• cümə, 19 Aprel, 20:00
  • Baku Bakı 24°C

Cəzasızlıqdan doğan həyasızlıq

04.02.17 11:00 2529
Cəzasızlıqdan doğan həyasızlıq
Azərbaycan Dağlıq Qarabağ problemini, ərazi bütövlüyünü müharibə yolu ilə həll etməyə qadir olsa da, beynəlxalq təşkilatların çağırışlarına, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara hörmətlə yanaşır. Rəsmi Bakı son dərəcə səbr və təmkin nümayiş etdirərək sülh danışıqlarının nəticə verəcəyinə ümid bəsləyir. Ancaq Ermənistan tərəfi ən müxtəlif təxribatlarla sülh danışıqlarını pozmağa, status-kvonun dəyişməz olaraq qalmasına cəhd edir.

Buna misal kimi, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülməsini, Azərbaycan vətəndaşı Həsən Həsənovun isə güllələnərək öldürülməsini göstərmək olar. H.Həsənovun meyiti sonradan düşməndən geri alınaraq Bakıda dəfn edilsə də, işğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

2016-cı il dekabrın 29-da düşmənin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb, döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur olub. Bu təxribatın qarşısını alarkən şəhid olmuş Çingiz Qurbanovun nəşi də Ermənistan hərbçiləri tərəfindən indiyə qədər geri qaytarılmayıb.

2017-ci il fevralın 1-də Ermənistan silahlı birləşmələri daha bir təxribata əl ataraq mülki vətəndaşımız Elnur Hüseynzadəni oğurlayıblar. Sonradan məlumat yayaraq, guya onun hərbçi olduğunu, kəşfiyyat məqsədilə erməni tərəfinə keçərkən yaxalandığını bildiriblər. Azərbaycan Müdafiə Nazirliyi bu hadisə ilə bağlı bir neçə dəfə məlumat yayaraq məsələnin əsl mahiyyətini ictimaiyyətə çatdırıb. Göründüyü kimi, Ermənistan tərəfi beynəlxalq hüququn əleyhinə olaraq işğalçılıq siyasətini yenə də davam etdirir, bu məqsədlə ardıcıl təxribatlara əl atır. Bəs belə olan halda, Azərbaycan nə etməlidir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev "Kaspi”yə açıqlamasında bildirib ki, baş verən hadisələrə görə Ermənistandan daha çox, beynəlxalq təşkilatlar qınanmalıdır. O, qeyd edib ki, Azərbaycan tərəfi bu qədər özbaşına, qanunları çeynəyən bir dövlətin dərsini vermək iqtidarındadır. Deputatın fikrincə, Azərbaycan həm işğal altındakı ərazilərini hərbi yolla qısa zamanda azad etməyə, həm də girov götürülmüş, oğurlanmış vətəndaşlarını xilas etməyə, geri almağa qadirdir: "Bunu ötən ilin aprel ayında cəmi bir neçə gün davam edən döyüş bir daha sübut etdi. Dünənə qədər keçilməz müdafiə sistemi kimi təqdim edilən düşmən mövqeləri darmadağın edildi, Ermənistan ordusu haqqında Sarkisyan rejiminin yaratdığı mif puç oldu. Həmin vaxt cəmi bir həftəyə Azərbaycan bütün işğal altında olan ərazilərini azad edə bilərdi. Lakin beynəlxalq aləm, böyük güclər və ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dərhal buna reaksiya verdilər, Azərbaycanı əmin etdilər ki, atəşkəs bərpa olunarsa, sülh danışıqları yolu ilə tezliklə problem həllini tapacaq. Amma təəssüflər olsun ki, böyük dövlətlər sonradan heç bir tədbir görmədilər”.

MDHP sədri bildirib ki, Azərbaycan öz torpaqlarını qorumaq, vətəndaşlarını xilas etmək üçün təşəbbüslərə əl atan kimi, müxtəlif yollarla bunun qarşısı alınır. Belə olan halda isə, Ermənistan yaranmış situasiyadan maksimum səviyyədə istifadə edir: "Beynəlxalq hüququn əleyhinə olaraq Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edir, Azərbaycanın 20 faiz ərazisini zəbt edir, işğal altındakı toorpaqlarda nüvə tullantıları basdırır, Dağlıq Qarabağ və digər ərazilərimizdə narkotik maddələrin qanunsuz dövriyyələrini, tranzitini təşkil edir, başqa ölkələrdən gələn terrorçuları və onların ailə üzvlərini bu ərazilərdə yerləşdirir. Bu azmış kimi, şəhidimizin nəşini, girov götürdüyü vətəndaşlarımızı da qaytarmır. Bütün bunlar cəzasızlıq mühitindən doğan hallardır. Ermənistandakı hərbi xunta bu yolla, yəni Azərbaycana qarşı təxribatlar törətməklə həm də daxili auditoriyanı sakitləşdirir, öz vətəndaşlarını aldatmaqda davam edir, siyasi hakimiyyətini qoruyub saxlayır. Hesab edirəm ki, Azərbaycan vaxt limiti qoymaqla Ermənistandan işğalçılıq siyasətindən əl çəkməyi, eyni zamanda beynəlxalq aləmdən bununla bağlı əməli tədbirlər görməyi tələb etməlidir. Bu vaxt limiti başa çatan kimi, heç nəyə fikir vermədən müharibəyə başlamalı, Ermənistan silahlı birləşmələrini işğal altındakı torpaqlarımızdan vurub çıxarmalıyıq. Ermənistanı yerində oturtmaq üçün bundan başqa yol qalmayıb”.
Sabiq təhlükəsizlik zabiti, hərbi-siyasi ekspert Arzu Nağıyev də hesab edir ki, Ermənistan tərəfi bu addımlarla işğalçılıq siyasətini davam etdirir, siyasi oyunlarını oynayır, Dağlıq Qarabağ probleminin həlli üçün aparılan danışıqları uzatmaqla status-kvonu qoruyub saxlayır, ən nəhayət, Sarkisyan öz hakimiyyətinin ömrünü uzadır: "Bu yaxınlarda Ermənistanda parlament seçkiləri keçiriləcək. Belə bir vaxtda çoxsaylı elektorat yığmaq üçün ən ideal vasitə Dağlıq Qarabağ problemi ilə əlaqəli hadisələrdir. Ona görə də bu kartdan Sarkisyan rejimi lazımınca istifadə edir. Şəhid olan əsgərimizin nəşini geri qaytarmamaqda məqsədləri budur ki, sərhəddəki təxribatın Azərbaycan tərəfindən törədildiyi etiraf edilsin. Guya Azərbaycan tərəfi Ermənistanla sərhəddə təxribat törədib. Ermənistan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının üzvü olduğundan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həmin təşkilatı da Azərbaycana qarşı qoymaq istəyir. Digər 3 nəfər girova gəlincə, Ermənistan hansı əsasla mülki vətəndaşı əsir götürə bilər? Axı bunlar hərbçi deyillər. Əgər həmin mülki vətəndaşlar hər hansı cinayət əməlinə yol veriblərsə, onlar barəsində beynəlxalq hüququn tələblərinə uyğun şəkildə tədbir görülməlidir. Ümumiləşdirsək, bir daha qeyd etməliyik ki, Ermənistan ən müxtəlif təxribatlar törətməklə, siyasi oyunlarla məşğuldur. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, beynəlxalq təşkilatlar bütün bunları nəzərə alaraq Ermənistana təzyiqləri artırmalıdırlar”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər