spirkin demişdir: "İnsanın mənəvi həyatının əsas görüntüləri cəmiyyət və özü qarşısında məsuliyyət hissindən ibarətdir”.
Həqiqətən, ədəbiyyatı yazarın öz-özü ilə mükaliməsi hesab etmədiyimiz kimi, öz evinin zibilini süpürüb qapı ağzına tökmək də azadlıq deyil, mənəvi aləmi zibilləməkdir.
Zaman hakimlik edəndə eyni substansiyadan olduqları üçün "zibilçi” ilə zibilliyi bir-birlərindən ayırmayacaq.
Hər dövrdə ədəbiyyatda saf, pak nəfəsə ehtiyac duyulur, təzələnmə, saflaşma, irəliyə addım yeninin yaranışıdır, müasir dövr üçün səciyyəvi olan bu prosesi münbit torpağa yönəltmək lazımdır ki, fidanlar bitsin. Gənclərdə köhnəni təftiş etmək, ləğv etmək, yeniləndirmək, yenini yaratmaq eşqi, yaşlı nəsildə mühafizəkarlıq, mövcud olanı qorumaq hissi güclüdür. Filosof S.İ. Levikova "Gənclərin submədəniyyəti” əsərində yeni nəslin submədəniyyət yaratmaq cəhdini "mədəniyyət içində mədəniyyət” kimi qiymətləndirir.
Bədii əsərdə nisbətən mübhəm hisslər, səhnələr mənəvi-əxlaqi dəyərlərin inkarına deyil, süjetin açılmasına, tərbiyə prinsiplərinin möhkəmlənməsinə yönəldilməlidir. Utanmazlıq, cılız cəsarət illərdən bəri qədim Şərqdə cisim və duyğuların harmoniyası, məhəbbət elminin cismani zövqü olan erotika deyildir. Bəs bu nədir? Ağ paltarda qara yamaq, yaxud əksinə? Sosioloqların fikrincə, ideologiyaya skeptik münasibət bəsləyən, neytral fikirli müasir gənclər həmişə fərqli yollarla getməyə, seçilməyə çalışırlar. Bu, zamanın tələbidir, damarlarda qaynayan qanın çağırışıdır, həm də orijinallıq xətrinə edilir. Dərin təəssüflər içimizi sarmışdır. Yol həmin yoldur, yolçu, səviyyə yox! Biz hazır reseptlər, ucuzluq sevənik, hazırın naziri olmağa bir canıq. Deməli, ədəbiyyatda ədəbsiz ədəbi yeniliklər iflasa uğrayır. Millətin "qlobal” erotik tərbiyəsi baş tutmur. Cəmiyyət azadlığı "nə istəsək, deyərik”, "nə istəsəm, eləyərəm” kimi anlayanları başlı-başına qoymur, tünd sirkə öz qabını – başını çatladır. Atəşkəs olduğu üçün  acizliyin bəhanəsi var.
Nə edək, bəlkə qayıdaq ilkimizə, kökümüzə, sevgidən yazaq? Görkəmli qazax şairi Oljas Süleymenovun qəlbinin səsinə qulaq asaq?
                  –Mən səni...
Mən səni salamlayıram,
Şeir tək doğulan düşmənçiliyim,
Daha çox gərəkdir həmişəkindən
Sevgi şeirləri bəlkə də indi.
Oljas Süleymenovdan sonra nə haqqımız var ilahi sevgidən, Allah, Vətən, ata-ana, övlad, dost ülfətindən, məhəbbətindən yazmayaq?
Demokratiyadır, hamıya yazmaq ixtiyarı verilib,  millət qələmilə sağa-sola külüng çalır, cavanlar internet klublarında virtual eşqin ocağında "tüstülənirlər”,
ahıllarımız dənizkənarı parkda "şeş-qoşa” oynayaraq qırmızı sovet biletlərinin... sonyaların, siranuşların xiffətini çəkirlər, qocalar təqaüdə çıxıb, Allah məni bağışlasın, "yazıçı” kimi ölmək istəyirlər.
Hədəfə dəyməyən oxlar qayıdıb mənbəni sərsəm sayaqlamalara mıxlayır.
Cismani eyforiyanın ədəbi yaşantıları – YAZMAQ  İXTİYARI, ədəbsiz yaşantıları – ŞÖHRƏT  İXTİLAFIdır.
Cılızlığın  KLASSİK   İ N T İ H A R I   belə baş verir.

MAHİRƏ  ABDULLA 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7078
GBP 1 İngilis funt sterlinqi 2.1893
TRY 1 Türk lirəsi 0.4808
KWD 1 Küveyt dinarı 5.6309
SEK 1 İsveç kronu 0.2106
EUR 1 Avro 1.9972
CHF 1 İsveçrə frankı 1.7483
USD 1 ABŞ dolları 1.7008