Cəmiyyət və təhsilli qadın
Bu mövzu
bəlkə də yüz dəfələrlə qələmə alınıb. Necə deyərlər, çeynənmiş mövzudur. Lakin
hələ öz aktual həllini tapmadığından, bəlkə də bundan sonra yüz dəfələrlə qələmə
alınacaq. Hər zaman "şüur insanı heyvandan fərqləndirir” deyə, bir fikir işlədirik.
Bəs təhsil? Təhsil də insanları bir-birindən fərqləndirir, xüsusilə qadınları…
Bizim toplumda ailə-məişət qayğılarının geniş yayılması, qızların erkən evləndirilməsi,
təhsildən yayındırılması geniş vüsət aldığından, bu mövzudan yazmaq istədim.
Təhsilli
kişi yalnız savadlı insan, təhsilli qadın isə savadlı bir ailə deməkdir.
Uşaqları böyüdən, yetişdirən, oxudan anadır. Əgər cəmiyyət üçün sağlam övladlar
istəyiriksə, niyə axı oxumaq şansını qadınların əlindən alaq? Erkən yaşda baş
tutan evliliklər bir qadına nə kimi fayda verəcək? Sadəcə bir ifadə deyilir:
"Ağacı yaş ikən əyərlər”. Axı qadın ağac deyil. Onun da oxumaq, təhsil almaq,
karyera qurmaq haqqı var. 16 yaşında evləndirilmiş bir qızdan sağlam dəyərləri
olan ailə gözləyə bilmərik. Heç buna haqqımız belə yoxdur. Özünün doğrularının
və yanlışlarının mahiyyətini anlamadan, həyatın çətinliklərini dərk etmədən, məsuliyyət
hissi duymadan necə ailə qurula bilər? Mirzə Ələkbər Sabir çox gözəl deyib:
"Elm istəyəni ərə, ər istəyəni isə elm dalınca göndərəndə, cəmiyyət
dağılır".
Qadınları
sadəcə, mətbəxlə məhdudlaşdırmaq düzgün deyil. Cəmiyyətdə qadın dedikdə ağıla
yalnız mətbəx, gözəllik salonu, tikiş-naxış və s. bu kimi şeylər gəlir. Lakin
bu stereotipləri qırmağın əsl vaxtıdır. Bu isə ən üst səviyyəyə - uşaqların
böyüdülməsinə gedib çıxır. Oğlan uşağının əzizlənərək, heç bir qadağa görmədən
böyüdülməsi, qız uşağının isə "olmaz"larla yetişdirilməsini görürük.
Qızlar artıq o zaman ilk əzilmələrini yaşayırlar. Daha sonra məktəbdə
oğlanlardan ayrı tutulması, qızlara çürük meyvə kimi baxılmasına gətirib
çıxarır. Kimi özü, kimi ailə basqısı ilə gözü açılmadan evlənir. Halbuki təhsil
görən qadın hüququnu, vəzifəsini və bütün öhdəliklərini şüurlu şəkildə dərk edə
bilir. Hətta yeri gəldikdə tələb edir. Çoxsaylı müşahidələrim də göstərir ki,
bir çox qadın hüququnu bilmədiyi, ən çox da məşğul olub pul qazana biləcəyi bir
peşəsi olmadığı üçün ayrıla bilmir və kişi də bunu bildiyindən, qadını əsirə
çevirir. Xoşbəxt olmayan bir qadın necə xoşbəxt uşaqlar yetişdirə, onlara necə
parlaq gələcək vəd edə bilər?