Cinayətə şahidlik edən uşaqlar
Bu günlərdə Gədəbəydə törədilən dəhşətli qətlin
təfərrüatları məlum olub. Hadisə rayonun Zəhmət kəndində törədilib. Kənd sakini
34 yaşlı Zamur Allahverdiyev həyat yoldaşı, 39 yaşlı Dürdanə Əsgərovanı döyərək
qətlə yetirib. Yaxınlarının sözlərinə görə, Zamur Allahverdiyev içki düşkünü
olub. O, mütəmadi olaraq həyat yoldaşını və anasını döyürmüş. Bu xasiyyətinə
görə qonşular Zamurla ünsiyyəti kəsiblər. Cinayət azyaşlıların, ailənin
övladlarının gözü qarşısında baş verib.
Bu, hər gün baş verən onlarla cinayət hadisəsindən
sadəcə, bir nümunədir. Təəssüf ki, son zamanlar baş verən cinayət hadisələrinin
əksəriyyəti azyaşlı uşaqların gözü qarşısında baş verir. Xüsusən də ailə-məişət
müstəvisində törədilən cinayətlər. Bu cinayətlərin uşaqların psixologiyasına vurduğu ağır zərbəni heç kim
inkar etmir. Həmin uşaqlar uzun müddət ağır psixi sarsıntılardan əziyyət çəkirlər. Bəs görəsən
bu kimi neqativ hallarda uşaqların sonrakı taleyi necə həll edilməlidir?
Uşaqların belə məqamlardan sonra normal həyata inteqrasiya etməsi üçün hansı
tədbirlər görülməlidir? Ümumiyyətlə,
Azərbaycanda bu sahədə vəziyyət necədir? Mövzu ilə bağlı ekspertlərin
rəyini öyrəndik.
Bu
uşaqlar yaşadıqları dəhşət ilə böyüməli olurlar
Sosioloq Lalə
Mehralı deyir
ki, belə uşaqların cəmiyyətə inteqrasiya edilməsi üçün ödənişsiz psixoloq
dəstəyi göstərilməlidir: "Əksər hallarda ata öz övladının gözü önündən onun
anasını, yəni öz həyat yoldaşını qətlə yetirir, özü də xüsusi amansızlıqla.
Təəssüf ki, qətli törədən öz azyaşlı övladını düşünmür. Onu anasız
qoymaqla ata öz övladına ən böyük
pisliyi edir. Bu azmış kimi üstəlik, cinayəti körpənin gözü önündə törədir.
Körpə beyni müdafiəsizdir, ora nə yazsan, nəyi həkk eləsən, o da
psixologiyasına, davranışına öz təsirini göstərəcək. Yaddaşından zamanla itsə
belə şüuraltında gizlənəcək və gələcəkdə ona problem yaşadacaq. Həmin uşaq ya
psixoloji gərginlik keçirəcək, ya da bu aqressiv hərəkəti başqasının üzərində
tətbiq edəcək. Bütün bunlar onun sonrakı tərbiyəsindən irəli gələcək. Bu cür
vəhşiliyə şahid olmuş uşaqlar üçün ölkəmizdə xüsusi iş aparılmır. Amma Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müraciət edilsə, əminəm ki, belə
uşaqların psixoloji və sosial həyatında yaşadığı problemlərin həll üçün peşəkar
yardım göstərərlər. Maddi imkanı olan ailələr özləri uşağa psixoloq dəstəyi
üçün peşəkara müraciət edirlər. Amma bunu hər ailə edə bilmir. Bəzən ailə bunu ötəri sarsıntı hesab edib, uşağın
zamanla yadından çıxaracağı fikrinə inanırlar.
Digər bir səbəb isə psixoloqların fantastik qiymətə xidmət
göstərməsidir. Tutaq ki, həftədə iki dəfə psixoloji yardım almalı olan uşaq
üçün bu yardımın bir seansı 100-150 manat müqabilində mümkündür. Bu ayda 8
seans və ən azı 800-1000 manat deməkdir. Aydın məsələdir ki, buna hər ailənin
gücü yetmir və bu uşaqlar yaşadıqları dəhşət ilə böyüməli olurlar. Getdikcə
cəmiyyətdən uzaqlaşır, özlərinə qapanır, psixoloji çökmə yaşayırlar. Onları
cəmiyyətə inteqrasiya etdirmək üçün ödənişsiz dəstək verən psixoloq, sosial
işçilər lazımdır”.
Məqsədli
sosial-psixoloji iş aparılmalıdır
Sosial-psixoloq
Nail Cəlil bildirdi
ki, istənilən cinayətin ağırlığı onun hansı dərəcədə ictimai təhlükəli olması
ilə ölçülür. Bu mənada, cinayətin uşaqların gözü qarşısında baş verməsi
cəmiyyət, onun gələcəyi üçün mənfi mesajdır və mövcud ictimai təhlükəliliyi bir
qədər də artırır: "Belə vəziyyətlər uşaqlarda müxtəlif mənəvi-psixoloji
fəsadlara, travmalara, fobiyalara, psixopatiyaya, sosiopatiyaya səbəb ola
bilər. Yəni, cinayəti, qətl hadisəsini, oğurluğu, bilərəkdən vurulan zərəri
gözü ilə görən uşaq çox vaxt bunu şüuraltı olaraq, norma kimi qəbul edir.
Sonradan belə uşaqlar adi mübahisə zəminində, şübhə, qısqanclıq üzündən yaranan
ailədaxili münaqişələr zamanı, çətin vəziyyətlərdə özlərini "müdafiə” etmək
üçün çıxış yolunu orta və ağır dərəcəli cinayətlər törətməkdə görürlər. Yəni,
hər bir sosial hadisə, proses kimi, cinayətlərin də aşkar törədildikdə
kütləviləşmə, sirayət, təkrarlanaraq, daha da artma, genişlənmə ehtimalı
yetərincə böyükdür. Odur ki, burada həm hüquqi-psixoloji əks-təsir mexanizmi,
həm sosial-psixoloji adaptasiya və reabilitasiya imkanları əvvəlcədən nəzərə
alınmalı, effektli, səmərəli şəkildə işlənilib hazırlanmalıdır. Uşaqları belə
vəziyyətdən çıxarmaq, bu kimi postravmatik hallar doğuran hadisələrin mənfi
yükünü, neqativ ovqatını maksimum azaltmaq üçün onlarla sistemli, məqsədli
sosial-psixoloji iş aparılmalıdır”.
Müsahibim deyir ki, burada təkcə psixoloji və ya fərdi-psixoloji metodların
tətbiqi kifayət deyil: "Bunun üçün sosial-inteqrativ metodlara, prosedurlara
daha çox ehtiyac var. Çünki belə uşaqların psixikasının sağlamlaşdırılması,
onların cəmiyyətə düzgün inteqrasiyasının, adaptasiyanın təmin edilməsi
ərafdakı insanlardan, həmin insanların onlara münasibətindən, bu uşaqlarla necə
davranılmasından-başqa sözlə, sosial mühitdən əhəmiyyətli dərəcədə asılıdır”.
N.Cəlil ölkəmizdə bu sahədə olan vəziyyətlə bağlı
da məlumat verdi: "Azərbaycanda bu məsələ son zamanlar həm psixoloqların, həm
sosioloqların, eləcə də sosial işçilərin və digər sosial mütəxəssislərin diqqət
mərkəzindədir. Bir sıra QHT-lər də bu kimi problemlərin həllində müvafiq dövlət
qurumları ilə birlikdə geniş təşəbbüslər qaldırır, fəal iştirak edirlər. Bu
mənada, vəziyyət düşündüyümüz qədər də pis deyil və nikbin olmaq üçün yetərincə
mühüm əsaslar, faktlar var. Bununla yanaşı, sosial maarifləndirmə tədbirlərinin
daha da dərinləşdirilməsinə, təkmilləşdirilməsinə, problemli ailələrdə
uşaqların dövlət nəzarətinə alınmasına, onların sosial-mədəni hüquqlarının,
psixi sağlamlığının müdafiəsi ilə bağlı tədbirlərin daha da genişləndirilməsinə
ehtiyac duyulur. Ümumiyyətlə, hər bir uşaq valideynlərinin övladı olmaqla
yanaşı, həm də dövlətin bərabər hüquqlu vətəndaşıdır. Bu səbəbdən uşaqların
sosial-hüquqi müdafiəsi sahəsində normativ-hüquqi aktlar və onların praktikada
tətbiqi genişlənməli, məcburi və kütləvi xarakter daşımalıdır”.
Uşaq özü də
sonradan cinayətə meylli biri olaraq böyüyür
Psixoloq
Aydan Talıbova bizimlə
söhbətində qeyd etdi ki, son dövrlərdə ailədaxili şiddət daha da artıb. Psixoloq deyir ki, bu
da ailədə emosional ünsiyyətin düzgün qurulmamasından irəli gələn bir faktdır:
"Valideyn olmaq əslində asandır, əsas olan valideynlik statusuna layiq ola
bilməkdir. Əgər uşaq ailədə şiddət görürsə, məsələn ata ananı döyürsə, ana atanın üstünə qışqırırsa, yaxud uşaq
ananın üzündə qan, yara izləri görürsə, bu, uşaqlarda şiddətə meyllilik, bəzən isə özünəqapanma yaradır. Bu mutizm adlanır və
mutist uşaqlar adətən özünə qapanaraq yalnız bir nəfərlə ünsiyyət qurular.
Ailədaxili cinayətə şahidlik edən uşaqlara vaxtında peşəkar yardım
göstərilməzsə, getdikcə uşaqda psxiatrik problem yarana bilir”.
Psixoloq deyir ki, bunun üçün gənclər ailə
qurmazdan öncə hər birinin psixoloji durumu yoxlanılmalıdır: "Bu, mütləq
şəkildə vacibdir. Ailə qurarkən qarşı tərəfin maddi imkanından çox, bu məsələyə
önəm verilməlidir. Əks halda nə qədər imkanlı biri olsa belə, istənilən vaxt o,
cinayət törədə bilər. Əsəbləri yerində olmayan hər kəs cinayəti istənilən
adamın qarşısında edə bilər. Bu, uşaqların gələcəyi üçün çox böyük təhlükədir.
Çünki uşaq özü də sonradan cinayətə meylli biri olaraq böyüyür. Belə uşaqlarda
ciddi fobiyalar və inamsızlıq hissi yaranır. Xüsusən yeniyetməlik dövründə olan
uşaqlar üçün bu, daha təhlükəlidir. Belə uşaqların yenidən cəmiyyətə
inteqrasiya etməsi üçün ilk olaraq onları psixo-analizdən keçirmək lazımdır.
Həmin uşağın şüuraltısı təyin edilməlidir. Çünki başa verən hadisənin onun
şüuraltında hansı fəsadları törətdiyini yalnız bu halda təyin etmək olar. Daha
sonra isə həmin fəsadları analiz edərək, onun üzərində çalışmaq lazımdır. Lakin
bu zaman ailənin dəstəyi də çox vacibdir. Ailə dəstəyi və peşəkar yardım
vasitəsi ilə bərabər şəkildə problem aradan qaldırılmalıdır”.
Şəbnəm
Mehdizadə