• cümə axşamı, 25 aprel, 14:08
  • Baku Bakı 23°C

“Cəsarət ağıldan da, ideyadan da önəmlidir” – Startap

13.06.16 10:33 2609
“Cəsarət ağıldan da, ideyadan da önəmlidir” – Startap
Onun üçün əsas amil cəsarətdir. Cəsarətin bəzən ağıldan da üstün olduğunu düşünür. Çünki hər zaman həyatda uğur qazanan cəsarətli insanlar olur. Onlar heç kimin inanmadığı ideyaya inanır və onu inkişaf etdirir.
Müsahibimiz vizam.az startapının təsisçisi Baba Ağayevdir.

İşimizi rahatlaşdıran qurum
Vizam.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Startap haqqında məlumat verən həmsöhbətimiz deyir ki, viza üçün müraciətin hazırlanması diqqətli yanaşma tələb edən çətin prosesdir: "Mən tez-tez xarici ölkələrə səyahət edirəm. Daha uzaq ölkələrə səyahət edən zaman həmişə Azərbaycanda müəyyən ölkələrin səfirlikləri olmadığı üçün problemlər yaranırdı. Fikirləşirdim ki, təkcə mən yox, mənim kimi başqa həmyerlilərim də yəqin müxtəlif ölkələrə getmək üçün viza almaqda çətinlik çəkirlər. Bir sıra ölkələr var ki, viza almaq üçün həmin ölkələrin Türkiyədə yerləşən səfirliklərinə getmək lazımdır. Ən çox çətinlik isə xaricdə təhsil almaq istəyənlər üçün yaranırdı. Elə insanlar tanıyıram ki, xaricə universitetə qəbul olub, amma viza ala bilmədiyinə görə gedə bilməyib. Bu problemlər hazırda da var. Bizim startapı bütün bu problemlərin qarşısını almaq üçün gerçəkləşdirmişik. Fikirləşdim ki, insanların işini rahatlaşdırmaq üçün qurum yoxdur və həmin qurumu elə özüm yaradım. Hazırda 6 nəfərlik komandaya sahibik. Bəzi üzvlərimiz viza ilə bağlı ixtisaslaşmış insanlardır. Bizim hədəf kütləmiz məlumatsız insanlar, bu işdə kifayət qədər məlumatlı, amma məşğul insanlar və tələbələrdir”.

Ofisə gəlmədən viza almaq şansı

B.Ağayev deyir ki, hazırda vizam.az-da 80-dən artıq ölkəyə dair informasiya bazası var və hər bir insan istədiyi məlumatı pulsuz şəkildə saytdan toplaya bilər: "Portalda Azərbaycan vətəndaşları üçün "Hansı ölkədə viza tələbləri var”, "Viza xərcləri nə qədərdir” və "Vizanın alınması müddəti nə qədərdir” kimi informasiyalar yer alır. Vizanın alınmasına biz özümüz də yardımçı oluruq. Elə insan var ki, məşğuldur, viza almağa ayıracaq vaxtı yoxdur, onun üçün vaxt amili puldan daha dəyərlidir. Biz onun işlərini görür, sənədlərini toplayırıq”.
Müsahibimizin sözlərinə görə, elektron şəkildə də viza almaq mümkündür: "Bəzi ölkələri artıq tam elektronlaşdırmışıq. Həmin şəxs ofisə gəlmədən xarici pasportunu saytımıza yükləyir, ödənişi edir və biz onun vizasını alıb elektron poçtuna göndəririk. Amma bəzi ölkələr var ki, orada şəxslərin barmaq izləri tələb olunduğu üçün biz onun bütün sənədlərini toplayırıq, sonda barmaq izlərinə görə sənədləri özləri təqdim edir”.

"Uğursuzluqdan qorxmuram”
Müsahibimiz deyir ki, əgər startapla məşğul olursansa, uğursuzluqdan qorxmamalısan: "Əgər startapla məşğul olursansa, startapın uğur qazanmamasını da normal qarşılamalısan. Əsas odur ki, hər dəfə yeni bir fikir öyrənirsən, yeni bir düşüncə tərzi formalaşdırırsan, idarəetmə üslubun inkişaf edir. Mən 5-6 belə startapı yoxlayacam və qlobal səviyyəyə çatan startap yaradana kimi irəliləmək istəyirəm. Uğursuzluqdan qorxmuram. Dəfələrlə uğursuzluğum olub, amma məni yolumdan çəkindirməyib. Səyahətə marağım olduğu üçün bir neçə səyahət startapları planlaşdırıram. Vizanı, səyahət startaplarını bir yerə birləşdirib qurum yaratmaq istəyirəm”.

"Mən başlayıram”
Həmsöhbətimiz düşünür ki, əgər insan uğur qazanmaq istəyirsə, heç nədən qorxmadan, çəkinmədən "Mən başlayıram”deyib başlamalıdır: "Müəyyən bir yaş qrupu var ki, həmin qrupda mümkün qədər daha çox öyrənməlisən. Ondan sonra öyrəndiklərini tətbiq etməlisən. Bu yaş qrupu 20-25 yaş arasıdır. Bu yaş ərzində nə qədər çox öyrənsəniz, gələcəkdə də onu çox tətbiq edərsiniz. Ətrafımda məndən qat-qat daha ağıllı gənclər var. Sadəcə, düzgün vaxtda başlamaq lazımdır və qorxmamalısan. Mənim üçün bir nömrəli amil cəsarətdir. Startapa başlamaq özü xüsusi bir cəsarət tələb edir. "Mən başlayıram” deyib başlamalısınız. Qlobal startaplara baxsaq, o insanlar uğur qazanıb ki, onlar cəsarətli olublar. Ağıldan, ideyadan da önəmli cəsarətdir. Cəsarətli insanlar heç kimin inanmadığı ideyaya inanır və onu aparır. Vizam.az da belə idi. İlk dəfə yaradanda neqativ hallarla qarşılaşdıq. Amma sonra hər şey yoluna düşdü. Gələcəkdə vizam.az-la səfirliklərlə bir yerdə işləmək istəyirik ki, Azərbaycan vətəndaşları daha rahat və bir mərkəzdən idarə olunan sistemdən viza ala bilsinlər”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər