• cümə, 29 Mart, 10:24
  • Baku Bakı 5°C

“Cəzalansaq da, yenə dərsdən qaçırdıq” - Məktəb illəri

06.11.17 09:30 2281
“Cəzalansaq da, yenə dərsdən qaçırdıq” - Məktəb illəri
Məktəb illəri hər birimizin həyatında ən gözəl, qayğısız, problemlərdən uzaq bir dövrdür. Hansı ki, həmin dövrdə yeganə narahatlığımız yaxşı qiymət almaq olur. Həyatın çətinliklərindən xəbərsiz olaraq, hər gün dərsimizi oxuyub, bəzən də oxumayıb məktəbə gedirik. Həmin illərdən bizə yadigar qalanlar xatirələrimizdir. Hansı ki, indi də onları yada salanda gülüb, "eh necə də şirin illərmiş” deyirik. Bu dəfə "Məktəb illəri” rubrikasında "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının xatirələrini öyrəndik.
A.Aşırlının təhsil illəri sovet dövrünə təsadüf edir. Deyir ki, jurnalistikaya gəlməsində müəllimlərinin böyük rolu olub: "Qazax rayonun Daşsalahlı kəndinin 1 saylı orta məktəbini bitirmişəm. Çox təcrübəli, bilikli müəllimlərdən dərs almışam. Bizim məktəbdə təhsil ənənələri çox güclü olub. Mənim bu gün jurnalist olmağımın səbəbkarları da müəllimlərimdir. Xüsusilə də, Azərbaycan dili və ədəbiyyat müəllimimiz Cahangir Yusifovun rolu danılmazdır. Sinif yoldaşlarımızla da mütəmadi olaraq görüşlərimiz olur. Həmin görüşlərə həyatda olan müəllimlərimizi də dəvət edirik. Hazırda Texniki Universitetin prorektoru olan çox hörmətli İlham Pirməmmədovla eyni məktəbi bitirmişik. O, belə bir ənənə formalaşdırıb ki, eyni məktəbi bitirənlər yubiley illərində bir yerə yığışır, pul toplayıb hədiyyə alırıq. Bu hədiyyə isə məktəbdə ehtiyac duyulan hansısa bir avadanlıq olur”.
Baş redaktor məktəb illərinin çox maraqlı və əyləncəli keçdiyini vurğulayır: "Uşaqlarla sözü bir yerə qoyub sonuncu dərsdən qaçırdıq, sabah isə bu hərəkətimizin cəzasını alırdıq. Cəzalansaq da, yenə dərsdən qaçırdıq. Bizim sinif otağımız həm də riyaziyyat kabineti idi. Bir gün dərsə gələndə gördük ki, stolun üstündə bir alma var. Sən demə bu süni alma imiş, hansısa məsələnin həllində istifadə olunmaq üçün ora qoyulub. Biz də bunu bilmədən almanı yemək üstündə uşaqlarla mübahisə etməyə başladıq. İçimizdən bir qoçaq çıxıb hamımızdan qabaq almanı götürüb dişləmək istəyəndə, onun süni olduğunu anladıq.
Başqa bir xatirə isə qızlarla birlikdə yığışıb bulaq başına getməyimizdir. Oralarda gəzirdik, bənövşə, nərgiz güllərini toplayırdıq. Oğlanlar yığdığı gülləri qızlara verirdi. O dövr çox maraqlı keçib, təəssüf ki, indiki məktəblilər bu kimi ənənələrə sahib deyil”.
Günel Azadə
banner

Oxşar Xəbərlər