• cümə, 19 Aprel, 10:23
  • Baku Bakı 13°C

“Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biridir”

03.06.17 09:00 1382
“Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biridir”
Qlobal əhəmiyyətli mühüm layihələrə imza atan Azərbaycanın, əminliklə demək olar ki, bu gün tək regionda deyil, dünyada da nüfuzu artmaqdadır. Əksər beynəlxalq təşkilatlar və beyin mərkəzlərinin də təsdiq etdiyi kimi, ölkəmiz artıq bir sıra beynəlxalq layihələrin reallaşmasında əhəmiyyətli rol oynayır. Konkret olaraq bu günlərdə Bakıda keçirilən Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017” sərgisi də ölkəmizin enerji mərkəzi rolunu oynadığını sübut edir.
Yeri gəlmişkən, ölkə prezidenti İlham Əliyevin ötən gün "Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yolasalma mərasimində etdiyi çıxış qardaş ölkənin mətbuatında geniş əks-səda doğurub və əksər nüfuzlu mətbu orqanların diqqətinin cəlb edib. "Yeni Şafak” ölkə prezidentinin çıxışına geniş yer verib. Qəzet yazır ki, "Şahdəniz 2”, "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, TANAP və TAP layihələrinin daxil olduğu Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biridir. "Bu dəhliz ilk dəfə olaraq Xəzərdəki ehtiyatları birbaşa Avropanın qaz bazarları ilə bağlayacaq. Bu nəhəng layihənin BP-nin operatorluğu ilə həyata keçirilən hissələri – "Şahdəniz Mərhələ 2” və "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri tamamlanmaq üzrədir və ilk qazın gələn ilə planlaşdırılan nəqli üçün qrafikə uyğun işlər davam edir. Hazırda təchizat-tədarük, mühəndis-layihələndirmə və tikinti işləri də daxil olmaqla, ümumilikdə, bu layihələrin 92 faizdən çox hissəsi tamamlanıb, ümumi dəyəri 13 milyard dollar həcmində olan iri müqavilələr imzalanıb. "Şahdəniz Mərhələ 2” və "Cənub Qaz Dəhlizi” layihələri üzrə indiyədək iştirakçı ölkələrdə 40 min yeni iş yeri açılıb. "Şahdəniz Mərhələ 1” üzrə hasil olunan qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə nəql edilir. "Mərhələ 2” çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Bu layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə, 10 milyard kubmetr qaz isə Avropa alıcılarına çatdırılacaq”, - deyə qəzet dövlət başçısının sözlərindən sitat gətirib. Məqalədə daha sonra qeyd edilir ki, "Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçıya ildə 16 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur. İlk qazın nəqli Gürcüstan və Türkiyəyə gələn il, Avropaya isə 2020-ci ildə gözlənilir. Ümumilikdə, tikinti işlərinin və istismaravermə sınaqlarının 89 faizi artıq tamamlanıb. Boru kəmərinin hidro-sınaq işləri həm Azərbaycanda, həm də Gürcüstanda davam edir.
"Takvim” də prezidentin fikirlərini dərc edib. "Bu gün dünyada bir çox ölkələrdə dərin iqtisadi böhran yaşanır. Ölkələrin gəlirləri azalır, iqtisadi vəziyyətləri çətinləşir. Belə bir vaxtda Azərbaycan qlobal əhəmiyyətli mühüm layihələrə imza atır. İcra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir - TANAP, TAP, Cənub Qaz Kəməri, "Şahdəniz-2” layihəsi, bu platformaların tikintisi, bu yaxınlarda Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı. Bir daha qeyd edirəm ki, bunların hər biri ayrılıqda tarixi layihədir. Amma bunlara birlikdə baxanda görürük ki, Azərbaycanda nə qədər böyük potensial yaranıbdır”, - deyə qəzet dövlət başçısının sözlərini sitat gətirib.
"Vatan” qəzetində dərc edilən "Trampdan Türkiyə üçün önəmli açıqlama” başlıqlı yazıda isə ABŞ prezidenti Donald Trampın Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransına göndərdiyi təbrik məktubuna böyük önəm verilib. Qəzet yazır ki, məktubda Tramp qeyd edib ki, "Amerika Birləşmiş Ştatları Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışlayır: "Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm. Mən iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm və alqışlayıram, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayıram. İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır”. Əlavə edilib ki, ABŞ prezidenti, həmçinin regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək Minsk Qrupu prosesi vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. "Amerikalılar Azərbaycanda daha möhkəm sabitliyə və çiçəklənməyə ümid edirlər və inanırlar ki, Konfrans və Cənub Qaz Dəhlizi bu məqsədlərə nail olmaqda mühüm əhəmiyyət daşıyır”, - deyə qəzet ABŞ prezidentinin fikirlərini dərc edib.
Bundan əlavə, turkishny.com saytındakı "Tramp ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiyini bəyan etdi”, Haberler.com-dakı "TANAP SOCAR-ın ölkə xaricində həyata keçirdiyi ən böyük layihədir”, eləcədə də Anadolu agentliyindəki "Əliyev: TANAP-ın yüzdə 72-si tamamlandı” başlıqlı məqalələrdə prezidentin etdiyi çıxışa diqqət ayrılıb. Sonuncu məqalədə bildirilir: "Hazırda ölkəmiz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuldur və bu, dünya miqyasında nadir bir layihə kimi qeyd olunur. Avropa məkanında infrastruktur layihələri arasında birinci olan bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulubdur. Ölkə prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Cənubi Qafqaz kəmərinin icrası 85 faiz səviyyəsindədir: "Bu kəmər Azərbaycanı Gürcüstan ilə birləşdirir. TANAP layihəsi, - hansı ki, 2012-ci ildə müqavilə bağlanmışdır, - uğurla icra edilir. TANAP layihəsinin icrası 72 faiz səviyyəsindədir. Biz gözləyirik ki, gələn il TANAP layihəsinin istifadəyə verilməsini qeyd edək. Dördüncü layihə TAP layihəsidir. Orada da icra səviyyəsi 42 faizdir. Yəni, bu rəqəmlər özlüyündə bir göstəricidir. Bu rəqəmlər göstərir ki, bütün işlər plan üzrə gedir və biz "Cənub Qaz Dəhlizi” layihəsinin icrasının tamamlanmasına yaxınlaşırıq””.
Beləliklə, hər dəfə olduğu kimi, bu dəfə də qardaş ölkənin əksər media orqanları Azərbaycan prezidentinin səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlayıb və əsas xəbər kimi təqdim ediblər.
Azər
banner

Oxşar Xəbərlər