• çərşənbə axşamı, 19 mart, 07:55
  • Baku Bakı 8°C

Cənnət alması

28.06.20 13:30 8820
Cənnət alması
(miniatür hekayə)

Adəm oyanmışdı, lakin günün hansı vədəsi olduğunu kəsdirə bilmirdi, hər yan qatı zülmət içində idi. Bəlkə bu, quyunun qalın, torpaq divarlarının zülməti idi? Hardansa işıq sızırdı axı. Hardaydı o işıq? Bəs içəri niyə belə qaranlıq idi? Əvvəl fikirləşdi ki, Günəş bu qədər daş qəlblidir ki, öz Səhərini axtarıb tapmır?! Sonra ağlına gəldi ki, axı Günəşin əli bu dərin quyuya çatmır, o işığın qarşısını kəsiblər.
Çöldə buludların qəhqəhəsi eşidildi. Göy adamı isə qeybə çəkilmişdi. Göyün ortasında isə çarmıxa çəkilmiş bir adam peyda oldu və onun çarmıxa çəkilmiş qollarındakı zəncirlər od almağa başladı, o zəncirlərin alovu Gündoğanla Günbatandan gələn əjdahaları qarsaladı, əjdahalar inildəyə-inildəyə geri çəkildilər. Göyün bəyaz buludları təzədən çoxaldı, duruldu, işıqlandı, bu bəyaz buludların arası ulduzlarla ləbələb doldu. Adəm ömründə belə iri, şəfəq saçan ulduzlar görməmişdi. Hər tərəf elə işıqlanmışdı ki, deyirdin günün günorta çağıdır, ikinci möcüzə də orasında idi ki, göyün üzü işıqlandıqca çarmıxa çəkilmiş adam gözdən itirdi, amma buludların arasından uzun müddət zəncir cingiltisi eşidilirdi, sanki bu zəncir daşlıqla sürünürdü. Sonra bu zəncir cingiltisi də kəsildi və göyün üzü təzədən qaralmağa başladı, ulduzlar da işığını itirməkdəydi. Adəm qışqırmaq istədi: Ey Göy adamı, ey çarmıxa çəkilmiş adam, məni burda tək qoyub hara gedirsən?!
Səsi çıxmadı. Ətrafdakı qaranlıq onun səsini udurdu. Amma işıq gözə görünməsə də tamam yox olmamışdı.
İnsan işığı görmədən də hiss edə bilərmiş. Bədənində o işığın həniri dolaşırdı. Gözü qaranlığa alışınca quyunun başındakı iynə ucu boyda işığı gördü. İşıq can verirdi, öləziyirdi. Arada can üstə olan işıq tamam itirdi və quyu zülmətə bürünürdü. Üfunət və nəmişlik Adəmin nəfəsini kəsirdi. Var gücüylə qışqırdı:
- Eeey! Orda kim var?
Səsi burula-burula işığa doğru şığıdı. Cavab gəlmədi.
- Qorxma, onsuz da burdan qaça bilməyəcəm. Heç olmasa, bircə udumluq hava ver. Boğuluram.
Ya yuxarıda heç kim yox idi, ya da keşikçi kar idi. Bəlkə də, div yuxusuna gedib, kim bilir. Yumruqlarıyla torpaq divarı döyəclədi. Sonuncu dəfə Həvvasını görmək istəyirdi. Görəsən, Həvva bilirdi ki, o hardadır? Oralarda yəqin raketlərdən, nüvə silahlarından, kimyəvi silahların partlayışından təmiz hava qalmayıb. Kosmosu da yaman günə qoyublar. Adamlar həmişə gileylənirdi ki, udduğumuz havanı da zəhərləyiblər. İndi heç olmasa, o zəhərli havadan bir udum olaydı!..
Quyuda nərdivan yox idi. Yəqin onu bura itələyib atmışdılar. Heç kəndir-zad da yox idi. Bütün bədəni sızıldayırdı, sağ qalmışdısa, Allahına şükür etməliydi. Sonuncu dəfə gördüyü mənzərə başı buludlara dəyən Рaçadağ olmuşdu. Ona elə gəlirdi ki, dağın qara buludla örtülmüş zirvəsindən yavaşca və qeyri-iradi olaraq diyirlənib buraya düşmüşdü. Əl-qol atdıqca özünü zirzəmi küncündə tor toxuyan hörümçək kimi hiss elədi.
Həvva ilə ilk dəfə tanış olduğu günü xatırladı.
Kəpənəklərin uçuşduğu bağda əlində cənnət gülü olan bir məxluq gördü. Həmin məxluq Adəmi görən kimi yel kimi onun üstünə əsdi və onun möhtəşəm tənhalığını pozdu. Adəm zahirən ondan fərqlənən bu məxluqa heyrət içində tamaşa edirdi. Onun nəfəsi Adəmi sehrləmişdi, gülqarışıq onu qucaqlayıb bağrına basmaq istəyirdi. Bu məxluq dedi ki, mən qadınam, adım da Həvvadır. Adəm bilmirdi ki, qadın nə deməkdir. Bir də onu dedi ki, onun qabırğasından yaranıb. Adəm qabırğalarını saydı, hamısı yerində idi. Həvvaya dedi:
- Mənim qabırğalarım yerindədir. Sən necə mənim qabırğamdan yarana bilərsən?
Həvva işvəkar təbəssümünü maska kimi üzünə taxdı:
- Təəssüf ki, bunu sənə izah edə bilməyəcəm.
Beləcə, Həvva Adəmin tənhalığına qabırğa oldu. Adəm bir də baxdı ki, Həvvasız yaşaya bilmir. Həvva bir azca ondan uzaqlaşan kimi Adəmin nəfəsi daralırdı. Kölgə kimi Həvvanın ardınca sürünürdü.
Dünyanın ilk insan sevgisi belə yarandı. Həvvanın əlindəki cənnət gülü bu sevginin şahidi oldu.
Qaranlıq quyuda burnuna cənnət gülünün ətri gəldi. Ovcunun içiylə quyunun divarlarını sığalladı, buranın torpağı quzulamışdı, əllərinin dərisinə yapışırdı, sanki torpaq çürümüş ağacın qabığı idi. Bu nəmişlik ona doğma gəldi. Düşündü ki, bura bir az geniş olsaydı, bir balaca da şəraiti olsaydı, o, öz sevimli Həvvası ilə burda ömrünün sonunacan yaşaya bilərdi. Həvva isə deyəsən, Adəmin qadağan etdiyi almanın dadına baxmışdı. Sonuncu görüşlərində Adəm ona alma ağacından uzaq durmağı tapşırmışdı.
Həvva da kimsəsiz səhrada Adəmi axtarırdı. Qəfildən gördü ki, əlindəki cənnət gülünün əvvəlki şuxluğundan əsər-əlamət qalmayıb, gül ləçəklərini sallayıb saralıb solmaq üzrədir. Qəlbi həyəcandan çırpınmağa başladı. Gülün ləçəklərini sığallayıb pıçıldadı:
- Mənim cənnət çiçəyim, sənə nə oldu? Niyə qəm-qüssəyə batmısan?
Çiçəyin ortasındakı məxməri tumurcuq dilləndi:
- Sənin Adəmin indi qaranlıq quyudadır. O quyunun başında mənim əkiz tayım bitib, küləklər onun harayını mənə yetirdi. Mənim dediyim istiqaməti tutub get. Düz quyunun üstünə gedib çıxacaqsan.
Həvvanın heyrətdən dili tutuldu. Gül də danışarmış! Əlindəki dişlənmiş almanı ağacın dibinə tulladı. Gülün nişan verdiyi səmtə doğru qaçmağa başladı.
Uca bir dağın ətəyində cənnət gülü sanki yoldan ötənə əl yelləyir, kimisə köməyə çağırırdı. Həvva canındakı ehtirasdan özünə yer tapa bilmirdi, cənnət gülü onun ehtirasını birəbeş artırırdı.
Sanki quyunun işığı bir az artdı, sükutun bayaqdan onu əzən ağırlığı azaldı. Həvva quyunun başından aşağı boylanıb gülümsəyirdi. Onun gözlərinin işığı Adəmin gözlərini qamaşdırdı. Dünya büsbütün işığa büründü, damarında qanı qaynadı.
- Gün günorta oldu, sən hələ də yatırsan! Qalx, həyətə meyvə satan gəlib, uşaqların ürəyi alma istəyir. Düş bir az ayın-oyun al, gəl.
Arvadının cır səsinə dik atıldı. Əlini ora-bura atdı. Başının üstündə bir cüt ala göz gülümsəyirdi. Son vaxtlar ilk dəfəydi ki, belə məhəbbət dolu baxış görürdü. Yadına düşdü ki, xeyli müddətdir arvadına qarşı mehribanlıq göstərmir, onu nəvazişdən məhrum edib, qadının işığı gün-gündən sozalır. Qollarını uzadıb onu qucaqladı:
- Özünü vaxtında yetirdin.
Arvadı təəccübləndi. Adəmin gözü qum saatına sataşdı. Bu qum saatının dolub-boşalmasını çox görmüşdü, qum dənələrini bir-birini qova-qova tökülməsinə tamaşa etməkdən xüsusi zövq alırdı, indi isə şüşənin üst hissəsinin boşalmasını qorxu içində gözləyirdi. Bəlkə, Günəş haqlıdır? Cənnət gülü də, qırmızıyanaq alma da onun övladları idilər, hər ikisi Günəşin döşündən işıq əmmişdilər.
Dəhşətli bir virusun dünyanı ölümlə hədələdiyi bir zamanda Günəş hər səhər üfüqdən hayqırırdı:
- Bir-birinizi sevin! Sizi sevgi xilas edəcək!
Adəm Həvvasının gözlərindən öpdü və yerindən qalxıb geyindi. Həyətə alma almağa düşdü.
Günəş göy üzündə gülümsəyirdi.

Kənan Hacı

banner

Oxşar Xəbərlər