• çərşənbə, 24 Aprel, 23:04
  • Baku Bakı 23°C

Ceyms Uorlik köhnə ampluasında - Eksklüziv

29.05.14 17:39 1095
Ceyms Uorlik köhnə ampluasında - Eksklüziv
«Biz tərəflərin sülh razılaşmasına nail olmaları üçün ərazi toxunulmazlığı prinsipinə, habelə hərbi güclə hədələməmə və xalqların öz müqəddəratını təyin etmə prinsipinə hörmətlə yaşamağa çağırırıq».
ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Kaspi” qəzetinin «ABŞ postsovet məkanındakı münaqişələrin həllində ölkələrin ərazi bütövlüyü prinsipinin əsas şərt olduğunu bəyan edir. Amma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə «xalqların öz müqəddəratını təyin etmə» prinsipini gündəmə gətirir. Rəsmi Vaşinqtonun mövqeyindəki bu ziddiyyət nə ilə əlaqədardır?» sualını cavablandırarkən belə deyib.
Göründüyü kimi amerikalı həmsədr əvvəl səsləndirdiyi fikirlərini bir daha təkrar edərək, həm ərazi toxunulmazlığı, hərbi gücdən istifadə etməmə, həmçinin xalqların öz müqəddəratını təyin etmə prinsiplərini xatırladıb. Əlavə olaraq qeyd edib ki, «bu üç prinsipdən kənarda münaqişəni həll etmək mümkün deyil».
Qeyd edək ki, rəsmi Bakı dəfələrlə Minsk Qrupunu ortaya konkret mövqe qoymamaqda və fəaliyyətsizlikdə ittiham edib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son müsahibəsində amerikalı həmsədrin açıqlamalarına münasibət bildirib: «Nə cənab C.Uorlik, nə də səfir R.Morninqstar Azərbaycanın 1992-ci ildə BMT və ATƏT tərəfindən təsdiq edilmiş ərazi bütövlüyündən birbaşa danışmır, yalnız işğal olunmuş 7 rayonun geri qaytarılmasından bəhs edirlər. Dağlıq Qarabağın gələcək statusunun beynəlxalq hüquqa uyğun deyil, yalnız danışıqlar vasitəsilə müəyyənləşdirilməsi təlqin olunur. Sual doğur, niyə? Məgər ABŞ Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmirmi? Bəs onda 20 ildir bu ölkənin ən yüksək səviyyəli rəsmilərinin “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir” tipli bəyanatlarını necə anlamaq olar? Bu ziddiyyətin səbəbi nədir? Necə olur ki, digər hallarda beynəlxalq birlik təcavüz və işğal faktlarını pisləyir, tələb irəli sürür, iqtisadi sanksiyalar tətbiq edir, lazım gələndə güc faktorunu işə salır, amma Dağlıq Qarabağ və Ermənistan məsələsində deyirlər ki, tərəflər razılığa gəlsinlər, beynəlxalq birlik isə bunu dəstəkləyəcəkdir. İşğalçı ilə işğalın qurbanı beynəlxalq hüquq əsasında hansı razılığa və necə gələ bilərlər?! Yaxşı olardı ki, həm cənab Uorlik, həm də səfir Morninqstar başqa məsələlərdən də danışardılar».
Rufik
banner

Oxşar Xəbərlər