• cümə axşamı, 25 aprel, 14:57
  • Baku Bakı 23°C

Cəmiyyətin təhsilə olan tələbatını ödəmək üçün hansı sistem yaradılmalıdır?

17.10.19 12:30 913
Cəmiyyətin təhsilə olan tələbatını ödəmək üçün hansı sistem yaradılmalıdır?
Bu gön təhsilimiz bilikyönümlü təlimdən nəticəyönümlü təlimə keçid dövrünü yaşayır. Zaman məktəbə başqa tələblər təklif edir. Məktəb vahid orqanizmi xatırladır, hər üzvün öz funksiyası, prinsipi, fəaliyyət yükü var. Təhsilin müasir vəzifəsi şagirdlərdə həyati bacarıqlar formalaşdırmaq, onları həyata hazırlamaqdır.
Müstəqillik dövründə Azərbaycan cəmiyyətində baş vermiş çoxşaxəli islahatlar çevrəsində təhsil həmişə aparıcı olmuşdur. Təhsil qanunu çox vacib bir sənəddir və cəmiyyətin bütün zümrələrinin marağını əks etdirir. Məlum olduğu kimi bu gün təhsil standartlarında şagirdlərin fəaliyyət istiqamətləri , təlim nəticələri bütövlükdə şagirdlərə yönəldilmişdir. Təhsilin hər hansı pilləsində şagirdin inkişafını izləmək, onu istiqamətləndirmək üçün imkanlar yaradılmışdır. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.
"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 sentyabr 2009-cu il tarixli fərmanı vətəndaşların təhsil hüququnun həyata keçməsində mühüm rol oynadı. 2009-cu il 19 iyun tarixli "Təhsil haqqında Azərbaycan Respublikasının qanunun”da göstərilir ki, bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.
İdarəetmənin əsas məqsədi şəxsiyyətin, cəmiyyətin təhsilə olan tələbatını ödəmək üçün dövlət-ictimai xarakterli təhsil sisteminin yaradılmasıdır. Məktəb direktorlarının səlahiyyətlərinin artırılması ilə bağlı bundan əvvəl də əmrlər verilmişdi. Bir müddət öncə isə Təhsil Nazirliyi tərəfindən "Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na əlavə edilməsi barədə əmr verilib. Əmrə əsasən ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən, işlədikləri məktəbdə müəllim kimi saxlanılması, müvafiq vakant yer olmadığı halda, rayonun və ya şəhərin həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi, yerli təhsil şöbələri ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilməlidir. Beləliklə, müəllimin işə qəbulunda məktəb direktorları da rol oynayır.
Direktorların seçilməsinin yeni mexanizminin hazırlanması günün tələbidir. Gələcək direktorların mükəmməl hazırlığının təmin edilməsi, idarəetmə bacarıqlarına yiyələnməsi üçün treninq və kurslardan keçərək, müəyyən sertifikatlar alması onun elmi-pedaqoji və təşkilatçılıq qabiliyyətini yoxlamaq üçün test sorğularından keçilməsi də ədalətin tam bərpası deyil, mütəxəssislər də, TN-nin nümayəndələri də hazırkı mexanizmi məqbul saymır, gələcəkdə daha şəffaf, prinsipal mövqe sərgilənəcəyini bəyan edirlər.
Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsində məqsəd, təhsilin keyfiyyətinin, məktəb direktorlarının idarəetmə səriştəliliyini artırmaq, onları məktəblərdə nazirlik üçün prioritet olan hədəflərə çatmaqda əsas menecerlərə çevirmək və ümumilikdə məktəb idarəetməsinin səriştəli, bilikli kadrlar tərəfindən həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
İdarəetmənin mahiyyəti ondan ibarətdir ki, məqsədə çatmaq üçün idarəedən sistem (idarəetmənin subyekti) , məqsədyönlü və fasiləsiz şəkildə idarəolunan sistemə (idarəetmə obyektinə) təsir göstərir. Rəhbərlik inteqrasiya funksiyasına malik olub bütün digər funksiyaların həyata keçirilməsini əlaqələndirir. Rəhbərlik geniş anlayışdır, idarəetmə onun funksiyalarından biri olub, bilavasitə obyektə təsir göstərmə prosesidir. Rəhbərliyə nisbətən idarəetmədə əks-əlaqə daha realdır. Rəhbərlik və idarəetmə nəzarətlə vəhdətdə olanda daha səmərəli nəticələr əldə edilir. İdarəetmədə iştirak edən şagird, müəllim və digərlərinin yaradıcı fəaliyyətinin istiqamətləndirilməsi üçün onların qarşılıqlı işinin təşkilinə nail olmaq gərəkdir.
Rəhbərlik məktəbşünaslıq baxımından məktəbi idarəetmənin əsas xətlərini, başlıca vəzifələrini müəyyən etmək, işə istiqamət vermək, başçılıq etmək deməkdir. Rəhbər o şəxsdir ki, idarəetməni həyata keçirir, qərar qəbul edir, sərəncam vermək səlahiyyətinə malikdir. Məktəbin qarşısında qoyulmuş məsələlərin həllini operativ surətdə həyata keçirmək üçün onun idarə olunmasını optimallaşdırmaq, vaxt, qüvvə və vəsaitin səmərəli sərf edilməsi ilə yüksək nəticələrə nail olur.
Bu gün müəllim heyətinin özünü formalaşdırması böyük əhəmiyyət kəsb edir. Bu sahədə kompüter texnologiyalarının öyrənilməsi, xarici dillərdən, informasiyalardan yüksək səviyyədə istifadə bacarığı olmalıdır. Eləcə də, yeni kurikulumların tətbiqi ilə əlaqədar pedaqoji kadrların özlərinin həmin standartların tələblərinə uyğun formalaşmasına imkan yaradır. Onlar daha təcrübəli müəllimlərin peşəkarlığını öyrənməyə cəhd göstərirlər. Məktəblərin İKT ilə təminatı son nəticədə şagirdlərin intellektual səviyyəsinin, müstəqil öyrənmək, öyrəndiklərini tətbiq etmək bacarıqlarının inkişafına, dünyagörüşlərinin genişlənməsinə güclü təkan verəcək, məktəblərdə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək. Səmərəli müəllim öz sənəti ilə fəxr edir, şagirdlərinin tələbatlarına həssasdır, intellektual fəaliyyət nümunələri arasında olan fərqləri nəzərə alır. Deməli, təlim prosesinin təşkili və idarə edilməsində əsas aparıcı qüvvə müəllimdir.
Əvvəllər biliklər ümumi xarakter daşıyırdı. İndi də biliklərdə dərin ixtisaslaşma özünü göstərir. Keçmişdə "biliyə malik olan insan” ifadəsi işlənmirdi. "Savadlı, elmli adam” deyirdilər. Savadlı adam - geniş eridusiyalı adamlardır. Onlar istənilən mövzuda yaxşı danışmaq məharətinə malik insanlar idilər. Lakin onlar hər hansı konkret və praktik fəaliyyətlə məşğul ola bilmirdilər. Müasir dövrdə bilik konkret nəticə əldə etmək üçün praktiki əhəmiyyəti olan informasiya hesab edilir. Hər hansı bir əhəmiyyətli nəticə əldə edə bilmək üçün isə yüksək dərəcədə ixtisaslaşmış bilik tələb olunur.
Təhsil Nazirliyi tərəfindən ümumtəhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş tədbirlər planı, məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılmasını, təhsilin keyfiyyətinin yüksəldilməsini və məktəb idarəçiliyinin mükəmməlləşdirilməsini nəzərdə tutur. Təhsil alanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır. Etiraf olunmalıdır ki, hələ də bizdə sovet dövründən qalan praqmatik təhsil mühiti mövcuddur. Bu təhsil mühitindən qurtulub yaradıcı təhsil mühiti yaratmaq mürəkkəb proses olsa da, bunun yaradılması zamanın tələbidir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "...müəllim müstəqil Azərbaycan cəmiyyətinin layiqli üzvünü hazırlayır...” Belə müqəddəs bir vəzifəni yerinə yetirənlərin sırasına bu işi sevməyən təsadüfi adamların düşməsi isə heç də xoş deyil...Təhsil sisteminin nailiyyətlərinin formalaşmasında müəllim əsas sima, aparıcı qüvvə olaraq qalır, qalacaq və çox şey onun bilik, bacarıq və peşəkarlıq qabiliyyətlərindən asılıdır. İxtisasartırma tədbirlərinin imkanlarından daha səmərəli istifadə edilməlidir. Unutmayaq ki, bu gün sırf nəzəri xarakter daşıyan təhsil, öz fundamental əhəmiyyətini itirməkdədir. Üzərinə çox böyük məsuliyyət, qarşısına çox mühüm strateji hədəflərin gerçəkləşdirilməsi tələbi qoyulan müəllimlər ekvivalent olaraq dövlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmaqdadır.
2005-ci ildən etibarən məktəblərdə kompüter sinifləri yaradıldı. Bütün təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb, distant təhsil üzrə ilk eksperimentlər aparılmağa başlanmışdır. Təhsil portalının informasiya resursları formalaşmaqdadır.
Dərslərimizi kompütersiz, müasir tələbləri özündə cəmləşdirən əyanilik olmadan təsəvvür etmirik. Texniki avadanlığı və zəngin əyaniliklərin hazırlanmasına şagirdləri və onların valideynləri cəlb olunmalıdır. Uşaqlar yeni informasiya dünyasında yaşayırlar və məktəblərin maddi-texniki bazasının hazırlığından asılı olmayaraq məktəblilər artıq müstəqil hərəkət edirlər.
Yeri gəlmişkən, Azərbaycan internet istifadəçilərinin sayına görə, 2015-ci ilin statistikasına əsasən, Cənubi Qafqaz regionunda liderdir. Ölkədə orta hesabla 408 min nəfər internet istifadəçisi qeydiyyatdan keçib. Ölkədə internetdən yayılma indeksi hər 100 nəfərə 5,6 nəfər təşkil edir ki, Azərbaycan bu göstəriciyə görə dünya ölkələri sırasında 85-ci yeri tutur.
Sağlamlıq dedikdə, ən əvvəl uşaq orqanizminin ətraf mühitlə qarşılıqlı əlaqəsini başa düşürük. Sağlamlıq əsas göstərici kimi bioloji –ekoloji və sosial amillərin təsiri altında formalaşır. Tədqiqatlar göstərir ki, bu gün uşaqların çoxu artıq çəkidən, baş ağrısından, halsızlıqdan, yorğunluqdan əziyyət çəkir. Bu problemlərin yaranmasında əsas səbəb qeyri-fəal həyat tərzi keçirmək, fiziki hərəkətlər etməməkdir. Müasir dövrdə uşaqların passiv həyat tərzinə vərdiş etməməsi üçün bədən tərbiyəsi və fiziki məşğələlərdən gözəl vasitə ola bilməz. Uşaqların fiziki və mənəvi inkişafında böyük rol oynayan bədən tərbiyəsi və idmanın inkişafı bu gün vacib məsələlərdən biri kimi diqqət mərkəzindədir. İdman cəmiyyətləri, klubları, idman növləri üzrə fəaliyyət göstərən federasiyalarla yanaşı, təhsil ocaqları, müəssisə və təşkilatlar da bu inkişafa öz töhfələrini verirlər.
Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin əsas məqsədi şagirdlərin fiziki cəhətdən harmoniya inkişafını təmin etmək, onlarda vətənin müdafiəsinə şəxsi həyat, professional peşə fəaliyyəti üçün hazırlıq və hərəkət mədəniyyəti tərbiyə etməkdir. Görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev xalqımızın idmana marağını yüksək dəyərləndirirdi: "Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz olubdur. Ancaq məlum olan səbəblərə görə, bunlar ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıblar”.
Şəxsiyyətin ahəngdar və hərtərəfli inkişafı uşaq və yeniyetmə yaşlarından başlanır. Böyük nailiyyətlər qazanmaq üçün uşaq və yeniyetmə idmanına diqqət və qayğı göstərilməlidir. Bu idmanının inkişafı bu gün Olimpiya Hərəkatının, dünya idman ictimaiyyətinin diqqətində olan vacib məsələdir. İnsanların mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı üçün uşaq və yeniyetmələrin idmana fəal surətdə cəlb olunması mühüm şərtdir. Ölkəmizdə bu sahə dövlət qayğısı ilə əhatə olunub. Uşaq və gənclərə yaradılan şərait, inşa edilən idman qurğuları məhz gələcəyimiz olan gənc nəslin xoş sabahı üçündür.
Əmək təliminin məktəblərdə tədrisi yer üzərində bütün nemətlərin mənbəyi olan əməyin böyük qüdrətini açıb göstərir, hər hansı bir əməkdə əl ilə ağlın gücü üzvü surətdə birləşir. Hazırda məktəblilərin tədris planlarında fiziki əməyə-məktəb emalatxanasında, məktəbyanı sahələrdə məşğələlərə yer verilir, lakin tədris vaxtının əsas büdcəsini intellektual əmək təşkil edir. Əmək təliminin məktəblərdə tədrisi şagirdlərin müxtəlif bacarıqlara yiyələnməsi, onlarda olan qeyri-adi əl qabiliyyətlərinin üzə çıxarılması və daha da təkmilləşdirilməsi üçün ən yaxşı vasitədir.
Başqa ölkələrdə əmək təliminin adı "əmək texnologiyası” gedir, texnologiyanın da əlifbası rəsmxətdir. Əmək təliminin tədrisi ilə bağlı ibtidai sinif müəllimləri ana dili, riyaziyyat, təbiətşünaslıq dərslərini deyərkən əyani vəsaitsiz bunları tədris edə bilməz, onun əmək vərdişləri, rəssamlıq qabiliyyəti də olmalıdır. Şagirdlərin qabiliyyətinə müvafiq olmayan iş, onların özlərinə inamını azaldır, məqsədyönlülüyünü zəiflədir, əmək fəaliyyətinə biganəlik yaradır. İstər fiziki, istərsə də xidməti əmək sahəsi olsun, hər hansı ictimai əhəmiyyətli peşəyə hörmət əməksevərliklə səciyyələnməlidir.
İslam Əsgəroğlu
banner

Oxşar Xəbərlər