Ceyhun Bayramov Ankarada Türkiyə ilə birlikdən danışdı
Ceyhun Bayramovun xarici işlər naziri vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə reallaşdırması
gözlənilən idi. Bu strateji müttəfiqliyin ruhuna uyğundur. Məsələn, Rusiya
xarici işlər naziri Sergey Lavrov da Ceyhun Bayramovu Moskvaya dəvət edib.
Ancaq bu səfər Türkiyədən sonra mümkün ola bilər. Bunun özü də Moskvaya
mesajdır ki, Azərbaycan üçün Türkiyə Rusiyadan əvvəl gəlir və Kreml bu amillə
hesablaşmalıdır.
Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlüd
Çavuşoğlu ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə rəsmisi
həmişə olduğu kimi ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bu sözlərlə
tənqid edib: "Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini
tapmır. ATƏT-in Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə
səy göstərmirlər”.
Mövlüd Çavuşoğlunun sonrakı açıqlaması da
maraqlıdır: "Bu ilin 12 iyul tarixində
Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti
olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün
gücümüzlə Azərbaycanın yanındayıq”.
Mövlüd Çavuşoğlu bu sözlərlə demək istəyib ki, Azərbaycan
torpaqlarını işğaldan azad etmək üçün hansı qərarı verərsə Türkiyə Azərbaycanın
yanında olacaq. Ceyhun Bayramovun Mövlüd Çavuşoğlu ilə görüşdə "bizim
birliyimiz əbədidir” ifadəsini səsləndirməsi, o cümlədən Azərbaycanın hər zaman
bütün məsələlərdə Türkiyənin haqq işini dəstəklədiyini vurğulaması da önəmlidir.
Müttəfiqlik qarşlılıq dəstəyi diqtə edir. Ceyhun Baryamovun açıqlaması o deməkdir
ki, rəsmi Bakı Türkiyənin Cənubi Qafqazla yanaşı digər bölgələrdəki siyasətini
də dəstəkləyir.
Rəsmi Bakı sərhəddəki son insidentdən sonra Minsk
Qrupunun toplanması vacibliyini bildirib. Bu o deməkdir ki, Bakı da Ankara kimi
həmsədrlərin fəaliyyətindən narazıdır və hazırki formatın dəyişdirilməsini istəyir.
Sadəcə, Minsk Qrupunun 11 üzvünün toplanması və format ətrafında müzakirələrin
başlaması üçün Bakının Ankaranın diplomatik dəstəyinə ehtiyacı var. Böyük
ehtimalla xarici işlər nazirləri təkbətək görüşdə bu məsələni hərtərəfli
müzakirə ediblər. İnanmaq istərdik ki, nazirlər görüşdə iki ölkənin daha sıx əsasda
siyasi və hərbi inteqrasiya məsələlərini də müzakirə ediblər. Bunun üçün əsaslı
zəmin var. Birincisi, Türkiyə bir çox bölgədə olduğu kimi Cənubi Qafqazda da
var olduğunu hərbi təlimlər vasitəsilə ortaya qoyub. İkincisi, Azərbaycanın
iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri Türkiyəyə uzanıb. Demək
bu layihələrin təhlükəsizliyi də Türkiyə üçün vacibdir.
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzi