• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

Cəmil Həsənlinin bu yükü çəkə bilməyəcəyi hamıya məlumdur

26.08.13 17:48 1717
Cəmil Həsənlinin bu yükü çəkə bilməyəcəyi hamıya məlumdur
Millət vəkili Azay Quliyev ölkənin siyasi gündəminə dair Trend-in suallarını cavablandırıb.

- Azay müəllim bildiyimiz kimi artıq 9 oktyabr prezident seçkilərinə start verilib. Seçki prosesinin bu günədək olan mərhələsini necə dəyərləndirirsiz?

- Ölkədə azad, demokratik və şəffaf seçki mühiti var. Artıq 17 namizəd ilkin mərhələni keçərək MSK-dan imza vərəqələrini alıb və onların hər biri bərabərhüquqlu şəkildə imza toplamaq kampaniyasını həyata keçirirlər. Qarşıdakı dövrdə namizədlərin sayının artacağı gözlənilir. Bu isə o deməkdir ki, seçkilərin azad və ədalətli keçirilməsi üçün tələb olunan əsas prinsiplərdən biri, rəqabətlilik prinsipi tam şəkildə təmin olunub. İndi cəmiyyətin ən müxtəlif spektrini təmsil edən nümayəndələr seçki yarışına qoşularaq öz potensialını səfərbər ediblər. Müşahidələr göstərir ki, bu dövrədək olan bütün seçki prosesi qanunvericiliyin tələbinə uyğun şəkildə təşkil edilib. Əminəm ki, bu cür münbit mühit axıra kimi davam edəcək və Azərbaycan 9 oktyabr gününü demokratiyanın növbəti təntənəsi kimi tarixə yazmağı bacaracaqdır.
- Bütün tərəflər ciddi şəkildə seçkiyə hazırlaşdığını bildirir. Bəs əslində tablo necədir? Hakim partiyanın namizədinə qarşı olduğunu bəyan edənlər cəmiyyətdə alternativ kimi qəbul olunurmu?

- Həqiqət ondan ibarətdir ki, onların heç biri hakim partiyanın namizədi cənab İlham Əliyevə ciddi alternativ deyillər. Hörmətli prezidentimiz cənab İlham Əliyevin cəmiyyətdə çox ciddi dəstəyi var, o təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütövlükdə xalqın namizədidir. Bu da təbiidir, çünki cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycan inkişafının intibah dövrünü yaşadı. Bütün sahələr üzrə ölkəmiz rekord göstəricilərə nail oldu, şəhər, rayon və kəndlərin siması büsbütün dəyişdi, gözəlləşdi. Azərbaycan kosmik ölkəyə çevrildi, dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə, valyuta ehtiyatlarının 91 faizinə nəzarəti öz əlində cəmləşdirdi və bütün regional layihələrin əsas müəllifi oldu. Azərbaycan insanının maddi rifah halı xeylı yaxşılaşdı, yoxsulluq 50 faizdən 6 faizə düşdü, siyasi institutlar və vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst fəaliyyəti üçün tam şərait yaradılıdı və onlara dövlət tərəfindən maddi dəstək verildi. O da xüsusi olaraq vurğulanmalıdır ki, cənab İlham Əliyev bir prezident kimi milli maraqların qorunması və strateji qərarların qəbul edilməsi baxımından dəfələrələ tarixin sınağına çəkilsə də, o, bu sınaqlardan özünün uzaqgörən, müdrik və cəsarətli qərarları ilə necə deyərlər, alnı açıq üzü ağ çıxa bildi. Bütün təhdidlərə və hətta yalançı vədlərə baxmayaraq millətin və dövlətin maraqlarını hər şeydən, hətta öz şəxsi təhlükəsizliyindən üstün tutmağı bacardı, onun prezidenti olduğu Azərbaycanla hər kəsin hörmətlə və saygıyla davranmasının vacib olduğunu bütün dünyaya sübut etdi. Deyilənləri əsaslandırmaq üçün təkcə 2009-cu ildə Türkiyə - Ermənistan sərhədlərinin açılması ilə əlaqədar ABŞ və Türkiyə ilə Azərbaycan arasında yaranmış kritik durumu, Qəbələ RLS-in bağlanması və təbii qazın nəqli ilə bağlı qəbul edilmiş strateji qərarları xatırlatmaq kifayətdir. Bütün bunların nəticəsidir ki, bu gün cənab İlham Əliyev xalq tərəfindən birmənalı olaraq dəstəklənir. Bu faktı təkcə yerli siyasi rəyçilər, həmçinin beynəlxalq ekspertlər də qeyd ediblər. Nüfuzlu beynəlxalq təşkilatların keçirtdiyi rəy sorğuları bu həqiqəti dəfələrlə təsdiqləyib.
İndi özünüz düşünün, belə bir yüksək ictimai etimada və beynəlxalq nüfuza malik bir namizədə, ölkənin inkişafını və dövlətin gücünü real olaraq təmin edən cənab İlham Əliyevə qarşı kim ciddi bir alternativ kimi çixiş edə bilər?! Heç kim. Hamımız yaxşı bilirik ki, seçkilərə qoşulmuş bütün digər namizədlər bu reallığı dərk etdikləri üçün prezident olmaq uğrunda deyil, ən yaxşı halda ikincilik uğrunda mübarizə aparırılar.
- Bir neçə ay öncə iddialı bəyanatlar verən Milli Şuranın hazırkı düşdüyü vəziyyəti necə qiymətləndirirsiniz? Yeri gəlmişkən bu günlərdə Rüstəm İbrahimbəyovun namizədliklə bağlı sənədləri MSK-ya təqdim edildi...

- Milli Şuranın düşdüyü bugünkü vəziyyəti bir cümlə ilə qiymətləndirsək deyə bilərik ki, durum çox ümüdsüz və çarəsizdir. Müxtəlif maraqlara malik təşkilatların və ya bir-birini həzm etməyən partiya sədrlərinin yaratdığı birlikdən onsuz da çox böyük gözlənti də yox idi. Maraqlı hal odur ki, onsuzda zəif vəziyyətdə olan Şura düz iki aydır seçkiyə hazırlıq işlərini sürətləndirmək əvəzinə, çox bəsit bir şeylə, nəticəsizliyi əvvəlcədən bəlli olan Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmaq məsələsilə məşğuldur. Ancaq kim nə deyir desin, Rüstəm müəllimin yazdığı bu ssenari çox möhtəşəm alındı və buna görə ona sözün əsl mənasında Oskar mükafatı düşür.
İndi də bilə-bilə ki, konstitusiya Rüstəm İbrahimbəyovun mövcud hüquqi vəziyyətində, yəni ikili vətəndaşlığı olanlara münasibətdə prezidentliyə namizəd olmasına imkan vermir, buna baxmayaraq natamam olan sənədləri MSK-ya təqdim ediblər. Burada məqsəd aydındır. Bəzi beynəlxalq təşkilatlar qarşısında hay-küy yaratmaqla ölkədəki seçki mühitini zədələməyə və Milli Şuranın sədrinə qarşı təzyiqlərin olması haqqında görüntü yaratmağa cəhd edilir. Bu ancaq təəssüf hissi doğurur.
Ümumiyyətlə, bu bir həqiqətdir ki, Milli Şura heç bir sosial bazaya və ciddi ictimai dəstəyə malik deyildir. Bunu avqustun 18-də keçirtdikləri mitinqdə sübut etdi. Birləşmiş müxalifət meydana 2-3 min adam toplaya bilmədilər. Bu sözün əsl mənasında siyasi iflas idi. Yeri gəlmişkən onu da deyim ki, ola bilsin ki, gələcəkdə müxalifət özünün aşkar uğursuzluğunu ört-basdır etmək məqsədilə mitinq üçün ayrılan geniş meydandan imtina edib, şəhər mərkəzində və dar küçələrdə razılaşdırılmamış mitinqlər təşkil etməyə cəhd etsinlər. Mən düşünürəm ki, bu artıq gücsüzlüyün açıq şəkildə etirafı və qanunların bilərəkdən pozulması olacaqdır. Ümid edirəm ki, beynəlxalq təşkilatlar və diplomatik korpuslar, xüsusilə ATƏT-in uzun müddətli müşahidəçilik missiyasını həyata keçirən Demokratik İnstitutlar və İnsan Haqları Bürosu belə cəhdlərə adekvat qiymət verəcəkdir.
- Yeri gəlmişkən Milli Şuranın ehtiyat namizədi kimi Cəmil Həsənlinin namizədliyini necə qiymətləndirirsiniz? Bu qərarın seçkilərin nəticələrinə təsiri ola bilərmi?

- Əlbəttə ki, bu qərarın seçkilərin nəticələrinə heç bir təsiri olmayacaq. Əvvəldə qeyd etdiyim kimi, bu gün iki amil müxalifətin seçkilərdə uğur qazanmaq şansını sıfıra endirir. Birinci və əsas amil müxalifətin cənab İlham Əliyevin simasında xalqın dəstəyini və etimadını qazanmış, zəngin dövlətçilik təcrübəsinə və siyasi xarizmaya malik güclü bir rəqiblə qarşı-qarşıya qalması ilə bağlıdır. İkinci amil isə müxalifətin bir institut olaraq zəif olması, cəlbedici və ağlabatan proqram və platformaya malik olmaması, öz aralarında qarşılıqlı etimadın və inamın yoxluğu və nəhayət xalq tərəfindən dəstəklənməməsidir. Məhz bu iki amil seçkilərin nəticələrini əvvəlcədən proqnozlaşdırmağa imkan verir. Təsadüfi deyil ki, bütün beynəlxalq ekspertlər də hakimiyyətin namizədi ilə müxalifətin istənilən vahid namizədi arasındakı bu fərqi görür və bunu açıq şəkildə qeyd edirlər.
O ki qaldı Cəmil Həsənlinin ehtiyat vahid namizəd kimi seçilməsinə, mən bunu seçkilərdə nəyəsə nail olmaqdan daha çox Milli Şuranın seçkiyə qədər dağılmasının qarşısını almaq cəhdi kimi qiymətləndirirəm. Yəni, yaranmış böhranın qarşısını almaq, süni də olsa birlik nümayiş etdirmək və siyasi gündəmdə qalmaq üçün bəziləri bu taktikaya əl atdılar və bu da yəqin ki, onlar üçün 2013-cü ilin seçkilərində ən böyük təsəlli olacaqdir. Çünki Cəmil Həsənlinin bu yükü çəkə bilməyəcəyi əvvəlcədən hamıya məlumdur.
Digər tərəfdən hesab edirəm ki, Milli Şuranın ehtiyat vahid namizədlə bağlı qəbul etdiyi qərar daha çox iqtidarın işinə yarayır. Belə ki, özlərinin dediyi kimi, müxalifətin geniş birliyinin seçkilərdə iştirakı rəqabətlilik və alternativlik mühitini daha da yaxşılaşdıracaq, bəzi beynəlxalq təşkilatların bu istiqamətdə ola biləcək mümkün tənqidlərini aradan qaldıracaq və ən vacibi isə seçkilərin demokratik, azad və ədalətli keçirilməsinə öz töhvəsini verəcəkdir. Bu isə hamıdan çox Azərbaycan hökumətinə və dövlətinə lazımdır.
banner

Oxşar Xəbərlər