• şənbə, 20 Aprel, 10:03
  • Baku Bakı 14°C

“Cənab Proxarçin” əsəri

10.10.16 10:47 2040
“Cənab Proxarçin” əsəri
Dostoyevsknin "Cənab Proxarçin” hekayəsi insan qəlbində sosial dəyərin mütləq hökmranlığı, mənəvi dəyərin isə oradan sıxışdırılıb çıxarılması və bunun nəticəsində yaranmış olan xarakterin aqibəti məsələsinə həsr olunmuşdur.
Əsərin süjeti sadədir: Semyon İvanoviç Proxarçin iyirmi ildən çox bir müddətdir ki, departamentdə qulluq edir, yoxsul və müti bir həyat sürür, ifrat qənaətçillik və rəzalət içində yaşayır, öz cüzi məvacibindən qara gün üçün də ayırıb saxlayır. Bir dəfə Proxarçinin qonşuları ona zarafatla deyirlər ki, bəs məmurlara məcburi qaydada rəqs etməyi öyrədəcəklər və bu da müəyyən məbləğdə pulla başa gələcək (burada Proxarçini dəhşətə gətirən həmin o pulun ödənilməsi məsələsidir), onlar arasında müəyyən fənlərdən imtahan keçirəcəklər. Proxarçini belə bir müdhiş fikir narahat etməyə başlayır ki, o, departamentdəki iş yerini itirə bilər və sadəcə olaraq dəftərxananı bağlaya bilərlər. Bu fikir onu elə böyük bir qorxuya salır ki, tez bir zamanda xəstələnib ölür. Proxarçinin ölümündən sonra onun cırıq-cındır döşəyinin içindən üç min rubla qədər bir məbləğdə pul çıxır. Bu insanın bütün ömrü həmin mənasız pulu toplamağa sərf olunmuşdu.
Cənab Proxarçin, belə demək mümkünsə, canlı insan deyil, kölgədir, ölü candır və onu bu hala salan onun qəlbindən mənəvi duyğunun, məhəbbətin, mər­həmətin sovrulub yox olmasıdır. Proxarçinin faciəsi tam özünəqapılmanın, tamamilə sosial dəyərlərə tapınmanın və öz qəlbində mənəviyyata yer qoymamağın faciəsidir. Zahirən belə görünə bilər ki, bu zavallı insan yoxsulluğun və özünün həyatdakı yerinin, cəmiyyətdəki və departamentdəki yerinin çox zəif və qeyri-sabit olmasının qurbanı olmuşdur. Əslində isə belə deyil. Onu məhv edən yoxsulluq, sabaha inamın olmaması, qorxu deyil, məhz məhəbbətsizlikdir. Maraqlıdır ki, onun həyatında heç bir qadın yoxdur. O hansısa uydurma baldızdan danışır. Özü isə tamamilə təkdir: nə bir dostu, nə övladı, nə də sevdiyi bir kəsi var. Onun bütün qayğıları sırf özü barəsindədir. Onun mənzil qonşularından biri ona deyir: "Nədir, siz bu dünyada təkmisiniz nədir? Dünya sizinçünmü yaradılıb? Siz Napoleonsunuzmu? Siz nəsiniz? Siz kimsiniz? Napoleon­sunuz, hə? Napoleonsunuz yoxsa, yox?!”.
Çox maraqlıdır, tənha bir yoxsulun, hətta dilənçinin imperator Napoleon Bonapartla nə oxşarlığı? Deməli, əlaqə və hansısa bir oxşarlıq var. Onların hər ikisi cansız-qansız, dünyada hamıya və hər şeyə biganə, tək özünü düşünən, özünü dünyanın mənası hesab edən insanlardır. Hər ikisi sosial fenomendirlər, mənəvi cəhətdən dünyayla, insanlarla, Allahla bağlı deyillər. Hər ikisi daşdandırlar, daşürəklidirlər. Amma biri qaya kimi nəhəng, digəri qum dənəsi qədər cılızdır. Mahiyyət etibarı iləsə eynidirlər.
İlk baxışdan belə bir güman ortaya çıxa bilər ki, Proxarçində heç bir günah yoxdur və bütün günahlar o fəlakətli mühitdədir. Məhz mühit insanı bu ümidsizlik və inamsızlıq dərəcəsinə gətirib çıxarır. Bu fikir Qoqolun "Şinel” əsərində də səslənir. Yəni sosial determinizm XIX əsrin 40-cı illərində natural məktəb deyilən ədəbiyyatda dəbdə və aktual olan bir ideya idi. İnsan heç nədə günahkar deyil və bütün günahlar mühitin üzərinə düşür. Dostoyevski bu fikirlə qəti surətdə razılaşmır və insanın öz hərəkətləri qarşısında məsuliyyətini dönə-dönə qeyd edirdi. Bununla belə, o, mühitə də haqq qazandırmırdı, onun qeyri-insani mahiyyətini dönə-dönə təsvir edirdi, amma yenə də bütün məsuliyyəti insanın özünün üzərinə qoyurdu. Əks təqdirdə, yəni günahın hamısını mühitin üstünə atmaqla insan özünü bütün mənəvi məsuliyyətdən azad hesab edər və beləliklə də, hər bir cinayəti özünə rəva bilər, özünü bu cinayətin məsuliyyətindən azad hesab edərdi.
Proxarçinin faciəsində də günahın çoxu onun özündədir. sərin personajlarından biri, Okeanov, Proxarçinin faciəsini belə şərh edir: "ax o, yalnız bunu nəzərə alsaydı ki, hamı üçün ağırdır, onda bu adam öz başını salamat saxlaya bilərdi, nadinclik etməzdi və öz həyatını lazım olan nöqtəyə çatdırardı” Proxarçin bunu edə bilmədi, ona görə ki o, dünyada özündən savayı heç nəyi və heç kimi görmürdü. Dostoyevski özünün bütün yaradıcılığında, bir qayda olaraq, xalqdan, zəmindən ayrı düşmüş fərdin faciəsini göstərir. Beləliklə, Proxarçinin məğlubiyyətinin səbəbi onun bomboş cibi deyil, bomboş qəlbidir. Qəlb boş qalanda dolu cib insanı xilas edə bilmir. Yoxsulluq deyil, hər şeydən əvvəl mənəvi duyğunun və humanizmin kasadlığı Proxarçini belə bir şərəfsiz ölümə gətirib çıxardı. Bu xarakterin və aqibətin özəlliyi ondadır ki, burada sosial determinizm, sosial köləlik ruhi azadlıqdan güclüdür. Proxarçin sırf sosial tipdir. O, xarakter və şəxsiyyət səviyyəsinə yüksələ bilmədi. Ona görə də onun üslubu yoxdur, o, adi bir trafaretdir, sanki ana bətnindən deyil, hansısa sosial qəlibdən çıxmışdır. Proxarçinin sosial iflasını göstərməklə Dostoyevski heç də Qoqol kimi sosial sistemi və bürokratik apparatı ittiham etmirdi, əks fərziyyə yolu ilə özünün "şıqlı ideya”ını – insandakı mənəvi başlanğıcın labüdlüyü ideyasını təsdiq­lə­yir­di. Mənəviyyatın məhvi insanın məhvidir.
Mənəviyyatın sosial başlanğıc üzərində qələbəsi
("Zəif ürək” və "Bəyaz gecələr”)
Özünün 40-cı illərdə yazmış olduğu əsərlərində Dostoyevski sosial başlan­ğıcla mənəviyyatın insan xarakterindəki müxtəlif nisbətini təsvir etmişdir. Dostoyevskinin 40-cı illərdə yazmış olduğu əsərlər içərisində elələri də var ki, orada qəhrəmanın qəlbində mənəvi duyğunun sosial dəyəri üstələməsi faktı təsvir olunur. Bu baxımdan "Zəif ürək” hekayəsi səciyyəvidir.
Burada insan problemi başqa cür həll olunur, təsvir obyekti kimi kiçik məmurun sosial vəziyyəti deyil, onun qəlb dünyası, psixologiyası və xəyallar aləmi götürülür. Əsərin qəhrəmanı Vasya Şumkov kiçik məmur və yoxsul cavan oğlandır. O, Liza adlı bir qızı sevir və özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Yeni il ərəfəsində Vasya Şumkov öz müdiri və havadarı Yulian Mastakoviçdən tapşırıq alır. Bu işi yeni ilə qədər qurtarmaq tələb olunurdu. Amma məhəbbət və Lizayla görüşlər bu işə mane olur, Vasya tapşırığı yerinə yetirə bilmir, müdir qarşısında xəcalətdən ümidsizliyə qapılır, ruhən xəstələnir və dəli olur.
Vasya Şumkovun faciəsini onun bir şəxsiyyət kimi zəifliyi ilə izah etmək düzgün olmazdı. Zəif ürək, əslində, sevən ürək, mərhəmətli ürək deməkdir. Vasya Şumkov həddən ziyadə mərhəmətlidir. O, hətta öz səadətinə görə insanlar qarşısında xəcalət çəkir, bədbəxtlər içində xoşbəxt olmaq ona ağır gəlir. O, hamını xoşbəxt görmək istəyir. O, bir də onu istəyir ki, xoşbəxt Vasya öz səadətinə layiq olsun. Yəni bu sevgi bəxtəvərliyi onun məsuliyyətini, özünə qarşı tələbkarlığını daha da artırır. Amma bədbəxtçilikdən elə bu məqamda hörmət etdiyi bir adamın etimadını doğrultmur, özünü öz səadətinə layiq hesab edə bilmir və bu zəmində dəli olur. Dostu Arkadi ona deyir: "”Sən özün xoşbəxt olduğun üçün istəyirsən ki, hamı elə o saatdaca xoşbəxt olsun. Təklikdə xoşbəxt olmaq sənə ağrılı və ağır gəlir! Çünki sən indi var gücünlə çalışırsan ki, özünün bu səadətinə layiq olasan və öz vicdanını sakitləşdirmək üçün hansısa bir şücaət göstərmək istəyirsən!”. Şücaət əvəzinə Şumkov etimadsızlıq göstərdi, yəni öz vəzifə borcunu belə yerinə yetirə bilmədi.
Vasya Şumkov təklikdə xoşbəxt olmaqdan ona görə qorxurdu və indiyədək heç kəsə xeyirxahlıq etməməsindən ona görə qayğılanırdı ki, o, içərisində yaşadığı mühiti özünə doğma yuva hesab edə bilmirdi. Bu yad mühitdə o, təklənməkdən qorxurdu, amma mühitlə bir doğmalıq vəziyyəti də yarada bilmirdi. Vasya mühitdən ayrı düşüb. Amma bu, Proxarçinin mühitdən ayrı düşməsinə bənzəmir. İnsan mühitin səviyyəsinə deyil, burada mühit insanın səviyyəsinə yüksələ bilmir. Məhz bu da Vasya Şumkovun Peterburq adlanan bu yad dünyadakı faciəsini qaçılmaz edən əsas səbəbdir. Dostoyevski Peterburqu fantastik şəhər adlandırırdı. Əgər Moskva rus torpağı üzərində üzvi surətdə kök atıb ucalmışdırsa, Peterburq bir nəfərin iradəsilə, Avropa nümunəsi əsasında, yad zəmində, fin bataqlıqları üzərində qurulmuşdu. Bu yad və milli zəmində canlı kökləri olmayan şəhərdə Vasya Şumkovun faciəsi qaçılmazdır. Bu barədə Arkadinin nəzərlərilə təsvir olunan Peterburqun panoramı şəhadətlik edir. Arkadi Peterburqun qış mənzərəsini seyr edir: şaxtadan sanki hava gərilərək cingildəyir, insanlardan və atlardan qalxan buxar havada donur, bacalardan ucalan tüstü dumanı yüksəklikdə sanki yeni bir şəhər əmələ gətirir. Və birdən Arkadiyə belə gəlir ki, Peterburqun özü də zənginlərin imarətləri və yoxsulların komaları ilə birlikdə havaya qalxaraq mavi səmada yox olacaq. Maraqlıdır ki, xəyalən şəhər göyə uçur, insan isə yerdə qalır.
Eynilə insanla mühitin bir-birinə uyğun gəlməməsi, insanın mənən yad bir mühit içində iztirablar çəkməsi və bu zəmində insanın özünün bir ilğıma, mücərrəd bir xəyala çevrilməsi məsələsi "Bəyaz gecələr” əsərində də təsvir olunur. Əsərin qəhrəmanının nə adı, nə də iş yeri göstərilir. Yazıçı öz qəhrəma­nını sosial həyatdan, gerçəklikdən təcrid edərək, bütün diqqəti onun daxili aləmi, psixologiyası üzərində cəmləşdirir. Qəhrəman daxilən saf, humanist, xeyirxahlıq və fəaliyyət arzusunda olan, bununla belə, yalnız mücərrəd istəklərlə yaşayan bir xəyalpərəstdir. Yazıçı onu elə belə də adlandırır – Xəyalpərəst və ona belə bir tərif verir: "Xəyalpərəst – əgər onu ətraflı təyinetməsi lazım gələrsə – insan deyil, hansısa orta cinsə aid olan bir məxluqdur”.
Xəyalpərəst gerçəklikdən ayrılaraq öz xəyallarında yeni, ali bir dünya yaradır və bu xəyali dünyada özünü bir qəhrəman, bir cəngavər kimi təsəvvür edir. Bu xəyali dünya qəhrəmanın yaşadığı o yeknəsəq və cansıxıcı real dünyadan çox-çox gözəl və ucadır. Lakin bununla belə, bu dünya ilğımdan, yuxudan, xəyaldan savayı bir şey deyil. Ona görə də qəhrəmanın ayılması və real həyata qayıtması onunçün çox ağır və acılı olur. O, anlayır ki, real həyata, real fəaliyyətə qadir olmadığından xəyal onu bu səmavi aləmə aparır və gerçəklikdən ayırır.
Xəyalpərəst öz ideal dünyasında yaşayır və küçəylə gedə-gedə öz-özü ilə danışır. O, reallığı görmür, görsə də onu xəyal hesab edir. Xəyalpərəstin mücərrəd həyatı, mücərrəd qayğıları və se­vinci olmaqla yanaşı, onun real faciəsidir. Bəli, bu da bir cür faciədir. Ona görə də xəyallardan ayılmaq ona ağır gəlir və o, real həyat sürən insanlara həsəd aparır. Hərdən o da real həyata qayıtmaq istəyir. Xəyali gözəllərdən ayrılıb hansısa real bir qadına üz tutmaq istəyir, ona yaxınlaşaraq ondan xahiş etmək istəyir ki, onu qovmasın, ona bir-iki kəlmə xoş söz desin. Əlbəttə, əslində ona qadından xoş söz deyil, xoş rəftar lazımdır. Xəyalpərəstin bu arzularını Freydin psixoanalizindən çıxış edərək başqa cür də yozmaq olar, amma Xəyalpərəstin saf arzularını Freydin libidosu səviyyəsinə endirmək istəməzdik.
Nəhayət, real həyat həsrətində olan Xəyal­pərəs­tə, doğrudan da, bu qismət olur. Bəyaz Peterburq gecələrinin birində o, göz yaşları axıdan tənha bir qıza rast gəlir. Onunla tanış olur. Bu, Nastenkadır. Onun sevdiyi oğlan bir il müddətinə Moskvaya ezam olunmuş və qayıdan kimi onunla evlənəcəyinə söz vermişdi. İndi bu müddət arxada qalıb, amma nişanlı oğlan qayıdıb gəlmir. Nastenkayla Xəyalpərəst hər axşam görüşürlər və qız ona öz həyat tarixçəsini danışır. O da tənhadır, onun qoca və kor nənəsindən savayı heç kəsi yoxdur. Nənəsi onu sancaqla öz paltarına ilişdirir ki, qız gəzməyə getməsin. Amma Nastenka onu aldadaraq Xəyalpərəstlə görüşə gəlir. Nəhayət, onların arasında səmimi bir dostluq, bir məhəbbət yaranır. Sanki yeni səadət baş tutacaqdı, amma elə bu vaxt Nastenkanın sevdiyi oğlan gəlib çıxır və qız Xəyalpərəsti atıb onun yanına qaçır və tezcə də onu buraxıb Xəyalpərəstin yanına qayıdır. Sanki o iki sevgili arasında qalmışdır. Xəyalpərəstin mehribanlığını, məhəbbətini yüksək qiymətləndirən Nastenka öz nişanlısını daha çox sevir və təzə dostundan əbədi olaraq ayrılmalı olur. Xəyalpərəst yenidən tək qalır. Onun sonrakı həyatı, yəqin ki, daim öz real səadətini, məhəbbətini xatırlamalar içində keçəcək.
Beləliklə, Dostoyevskinin 40-cı illər yaradıcılığını yekunlaşdıraraq, belə nəticəyə gəlmək olar ki, yazıçının bu illərdə yazmış olduğu əsərlərin əsas qayəsi insanın təbii humanizmi ilə onun sosial vəziyyətinin çıxılmazlığı arasındakı dərin ziddiyyət qəhrəmanların faciəsinin əsas səbəbini təşkil edir. Dostoyevski insanın təbii və mənəvi xüsusiyyətlərinə dərin hörmət və inamla yanaşır, insan mənəviyyatını sosial mühitdən güclü hesab edir. İnsanın aqibətini müəyyən mənada mühit təyin edir, amma onun xarakterini tamamilə mühit formalaşdırmır. İnsan bütövlükdə mühitin funksiyası, onun məhsulu da ola bilməz, çünki mühitin özü də insanlar tərəfindən yaradılır. Olsa-olsa mühitlə mənəviyyatın dialektikasından, onların ziddiyyətli vəhdətindən danışmaq olar.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər